Mart ayının 15-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2015-2016-cı tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirib. Naxçıvan şəhərində Naxçıvan Dövlət Universitetində keçirilən imtahanda 35 namizəd iştirak edib.
Birinci mərhələdə namizədlərə baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq, qəbul proqramı əsasında baza fənləri üzrə 100 test tapşırığı təqdim olunub. İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılıb.
Rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsi iyulun 7-də keçiriləcək və ikinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılacaqlar.
Qeyd edək ki, hər bir test tapşırığının düzgün cavabı 1 (bir) balla qiymətləndirilir və səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.
Xəbərlər şöbəsi