Təhsili inkişaf etmiş cəmiyyət bütün sahələrdə yüksək nəticə qazana bilər. Muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərindən təhsil sahəsinə də xeyli pay düşüb. Yenidən qurulan və ya inşa edilən təhsil obyektləri inkişaf etmiş ölkələrin qabaqcıl təhsil müəssisələri ilə müqayisə edilə biləcək səviyyədədir.
Əlbəttə, bütün bunlar savadlı, bacarıqlı, peşəkar gənclər yetişdirmək məqsədi daşıyır. Naxçıvanda fəaliyyət göstərən ali təhsil ocaqlarında yaradılan şəraitin nəticəsidir ki, muxtar respublikamızın abituriyentlərinin əksəriyyəti buradakı institut və universitetlərdə təhsil almağa üstünlük verir. Onu da qeyd edək ki, təhsil almaq üçün Naxçıvandakı ali məktəbləri seçən Azərbaycanın regionlarından və digər dövlətlərdən olan gənclərin də sayı az deyil.
“Naxçıvan” Universitetində də ölkəmizin digər regionlarından bu ali təhsil müəssisəsini seçən gənclər çoxdur. Universitetin tərbiyə işləri üzrə prorektoru Əli Yusifov belə tələbələrin sayının ilbəil artdığını, yeni ixtisasların tədrisinə başlanıldığını bildirdi. Həmin tələbələrlə görüşüb həmsöhbət olduq. Muxtar respublika ilə bağlı təəssüratlarını bizimlə bölüşən tələbələr təhsilin səviyyəsindən məmnunluqlarını ifadə etdilər.
Masallı rayonunun Ərkivan kəndindən Rifaq Əhədov 2011-ci ildə “Naxçıvan” Universitetinin “tarix” ixtisasına qəbul olunub. Həmin vaxta qədər Naxçıvan haqda yalnız internet vasitəsilə məlumat əldə edən Rifaq artıq muxtar respublikamız barədə ətraflı bilgiyə malikdir.
O, qısa müddət ərzində universitetin fəal tələbəsi kimi tanınıb. İxtisası ilə əlaqəli ziyarət etdiyi tarixi-memarlıq abidələrinin möhtəşəmliyindən, təhsilə göstərilən xüsusi diqqətdən ağızdolusu danışan bu gənc hətta burda qalıb yaşamağı da düşünür.
“Naxçıvan” Universitetində təhsil alan digər həmsöhbətimiz Balakən şəhərindən Zaira Zaranovadır. Universitetin “Azərbaycan dili və ədəbiyyat” ixtisasının birinci kursunda təhsil alan Zaira orta məktəbdə oxuyarkən muxtar respublika barədə heç bir məlumatının olmadığını bildirdi. Dedi ki, qəbul imtahanları ərəfəsində ali məktəblərin internet saytlarından məlumat əldə etdim. Naxçıvanda təhsil alan qohumlarımız bura barədə xoş sözlər dediklərindən muxtar respublikadakı ali məktəblərlə maraqlandım. Naxçıvanda təhsil alanlar həmişə deyirdilər ki, orada yüksək təhsil, ciddi nizam-intizam var. Odur ki, “Naxçıvan” Universitetində oxumağa qərar verdim. Naxçıvandakı tədris prosesini, istiqanlı, mehriban insanları gördükdən sonra buranı seçməkdə haqlı olduğumu gördüm. Muxtar respublikadakı sabitlikdən də söz açan Zaira təhlükəsiz həyat üçün ən ideal məkanın məhz Naxçıvan olduğunu vurğulayır. Burada kirayə tutduqları evdə qaldığını, qiymətlərin ucuz olmasının ailəsini maddi çətinliyə salmadığını deyir.
