Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində həyata keçirilən “Davamlı turizmin idarə olunması sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması” layihəsinin rəhbərləri Naxçıvan Dövlət Universitetində olublar.
Layihənin meneceri, Almaniyanın Yade Tətbiqi Elmlər Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Gila Altmann, layihənin rəhbər komitəsinin üzvü, birinci işçi qrupunun rəhbəri, Almaniyanın Vorms Tətbiqi Elmlər Universitetinin vitse-prezidenti, professor Knut Scherhag universitet kampusunu gəzərək tədris prosesi, maddi-texniki baza ilə tanış olublar. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqlara universitet barədə məlumat verib. Qeyd olunub ki, universitetin bütün binaları arasında fiber-optik kabellə şəbəkə qurulub, 108 hektarlıq kampusda simsiz internet şəbəkəsi yaradılıb. Virtual əməkdaşlığın genişləndirilməsi, beynəlxalq videokonfransların təşkili üçün senat otağında polikam kamera, 21 nəfərlik mikrofon, 3 elektron monitor və 1 elektron kürsü quraşdırılıb.
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzində quraşdırılan server avadanlıqları, elektron mühafizə sistemi, elektron test imtahanlarının gedişinin kameralar vasitəsilə müşahidə olunması almaniyalı qonaqlarda maraq doğurub. Media Mərkəzində isə bildirilib ki, “Universitet” televiziyası və “Nuhçıxan” radiosu Naxçıvan şəhərində rəqəmsal formatda yayımlanır.
Rektor vurğulayıb ki, müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinə inteqrasiya və ümumavropa ali təhsil məkanının formalaşdırılması baxımından Avropa təhsil prosesini özündə əks etdirən TEMPUS proqramı xüsusi əhəmiyyət kəsb edir. Naxçıvan Dövlət Universiteti TEMPUS proqramı çərçivəsində 5 layihənin iştirakçısıdır.
Sonra 2012-ci ildən icrasına başlanılan “Davamlı turizmin idarə olunması sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması” layihəsi ilə bağlı məsələlər barədə söhbət aparılıb. Qeyd edilib ki, 30 universitetin təmsil olunduğu layihənin əsas məqsədi davamlı turizmin idarə olunması üzrə kurikulumların müasirləşdirilməsi və davamlılıq prinsipləri haqqında birgə anlayışı inkişaf etdirməkdir. Layihənin Naxçıvan üzrə koordinatoru, universitetin Beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov bu istiqamətdə bir sıra işlər görüldüyünü bildirib.
Müzakirə zamanı layihənin müddətinin bir il daha uzadılması, layihə çərçivəsində universitetdə turizm mərkəzinin yaradılması, onlayn treninqlərin keçilməsi və eləcə də xarici mütəxəssislərin treninq keçməyə dəvət edilməsi, layihə bitdikdən sonra da universitetlərarası əməkdaşlığın davam etdirilməsi ilə bağlı məsələlərdən bəhs olunub.
Gila Altmann universitet haqqında onda zəngin təəssüratlar yarandığını söyləyib. Bildirib ki, çox zəngin və qədim tarixə malik Naxçıvanda turizm növlərinin inkişafı üçün geniş potensial, əlverişli şərait vardır. Adıçəkilən layihə də məhz buna xidmət edəcək.
Xəbərlər şöbəsi