Dünən “Naxçıvan” Universitetində tədris prosesində yeni təlim texnologiyalarından istifadə imkanlarına həsr olunmuş konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, professor İsmayıl Əliyev pedaqogika elminin cəmiyyətin inkişafındakı rolundan bəhs edib, müasir dövrdə pedaqogika elmi qarşısında duran vəzifələrdən, onların icrası istiqamətində yeni texnologiyaların əhəmiyyətindən danışıb. Rektor bildirib ki, tədris prosesinin düzgün qurulması, bu sahədə təlim texnologiyalarının mənimsənilməsi, onların tətbiq olunması günün tələbi kimi təhsil sisteminin qarşısında duran vəzifələrdəndir. Bildirilib ki, bu məsələlərin tədqiq olunmasına müəllimlərlə yanaşı, tələbələrin də cəlb edilməsi müasir dövrün reallıqları baxımından maraq doğurur.
Konfransda “Təlim prosesində informasiya və kommunikasiya texnologiyalarından istifadənin əhəmiyyəti” mövzusunda çıxış edən Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Nəzakət Yusifova dünya təhsil sisteminə inteqrasiya olunduğumuz bir dövrdə təlim prosesində yeni texnologiyalardan istifadə, onun psixoloji cəhətləri haqqında məlumat verib. Qeyd olunub ki, müasir dövrdə texnologiyaya bir tədris aləti, bilik əldə olunması üsulu kimi yanaşılması şagird və tələbələrin müstəqil düşünmək və mühakimə yürütmək qabiliyyətinin artırılmasına imkan yaradır.
“İnteraktiv təlim metodlarından istifadə və yeni pedaqoji texnologiyaların hazırlanması yolları” mövzusunda çıxış edən Pedaqogika və psixologiya kafedrasının müəllimi Nazlı Abbasova şagirdlərin tədris prosesində əldə etdikləri biliklərin yoxlanılmasında, interaktivliyin təmin olunması ilə qarşılıqlı əməkdaşlıq praktikasından istifadədə yeni texnologiyalardan istifadənin əhəmiyyətindən danışıb.
Konfransda universitetin “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası üzrə III kurs tələbələrindən Gültac Tahirlinin “Yeni pedaqoji texnologiyalardan yaradıcı istifadənin təlimin keyfiyyət göstəricilərinin yüksəldilməsinə təsiri”, Zəriş Quliyevanın “Tədrisdə yeni pedaqoji texnologiyaların tətbiqi”, Nərmin Mərdanlının “Müasir təlim metodları və yeni pedaqoji texnologiyalar”, Şahnaz Seyidovanın “Ümumtəhsil məktəblərində İKT-nin rolu” mövzularındakı çıxışları maraqla qarşılanıb.
Əli Cabbarov