Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyi qeyd olunur
Bu ilin aprelində Naxçıvan Musiqi Kollecinin yaradılmasının 40 illiyi tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 29 mart 2015-ci il tarixdə “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Həmin sərəncam Naxçıvan musiqiçilərinin böyük sevincinə səbəb olmaqla onların gələcək fəaliyyətinə böyük qayğının ifadəsidir.
40 il, əslində, təhsil ocağı üçün az müddət deyil. Bir qərinədən artıq zaman kəsiyidir. Və düz 40 ildir ki, burada gənc nəslə musiqi elmi, ifaçılıq sənəti öyrədilir. Bu sənət ocağı ölkəmizdə mədəniyyətin, incəsənətin inkişafının dönüş dövründə, çiçəklənən vaxtında yaradılıb. Daha doğrusu, 1974-cü ildə muxtar respublikamızın təşkil olunmasının 50 illik yubiley tədbirində iştirak etmək üçün Naxçıvana gələn xalqımızın ümummilli lideri Heydər Əliyevin bilavasitə təşəbbüsü, tapşırığı ilə həyata vəsiqə alıb. Naxçıvan Musiqi Kolleci ulu öndərin muxtar respublika sakinlərinə bəxş etdiyi hədiyyələrdən və onun yadigarlarından biridir. 1975-ci il aprel ayının 18-də Naxçıvan Orta İxtisas Musiqi Məktəbi kimi fəaliyyətə başlayan bu sənət ocağının ixtisaslı musiqiçi kadrların hazırlanmasında, xalqımıza məxsus musiqi ənənələrinin yaşadılmasında, mahnılarımızın, eləcə də dünya klassik musiqisinin təbliği və öyrənilməsi sahəsində fəaliyyəti təqdirəlayiqdir. Həmçinin onun fəaliyyəti ilə muxtar respublikamızın uşaq musiqi məktəblərinin ixtisaslı müəllimlərlə təmin olunması problemləri də aradan qalxmağa başlayıb. Ümumiyyətlə, Musiqi Kollecinin Naxçıvanın mədəni həyatının inkişafındakı rolu böyükdür. Kollec olmasaydı, Naxçıvan Dövlət Universitetinin Konservatoriyasını yaratmaq da çətin olardı.
Onu da xüsusilə vurğulamaq lazımdır ki, bu sənət məbədi peşəkar musiqiçilər yetişdirməklə yanaşı, eyni zamanda onlara müstəqil düşüncə tərzi, həyat hadisələrinə zamanın fövqündən baxmaq bacarığı da aşılamaqdadır. Yuxarıda adıçəkilən sərəncamda da qeyd olunduğu kimi: “Ali musiqi məktəbləri üçün fundamental baza rolunu oynayan Naxçıvan Musiqi Kollecinin muxtar respublikada mədəniyyətin inkişafında və orta ixtisaslı musiqiçi kadrların hazırlanmasında rolu böyükdür. Bu təhsil ocağının yalnız musiqiçi kadrlar deyil, həm də hərtərəfli inkişaf etmiş gənc nəslin yetişdirilməsində də xidmətləri vardır”.
Bəli, bu gün bu sənət ocağı 40 illik yubileyini geniş şəkildə qeyd etməyə hazırlaşır. Belə bir ərəfədə kollecin keçdiyi yol haqqında söz açmaq yerinə düşər.
1975-ci ildən Naxçıvan Orta İxtisas Musiqi Məktəbi, 1992-ci ildən Naxçıvan Musiqi Texnikumu, 2005-ci ildən isə Naxçıvan Musiqi Kolleci kimi Naxçıvan musiqi mədəniyyətinə dəyərli töhfələr verən bu təhsil ocağı öz fəaliyyətinə 4 ixtisas üzrə başlayıb. Bu məktəbə “fortepiano”, “xalq çalğı alətləri”, “xalq mahnıları və muğam”, “simli alətlər” ixtisasları üzrə ilk dəfə 31 nəfər tələbə qəbul olunub. Onların təlim-tərbiyəsi ilə 21 nəfər musiqiçi-pedaqoq məşğul olmağa başlayıb.
1977-ci ildə keçirilən ifaçıların I respublika müsabiqəsində 6 tələbə uğurla iştirak edib. İlk nailiyyətlər bu sənət ocağının tanınmasına, buraya maraq və meyillərin artmasına səbəb olub. Ona görə də təkcə Naxçıvan şəhərindən deyil, muxtar respublikanın digər bölgələrindən, ucqar dağ kəndlərindən belə, istedadlı şagirdlər kollecə müraciət etməyə başlayıblar. Sonrakı illərdə muxtar respublikada onlarla uşaq musiqi məktəbinin açılması reallaşıb. Və demək olar ki, bu musiqi məktəblərinin pedaqoji kadrlara olan tələbatı Naxçıvan Musiqi Kollecinin istedadlı musiqiçi kadrları hesabına təmin olunub. Qazanılan uğurlar kollecin bazasının daha da genişlənməsinə şərait yaradıb.
Ötən əsrin 70-80-ci illərində regionumuzda keçirilən festival və müsabiqələrdə, dövlət tədbirlərində kollecin xalq çalğı alətləri orkestri, birləşmiş xoru, xalq çalğı alətləri üçlüyü, vokal qrupu Azərbaycan, eləcə də dünya bəstəkarlarının əsərlərini, xalq musiqi nümunələrini geniş konsert salonlarında sənət korifeyləri qarşısında ifa ediblər. Hələ o zaman “Nəqşi-cahan” (rəhbəri Arif Quliyev) və “Əcəmi naxışları” (rəhbəri Əkrəm Məmmədov) ansamblları Azərbaycan miqyasında tanınıb.
Diyarımızda fəaliyyət göstərən bütün təhsil müəssisələri kimi, Musiqi Kolleci də sürətli inkişaf yoluna 1995-ci ildən sonra çıxıb; uğurları, nailiyyətləri indi daha çoxdur. Belə uğurlardan biri 1999-cu ilin payız günlərinin birində olub. Muxtar respublikanın 75 illik yubiley tədbirlərində bu kollektivin üzvləri də uğurla çıxış ediblər. Bu çıxışlarına görə yubiley şənliklərində iştirak edən ümummilli liderimiz kollecin xor qrupunun çıxışını dinlədikdən sonra kollektivin adını xüsusilə çəkərək xoş sözlər söyləyib. Elə sonrakı illərdə də uğur uğuru, nailiyyət nailiyyəti gətirib. Kollec 2000 və 2004-cü illərdə keçirilən VIII və IX respublika müsabiqələrində Naxçıvanı yüksək səviyyədə təmsil edib.
Naxçıvan Musiqi Kolleci Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin daim diqqət və qayğısı əhatəsində olub. Ali Məclis Sədrinin “Naxçıvan Musiqi Texnikumunun 30 illik yubileyinin keçirilməsi haqqında” 2005-ci il 3 yanvar tarixli Sərəncamına uyğun olaraq, yubileylə bağlı muxtar respublikamızda geniş tədbirlər həyata keçirilib, kollecin binası təmir edilərək 2006-cı ilin yanvar ayında istifadəyə verilib.
Kollec daim yeniləşir, burada yeni ixtisaslar açılır. 1995-ci ildə kollecdə cəmi 6 ixtisas fəaliyyət göstərirdisə, 2005-ci ildə 8, 2014-cü ildə isə bu rəqəm 11-ə çatdırılıb. Eyni zamanda müəllim və tələbə sayında da dəyişiklik olub. Bu gün Musiqi Kollecində 552 tələbə təhsil alır. Onların təlim-tərbiyəsi ilə 152 ştat üzrə, 30 saathesabı müəllim və konsertmeyster məşğul olur. Kollecdə xalq çalğı alətləri, simfonik, nəfəs alətləri, estrada orkestrləri, qədim musiqi alətləri “Dilrüba” muğam, “Gənclik” instrumental ansamblları, xor kollektivi, “Naxçıvanqala” ritm qrupu, sazçalanlar ansamblı və yallı qrupu fəaliyyət göstərir.
2001-ci ildən kollecdə “fortepiano”, “xalq çalğı alətləri”, “musiqi nəzəriyyəsi” ixtisasları üzrə qiyabi şöbə fəaliyyətə başlayıb.
Kollecin maddi-texniki bazası daim möhkəmləndirilir. Təhsil ocağına 15 ədəd müasir kompüter dəsti və 5 ədəd elektron lövhə verilib. Hazırda burada 18 ədəd kompüter var ki, bu da tələbə və müəllimlərin yeni texnologiyalardan istifadə etməklə bilik və bacarığının artırılmasına imkan verir. Kollecin ayrı-ayrı sinif otaqlarında quraşdırılan elektron lövhələr tələbələrin tədris olunan mövzularla əyani surətdə tanış olmalarına, Azərbaycan xalqının musiqi tarixini, milli-mədəni dəyərlərini öyrənməyə, informasiya-kommunikasiya texnologiyalarını mənimsəməyə şərait yaradıb.
Burada açıq dərslərin keçilməsi, yeni təlim üsullarına geniş yer verilməsi diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” 14 mart 2015-ci il tarixli Sərəncamına əsasən, Naxçıvan Musiqi Kollecindən 17 nəfər alitəhsilli və elmi dərəcəsi olan müəllimlərin muxtar respublikanın ümumtəhsil məktəblərində ayda bir dəfə nümunəvi dərslərinin təşkili nəzərdə tutulub. Bu ilin mart ayında kollecin müəllimlərindən 8 nəfəri muxtar respublikanın 6 ümumtəhsil məktəbində nümunəvi dərs keçib.
Bu gün kollecdə oxuyan tələbələrin təlim-tərbiyəsi ilə məşğul olan müəllimlərin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Son 20 ildə müəllimlərdən 17 nəfəri Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülüb. Fəxri adlara layiq görülmüş müəllimlərdən 6 nəfəri Naxçıvan Musiqi Kollecinin məzunu olub.
Zaman keçdikcə Naxçıvan Musiqi Kollecinin uğurları da artır. Bu uğurların təməlində təhsil ocağına yaradılan şərait dayanır. Burada oxuyan tələbələr və dərs deyən müəllimlər unutmurlar ki, onlar qədim musiqi sənətimizin gələcəyə ötürücüləridir. Bu vəzifəni ləyaqətlə yerinə yetirməyə çalışan və ulu öndərin yadigarı olan bu kollec artıq özünü təsdiq etdirmiş sənət ocağıdır. Tam əminik ki, gələcəkdə Azərbaycan peşəkar musiqi sənətinin inkişafından söhbət açanda bir ünvanın da adı qürurla səslənəcək: Naxçıvan Musiqi Kolleci.
40 yaşın mübarək!
Sara Əzimova