Naxçıvan Dövlət Universitetində isə Azərbaycanın başqa rayonları ilə yanaşı, 350 nəfər xarici vətəndaş ali təhsil alır. Universitetdə Türkiyə, İran, İraq, Pakistan, Cənubi Koreya, Nigeriya, Banqladeş, Gürcüstan, Polşa, Sloveniya, Almaniya, Rusiya və başqa ölkələrdən olan tələbələr müxtəlif ixtisaslar üzrə təhsillərini davam etdirirlər. Müxtəlif ixtisaslarda, müxtəlif kurslarda təhsil alan xarici tələbələrlə görüşmək, onlardan Naxçıvan haqqında təəssüratlarını eşitmək üçün üz tutdum Naxçıvan Dövlət Universitetinə.
İlk həmsöhbətim Cənubi Koreya vətəndaşı Li Jin Yonq oldu. Universitet müəllimləri onu Çinarə adı ilə çağırırlar. İki ölkə arasında məsafənin uzaqlığını nəzərə alsaq, hamımıza maraqlı gəlir ki, Naxçıvanı necə olub tanıyıb, bu qədim yurd yeri haqqında təəssüratları necədir? Müsahibim hər şeyə aydınlıq gətirir. Azərbaycan dilində sərbəst danışan bu qızın ixtisası da “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”dir. Üçüncü kursda təhsil alır və Naxçıvanı xalası qızı vasitəsilə tanıyıb. Li Jin Yonqun xalası qızı da Naxçıvanda oxuyur, buraya gəlməyi ona o tövsiyə edib. Bakalavr təhsil pilləsini bitirdikdən sonra magistratura təhsilini də burada almağı düşünən cənubi koreyalı tələbə Naxçıvanın hər yerini gəzib və Batabatdan xüsusi xoşu gəlib. O, Naxçıvanda qədim təhsil ənənələrinin onda xoş təəssürat yaratdığını, muxtar respublikamızın insanlarının qonaqpərvərliyindən məmnun olduğunu bildirdi.
Həkim olmağı qarşısına məqsəd qoyan Nigeriya vətəndaşı Samson Joe Odigie məqsədini reallaşdırmaq üçün internetdən təhsil müəssisəsi axtarışına çıxır və Azərbaycan Tibb Universitetində təhsil almağı qərara alır. Azərbaycanda təhsil alan dostu Con Naxçıvan Dövlət Universitetində verilən təhsilin keyfiyyətindən və göstərilən qayğının yüksək olmasından bəhs edir. Bundan sonra Samson qərarını qətiləşdirir və Naxçıvan Dövlət Universitetini seçir.
Muxtar respublikamızın, demək olar ki, hər bölgəsini gəzmiş Samson Azərbaycan dilini yaxşı mənimsəyib, Azərbaycan xalq mahnılarını xoşlayır, tədbirlərdə bu mahnıları ifa etməyə çalışır.
Tobraiz Hussain isə Pakistan vətəndaşıdır. O, Naxçıvan Dövlət Universitetində “iqtisadiyyat” ixtisası üzrə hazırlıq kursu keçir. Ölkəmizin müstəqilliyini tanıyan ikinci dövlət, düşmənlərimizə qarşı daim yanımızda olan dost ölkə Pakistan vətəndaşı Tobraiz Azərbaycanı, xüsusilə qədim Naxçıvanı çox sevdiyini deyir.
Muxtar respublikamızda həyata keçirilən yaşıllaşdırma tədbirlərindən məmnunluqla danışan Tobraiz iməciliklərdə iştirak etməyi faydalı və vacib iş sayır. Onu burada ən çox heyrətləndirən “Qurani-Kərim”də adıçəkilən Əshabi-Kəhf ziyarətgahı olub.
Sonda onu qeyd etmək istəyirəm ki, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən gələn tələbələr muxtar respublikamızın inkişafını maraqla izləyirlər və əlbəttə ki, bu inkişafdan onlara da xeyli pay düşür. Bu isə o deməkdir ki, sürətlə inkişaf edən Naxçıvan diyarı öz mədəniyyəti ilə yanaşı, yetişdirdiyi gənc kadrlarla da dünyaya töhfələrini verməkdədir.
Arzu Abdullayev