Babək Rayon Mədəniyyət Evində görkəmli elm xadimi Əziz Şərifin 120 illik yubileyi münasibətilə konfrans keçirilib.
Konfransı giriş sözü ilə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ceyhun Fərəcov açıb.
Tədbirdə muxtar respublika Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodik Mərkəzinin şöbə müdiri Fərzalı Səfərovun, Cəlil Məmmədquluzadənin Nehrəm kəndindəki xatirə muzeyinin direktoru Akif Hacıyevin, Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fatma Bağırovanın, rayon Uşaq musiqi məktəbinin müəllimi Vəfa Əsgərovanın çıxışları olub.
Çıxışlarda qeyd edilib ki, maraqlı həyat və zəngin yaradıcılıq yolu keçən Əziz Şərif ədəbi tənqid və ədəbiyyatşünaslıq sahəsində səmərəli fəaliyyət göstərib, XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının az tədqiq olunan ədəbi şəxsiyyətləri haqqında qiymətli əsərlər yazıb. Çoxlu məqalələrin, elmi əsərlərin, tənqidi-bioqrafik oçerk və monoqrafiyaların müəllifi olan Əziz Şərifin elmi fəaliyyəti və axtarışları nəticəsində Azərbaycanın görkəmli yazıçılarının bir sıra əsərləri, XIX-XX əsrlərə dair çoxsaylı məktublar, sənəd və fotoşəkillər, qiymətli əlyazma materialları aşkarlanaraq elmi və ədəbi mühitə təqdim edilib.
Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı olan Əziz Şərif bədii tərcümə və publisistika sahəsində də səmərəli fəaliyyət göstərib, Azərbaycan klassik yazıçı və mütəfəkkirlərinin əsərlərini rus dilinə tərcümə edib.
XX əsrdə elmi-ədəbi fikrin inkişafında böyük xidmətləri olan Əziz Şərif “Molla Nəsrəddin” məktəbindən aldığı ideyaları ədəbiyyatda, elmdə və ictimai mühitdə gerçəkləşdirməklə Azərbaycan ədəbiyyatşünaslığının möhkəm bünövrəsini yaradıb. O, xalqımızın milli-mədəni irsinin fədakar təbliğatçısı olub, pedaqoq və elm xadimi kimi şöhrət qazanıb.
Xəbərlər şöbəsi