24 Dekabr 2024, Çərşənbə axşamı

Aprelin 26-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı, Naxçıvan və Gəncə şəhərlərində 2015-2016-cı tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistratura təhsil pilləsinə qəbul imtahanının ikinci mərhələsini keçirib.
Naxçıvan Dövlət Universitetində keçirilən imtahana TQDK-nın Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin nəzarətçi bazasından olan müəllimlər cəlb edilmişdilər. 205 bakalavriatın iştirak etdiyi imtahan saat 1300-də başladı.
İmtahan başlamazdan əvvəl bakalavriatlarla görüşüb həmsöhbət olduq. Ramazan Abdullayev Naxçıvan Dövlət Universitetində “hüquqşünaslıq” ixtisası üzrə təhsil alıb. O dedi:
– Babək rayon Yarımca kənd tam orta məktəbini bitirmişəm. Ali məktəbə qəbul imtahanlarında 675 bal toplayaraq Prezident təqaüdünə layiq görülmüşəm. Arzularımdan biri də magistratura təhsili almaqdır. Birinci turda 80 bal topladım. İndi isə ikinci turda iştirak edəcəyəm.
Ordubad rayonunun Nürgüt kəndindən olan Nuranə Haqverdiyeva “Naxçıvan” Universitetinin “in­gi­lis dili” ixtisasını bitirib. Onun ­dediklərindən:
– Mən ikinci dəfədir ki, ali təhsil müəssisələrinin magistratura təhsil pilləsinə qəbul imtahanında iştirak edirəm. Ötən il keçid balını toplaya bilməmişdim. Amma buna baxmayaraq, ruhdan düşmədim. Bu il daha ciddi hazırlaşdım. Bu dəfə özümə çox güvənirəm.

İmtahan başa çatdıqdan sonra TQDK-nın Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin rəhbəri Sabir Məmməd­ov bakalavriatların öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün ayrılan 1 saat 30 dəqiqə ərzində heç bir qayda pozuntusuna yol verilmədiyini qeyd etdi. Bildirdi ki, imtahanda bakalavriatlara seçdikləri pro­qram üzrə 5-i açıq olmaqla, 50 test tapşırığı təqdim olunmuşdu (bəzi proqramlar üzrə isə bakalavriatlar yazılı imtahan veriblər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar isə düzgün cavabların nəticəsinə təsir göstərmir.
İmtahandan yenicə çıxmış bakalavriat Araz Həsənzadəyə yaxınlaşırıq. Öyrənirik ki, Şərur rayonunun Alışar kəndindən olan Araz Həsənzadə Azərbaycan Texniki Universitetini bitirib. Birinci turda 48 bal toplayan Araz bildirdi ki, sualların cavablandırılmasında çətinlik çəkməyib və suallara doğru cavab verdiyinə əmindir. Elə həmin universitetin məzunlarından olan və Naxçıvan Muxtar Respublikasında təhsilini davam etdirmək istəyən Samirə Tarverdiyeva dedi ki, imtahanda sakitlik tam təmin edilmişdi. Suallar o qədər də çətin deyildi.
Məlumat üçün bildirək ki, qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə, müsabiqə şərtlərini ödəyən bakalavriatların proqram seçimi 2015-ci il aprelin 1-dən 10-dək aparılıb və bu hüquqa malik olan bakalavriatlardan 10170 nəfəri qəbul proqramını seçərək təsdiqləyib. Bakalavriatların 4337 nəfərini oğlanlar, 5833 nəfərini isə qızlar təşkil edir. 5766 nəfər ali təhsil müəssisələrinin builki, 4404 nəfər əvvəlki illərin məzunudur. 30 bakalavriat xarici ölkə vətəndaşıdır. Bakalavriatlardan 9052 nəfəri Bakı şəhərindən, 205 nəfəri Naxçıvan şəhərindən, 913 nəfəri isə Gəncə şəhərindəndir.
Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavriatlar 2015-ci il mayın 7-dən 12-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə ­yetirəcəklər.
Qeyd edək ki, həmin gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirib. Naxçıvan şəhərindən 26 abituriyent imtahanda iştirak edib.

 Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR