24 Dekabr 2024, Çərşənbə axşamı

Bu gün respublikamızın ümumtəhsil sistemində əsaslı islahatlar aparılır. Ulu öndər Heydər Əliyev ölkəmizin tərəqqisində təhsilin rolunu yüksək qiymətləndirərək bu sahədə əsaslı islahatların keçirilməsinin ilk təşəbbüskarı olub, irəli sürdüyü müddəalarla Azərbaycan təhsilinin inkişaf istiqamətlərini müəyyənləşdirib.
“Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” müstəsna əhəmiyyətə malik tarixi sənəd kimi müasir dövrdə ölkəmizin ümumi təhsil sahəsində dövlət siyasətinin konseptual prinsiplərini və strategiyasını formalaşdırıb. Dövlətin təhsillə bağlı siyasəti, cəmiyyətin ehtiyac və tələbatı, təhsil alanın maraqları nəzərə alınaraq təhsilin məzmunu yenidən qurulur, yeni qiymətləndirmə sistemi tətbiq olunur. Müasir pedaqoji yanaşmalar əsasında aparılan və elmi-nəzəri əsaslara söykənən bu prosesin təməli 1999-cu ildə islahat proqramının qəbul edilməsi ilə qoyulub. Məqsəd Azərbaycanda milli zəminə, bəşəri dəyərlərə söykənən, differensiallaşdırma, fərdləşdirmə və inteqrasiya kimi prinsiplərə üstünlük verən, təhsil alanın bu prosesin əsas subyektinə çevrilməsini özunə əsas vəzifə hesab edən yeni təhsil sisteminin yaradılmasıdır.
Tələbyönümlülük, nəticəyönümlülük, şagirdyönümlülük, şəxsiyyətyönümlülük, inteqrativlik təhsilin müasir məzmununun didaktik əsasını təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu)” bilavasitə həmin prinsipləri özündə əks etdirir.
2009-cu ildə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib və 3 iyun 2010-cu ildə “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” təsdiq edilib.

Bu gün inkişaf etmiş bir sıra ölkələrdə, o cümlədən Avropa məkanında orta məktəb məzunları üçün müəyyənləşdirilən bir sıra əsas bacarıq növləri mövcuddur ki, məktəb, ilk növbədə, onların təmin edilməsində birbaşa cavabdehlik daşıyır. Təhlil və tətbiq etmək, müstəqil qərarlar qəbul etmək, ideyalar irəli sürmək və qoyulan məsələlərə yaradıcı, tənqidi münasibət bəsləmək, icraçılıq, təşkilatçılıq və idarəetmə qabiliyyəti, ünsiyyət mədəniyyəti, tolerantlıq nümayiş etdirmək, müasir texnika və kommunikasiya vasitələri ilə davranmaq, əməkdaşlıq etmək və sair bu kimi keyfiyyətlər şəxsiyyəti şərtləndirən ən vacib bacarıq növləri hesab olunur. Tədris edilən hər bir fənn bu bacarıqların şagirdlərə aşılanması işinə öz töhfəsini verməlidir. Məzmunla bağlı məsələlərə yeni yanaşma həm də onunla şərtlənir ki, bilik vermək hələ son hədd deyil. Bilik o zaman zəruri əhəmiyyət kəsb edir ki, şagird qazandığı biliklər vasitəsilə bacarıq və vərdişlərə yiyələnə bilir, onda bu bilikləri tətbiq­etmə keyfiyyətləri formalaşır. Məlum məsələdir ki, məktəb illərində əxz olunan biliklər şagirdlərin köməyinə gəlmirsə, onların heç bir əhəmiyyəti yoxdur.
Milli kurikulumda ümumi təhsilin məqsədi sənədin birinci bölməsində ümumi təhsilə və ümumi ortatəhsilli şəxsə verilən tələblər şəklində ifadə olunub: ümumi ortatəhsilli şəxs ana dilini dərindən bilən, Vətəninin tarixi və mədəniyyəti haqda ətraflı məlumatlara malik olan, incəsənəti, ədəbiyyatı, elmi nailiyyətləri, insan əməyini, vətəndaşların hüquq və azadlıqlarını dəyərləndirməyi bacaran, demokratik prinsiplərə hörmətlə yanaşan, dövlətçiliyə və dövlət mənafeyinə sadiqlik nümayiş etdirən, müasir texnika və kommunikasiya vasitələrindən səriştə ilə istifadə edən, insanlara, milli adət-ənənələrə, təbiətə, əxlaqi-mənəvi dəyərlərə tolerant, həssas və ədalətli münasibət bəsləyən, təhsillənməyi və məlumatlanmağı bacaran, həyatda müstəqil yaşayıb fəaliyyət göstərə bilən, inkişaf edən, sağlam həyat tərzi qurmaq, müstəqil mövqeli olmaq kimi keyfiyyətlərə yiyələnən, cəmiyyətin tələbatına uyğun olan zəruri bilik, bacarıq və vərdişlər qazanan, ana dili ilə yanaşı xarici dillərin birində və ya bir neçəsində ünsiyyət saxlamağı bacaran şəxsdir.
Ümumi orta təhsilin məqsədi bu tələblərə cavab verən şəxsiyyətlər formalaşdırmaqdır.
2008-2009-cu tədris ilində respublika məktəblərinin I siniflərinə yeni fənn kurikulumları tətbiq olunmağa başlandı. Hal-hazırda yeni dərs üsulu və proqramlarla təhsil alan şagirdlər I-VIII siniflərdə oxuyurlar. Yaxın gələcəkdə – 3 ildən sonra yeni fənn kurikulumlarının bəhrəsi artıq özünü göstərəcəkdir.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda ümumtəhsil səviyyəsində şagirdlərin fikri və intellektual inkişafına, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam həyat tərzinin formalaşmasına, dövlət və cəmiyyət qarşısında hüquq və vəzifələrin müəyyən edilməsinə dair imkanlar müəyyənləşdirilmişdir. Buna uyğun olaraq, müəllimlər dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnməli, təhsil proqramını mənimsəməli, ixtisas və elmi-pedaqoji səviyyələrini yüksəltməlidirlər. Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasını, sistemli bilik, bacarıq və vərdişlərin əldə edilməsini, əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsini təmin etmək məqsədilə “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.4-cü bəndinə əsasən, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində çalışan müəllimlərin attestasiyasının keçirilməsinin təşkili pedaqoji kadrların fəaliyyətinin müasir dövrün tələblərinə uyğun stimullaşdırılması məqsədi daşıyır.
Artıq attestasiya imtahanları başa çatıb. İnanırıq ki, muxtar respublikada çalışan müəllimlər metodika, ixtisas fənləri və informatika üzrə tərtib edilmiş test suallarına yüksək səviyyədə hazırlıqları ilə cavab veriblər.

Fəxrəddin BAĞIROV
Ordubad rayon Aza kənd tam orta məktəbinin müəllimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR