24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetində (NDU) “Müasir arıçılığın problemləri və inkişaf xüsusiyyətləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə ali məktəbin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin foyesində universitet əməkdaşlarının arıçılıq sahəsinə aid kitablarından ibarət sərgiyə baxıblar.

NDU-nun müəllim və tələbələri ilə yanaşı, ölkəmizin bir sıra ali təhsil ocaqlarının, həmçinin Türkiyənin Qars Qafqaz, Qara Dəniz Texniki universitetlərindən dəvət olunmuş mütəxəssis alimlərin, Zonquldaq, Qars, Ərdahan, Artvin Arıçılar birliklərinin əməkdaşlarının, muxtar respublikanın aidiyyəti qurumlarının, arıçı sahibkarların iştirak etdiyi beynəlxalq elmi-praktik konfransı giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb. Rektor Azərbaycanda qədim tarixə malik arıçılığın X-XII əsrlərdə daha da inkişaf etdiyini, halallıq və zəhmətsevən əsas aqrar sahələrdən biri olduğunu bildirib. Qeyd olunub ki, regionda kənd təsərrüfatının digər sahələri kimi, arıçılığın da inkişafına dövlətimiz tərəfindən yüksək qayğı göstərilir. Bu sahə ilə məşğul olan sahibkarlara dövlət tərəfindən güzəştli kreditlər verilir, arıçılıq məhsullarının idxal və ixracına əlverişli şərait yaradılır. Sonra rektor Saleh Məhərrəmovun “Miqrasiyanın arıların parazitofaunasına təsiri” mövzusunda məruzəsi dinlənilib.

Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı naziri Elşad Əliyev muxtar respublikada arıçılığın inkişafından danışıb. Nazir bildirib ki, Naxçıvanda arı ailələrinin artırılması, eləcə də məhsuldarlığın yüksəldilməsi üçün davamlı tədbirlər görülür. Bu sahənin inkişaf etdirilməsi üçün 2014-cü ildə banklar tərəfindən arıçılıqla məşğul olan sahibkarlara 534 min manat həcmində kreditlər verilib. Bütövlükdə, 2000-2014-cü illər ərzində dövlətin maliyyə dəstəyi ilə 103 arıçılıq layihəsi həyata keçirilib, Sahibkarlığa Kömək Fondunun güzəştli kreditləri hesabına 6000-dən çox arı ailəsi alınıb. Kənd Təsərrüfatı nazirinin sözlərinə görə, göstərilən dövlət qayğısı hesabına 1 yanvar 2015-ci il tarixə arı ailələrinin sayı 69 min 432-yə çatdırılaraq bir il öncəki göstəricini 1,1 faiz üstələyib.
Trabzon Qaradəniz Texniki Universitetinin professoru Sevgi Kolaylı “Arı məhsullarından gələn sağlamlıq” mövzusundakı məruzəsində Türkiyədə arıçılığın inkişafı, geniş yayılmış arı cinsləri, iqtisadi göstəricilər barədə slaydlar şəklində ətraflı məlumat verib.
Azərbaycan Arıçılar Birliyinin sədr müavini Elxan Ələkbərov “Azərbaycanda arıçılığın mövcud vəziyyəti” mövzusundakı məruzəsində arıçılığın gəlirli sahəyə çevrilməsi üçün arı ailələrinin bəslənməsi, çoxaldılması, məhsuldarlığının artırılması məqsədilə arı xəstəliklərinin vaxtında aşkarlanması, yaranma səbəblərinin aydınlaşdırılması və onlara qarşı görülməsivacib mübarizə tədbirlərindən bəhs edib, bu sahədə mövcud bəzi problemlərdən danışıb.
Sonra elmi-praktik konfrans öz işini “Müasir metodlarla arıçılıq məhsullarının istehsalı”, “Arıçılığın yetişdirilmə istiqamətində inkişafı və yem bazası”, “Arı xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri” mövzularında keçirilən bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarının sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, konfrans iştirakçıları universitetin kampusunu gəzib, tədris korpusları və muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri ilə tanış olublar.
Aprel ayının 25-də isə konfrans iştirakçıları Naxçıvandakı nümunəvi arıçılıq təsərrüfatları ilə, həmçinin Şahbuz şəhərindəki “Şah-bal” Məhdud Məsuliyyətli Cəmiyyətində arıçılıq məhsullarının emalı prosesi ilə tanış olacaqlar.

Mina QASIMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR