Türkiyə Cümhuriyyətinin Abant İzzət Baysal Universitetinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində Naxçıvan Dövlət Universitetində (NDU) olub.
NDU-nun rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələrindən danışıb. Bu əlaqələrin inkişafında elm və təhsil müəssisələri arasında tərəfdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan rektor qeyd edib ki, bu ali məktəb Türkiyə universitetləri ilə əməkdaşlığa xüsusi önəm verir. Universitet qardaş ölkənin 40-a yaxın ali təhsil ocağı ilə elm, təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlıq edir. Həmçinin universitet Türkiyənin 40 ali məktəbi ilə birgə digər ölkələrin də ali təhsil müəssisələri arasında tələbə və akademik heyətin mübadiləsini həyata keçirmək məqsədi daşıyan Mövlana Mübadilə Proqramının iştirakçısıdır. Tibb fakültəsinin bir neçə tələbəsi artıq bu mübadilə proqramına əsasən, ali təhsillərini Türkiyənin müxtəlif ali təhsil ocaqlarında davam etdirir. Qonaqlardan Əminə Əratay təmsil etdiyi universitet haqqında məlumat verərək qeyd edib ki, mərkəz kampusu Boludan 13 kilometr uzaqlıqda yerləşən Abant İzzət Baysal Universitetində 1000-ə yaxın təhsil işçisi çalışır, 10 fakültə, institut, 5 yüksək məslək məktəbi fəaliyyət göstərir, 20 minə yaxın tələbə təhsil alır. Digər çıxış edənlər Naxçıvan və Naxçıvan Dövlət Universiteti haqqında xoş təəssüratlarını bölüşüblər.
Sonra universitetlə tanışlıq olub. Tədris işləri üzrə prorektor, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid universitetin yaranma tarixi, strukturu haqqında qonaqlara məlumat verərək qeyd edib ki, 10 fakültə və 47 kafedranın, magistratura və xarici tələbələrlə iş üzrə dekanlıqların fəaliyyət göstərdiyi universitetdə hazırda 237 nəfəri xarici ölkə vətəndaşı olmaqla, 5349 nəfər tələbə ali təhsil alır. Qonaqlar müxtəlif fakültələrdə tələbələrlə görüşüb tədris prosesi ilə tanış olublar.
Mehriban SULTAN