24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbin təşkilatçılığı ilə “Ümumtəhsil məktəblərində təfəkküryönümlü kurikulumların tətbiqi yolları” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə Heydər Əliyev adına tam orta məktəbin direktoru Namiq Məmmədov açaraq bildirib ki, yeni təhsil islahatının məktəblərdə həyata keçirilməsi ilə əlaqədar olaraq qarşıya çıxan problemlərin aradan qaldırılması ilə bağlı məktəbimizlə Naxçıvan Müəllimlər İnstitutu birlikdə müxtəlif mövzularda elmi-praktik konfranslar keçirir. Bu konfranslar müzakirə formasında təşkil olunur ki, həmin müzakirələrdə ümumtəhsil məktəblərinin müəllimləri yeni tədris üsul və metodları haqqında məlumatlar əldə edirlər.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli “Təfəkküryönümlü kurikulumların mahiyyəti” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, təhsil sahəsində kurikulum islahatının həyata keçirildiyi bir dövrdə müəllimlərin qarşısında duran əsas vəzifə milli-mənəvi və ümumbəşəri dəyərlərə malik, geniş dünyagörüşlü, təşəbbüskar və yenilikləri qiymətləndirməyi bacaran şəxsiyyət formalaşdırmaqdır. Cəmiyyətin və dövlətin inkişafını təmin edən sistemləşdirilmiş bilik, bacarıq və dəyərlərin mənimsənilməsi şagirdlərimizi gələcək həyata və səmərəli fəaliyyətə hazırlamağa xidmət edir.

Alim vurğulayıb ki, şagirdlərin şəxsiyyət kimi inkişafında təfəkkürün formalaşdırılması çox mühüm amildir. Bu mənada şəxsiyyətin formalaşmasında yaradıcı, məntiqi və tənqidi təfəkkürün inkişafı xüsusi rol oynayır.
Bildirilib ki, artıq təhsilimiz hafizə məktəbindən təfəkkür məktəbinə qədəm qoyub. Müəllimlər unutmamalıdırlar ki, şagirdin necə düşünməsi, hansı təfəkkür tərzinə malik olması onun gələcəyini, taleyini həll edən əsas amil rolunu oynayacaqdır. Dünya təcrübəsində şagirdlərin təfəkkür imkanlarının, idrak qabiliyyətlərinin, meyil və maraqlarının aşkar edilməsində xüsusi psixometrik, diaqnostik testlərdən, psixoloji metodikalardan geniş istifadə olunur. Bu baxımdan təlim və tərbiyənin hər bir şagirdin intellektual və ümumilikdə, şəxsi inkişafına uyğun təşkili üçün maksimum şərait yaradılmasında psixoloji xidmətin, bu xidməti bila­vasitə həyata keçirən praktik psixoloqların rolunun və əhəmiyyətinin dərk edilməsi, onların pedaqoji prosesin bütün sahələrinə dərindən nüfuz etmələri yeni pedaqoji təfəkkürün təzahürü kimi qiymətləndirilməlidir.
Sonra Heydər Əliyev adına tam orta məktəbin müəllimi İradə Zeynalova “Təfəkküryönümlü kurikulumların tətbiqi təcrübəsindən” mövzusunda çıxış edib, müəllimlərin sualları cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR