Muxtar respublikada təhsilə qayğı öz bəhrələrini verir
20 ilə yaxındır ki, muxtar respublikada əsas istiqamət götürülən sahələrdən biri təhsildir. 19 il bundan əvvəl muxtar respublikada müasir tələblərə cavab verən məktəb binaları barmaqla sayılacaq qədər az idi. İndi isə təkcə Naxçıvan şəhərində deyil, ən ucqar dağ kəndlərində belə, ən müasir məktəb binaları tikilir, onların maddi-texniki bazaları gücləndirilir, yeni informasiya texnologiyalarının tətbiqi diqqət mərkəzində saxlanılır. Məktəblilər pulsuz dərsliklərlə təmin olunurlar; tədris ocaqlarında fəaliyyət göstərən kitabxanalar da eləcə. Təkcə bir faktı qeyd edək ki, son 10 ildə muxtar respublikada 160-dək məktəb binası tikilərək və ya əsaslı təmir edilərək istifadəyə verilib. Ümumtəhsil məktəblərinə 3700 kompüter dəsti verilib, hər 12 şagird bir kompüterlə təmin olunub. Təhsil müəssisələrindəki kompüterlərin 84 faizi internetə qoşulub, təhsil ocaqlarında 600-ə yaxın elektron lövhə quraşdırılıb. Bütün bunların nəticəsidir ki, təhsildə keyfiyyət göstəricisi ilbəil artır. Əgər 2013-cü ildə tələbə adını qazananların 312-si 500-dən yuxarı bal toplayıbsa, 2014-cü ildə 347 abituriyent 500-700 intervalında yüksək nəticə göstərib. Müqayisə üçün qeyd etmək olar ki, 1995-1996-cı tədris ilində bu göstərici 5 nəfər olub.
Naxçıvan Şəhər və Şahbuz Rayon Təhsil şöbələri
ən yüksək nəticə göstərən ilk 15 təhsil şöbəsi sırasına daxil olub
Ümumiyyətlə, təhsil müəssisələrinə göstərilən dövlət qayğısının nəticəsidir ki, son illər ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu həm kəmiyyət, həm də keyfiyyət baxımından diqqəti cəlb edir. Bu, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən nəşr olunan 2014-2015-ci tədris ili üçün tələbə qəbulu nəticələrinin elmi-statistik təhlilində də öz əksini tapıb. Bölgələr üzrə 2014-cü il məzunlarının qəbul imtahanlarındakı nəticələrinin təhlilindən məlum olur ki, muxtar respublikanın şəhər və rayon ümumtəhsil məktəblərindən tələbə qəbulunda xeyli nailiyyətlər əldə olunub. Ən başlıcası, abituriyentlərin qəbul imtahanlarında topladıqları orta bal göstəriciləri respublika üzrə orta göstəricidən Naxçıvan şəhəri üzrə 12,2 faiz, Şahbuz rayonu üzrə 8 faiz yuxarı olub, Culfa və Ordubad rayonlarında isə həmin göstəriciyə bərabərləşib.
Abituriyentlərin göstəricilərinin bal intervalları üzrə paylanmasına nəzər saldıqda görürük ki, əlaçı abituriyentlərin 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq etmələri sahəsində faiz etibarilə artım əldə olunub. Belə ki, 2014-cü ildə əlaçı abituriyentlərin Naxçıvan şəhəri üzrə 59,63 faizi, Culfa rayonu üzrə 58,33 faizi, Babək rayonu üzrə 55,81 faizi, Şahbuz rayonu üzrə 51,52 faizi, Şərur rayonunda isə 50,85 faizi 500-dən yuxarı bal toplayaraq məktəb nailiyyətlərini təsdiq ediblər.
Qeyd edək ki, həmin topluda ayrı-ayrı fənlər üzrə rayon və şəhər təhsil şöbələrinin əhatə etdiyi ümumtəhsil məktəblərinin göstəricilərinin Azərbaycan Respublikası üzrə ümumi göstəricidən yüksək olduğu və təhsil şöbələrinin respublika üzrə ilk onluğa daxil olduğu qeyd edilib. Belə ki, Naxçıvan Şəhər Təhsil Şöbəsi “ədəbiyyat”, “riyaziyyat”, “tarix”, “coğrafiya”, “ingilis dili”, Babək rayonu “tarix”, Ordubad rayonu “riyaziyyat”, “coğrafiya”, Culfa rayonu “fizika”, “kimya”, Şahbuz rayonu isə “Azərbaycan dili” fənləri üzrə göstəricilərə görə, respublikada ilk onluğa daxil olublar.
Ümumilikdə, təhsil şöbələrinin 2014-cü il məzunlarının imtahan fənləri üzrə, bütövlükdə, göstəricilərinə görə, Naxçıvan Şəhər və Şahbuz Rayon Təhsil şöbələri Azərbaycan Respublikasında ən yüksək nəticə göstərən ilk 15 təhsil şöbəsi sırasına daxil olublar.
Bununla yanaşı, Heydər Əliyev adına tam orta məktəb “coğrafiya” fənni üzrə, Naxçıvan Qarnizonunun tam orta məktəbi “tarix” və “ədəbiyyat” fənləri üzrə, Qıvraq qəsəbə və Didivar kənd tam orta məktəbləri isə “fransız dili” fənni üzrə respublikada ayrı-ayrı fənlərdən yüksək nəticə göstərmiş ilk on beş məktəb sırasında qərar tutublar.
Ən yaxşı məktəblər sırasında olan təhsil ocaqlarımız çoxluq təşkil edir
Ötən il abituriyentlərin sayına nəzərən yüksək balların faizi daha çox olduğuna görə Heydər Əliyev adına tam orta məktəb, Naxçıvan Qarnizonunun tam orta məktəbi, Şərur rayon Tumaslı, Babək rayon Didivar və Culfa rayon Bənəniyar kənd tam orta məktəbləri yüksək ballarının faizi çox olan ilk 48 məktəb sırasına daxil olublar.
Azərbaycan Respublikası üzrə yaxşı məktəblər sırasında yer alan məktəblərimizin sayı da artıb. Belə ki, Heydər Əliyev adına tam orta məktəb, Naxçıvan Qızlar Liseyi, Naxçıvan şəhər 17 nömrəli, Şərur rayonu üzrə Yengicə, Axura, Muğanlı, Muğancıq-Mehrab, Şərur şəhər 2 nömrəli, Babək rayonu üzrə Qoşadizə, Çeşməbasar, Ordubad rayonu üzrə Vələver, Aşağı Əylis, Biləv, Ordubad şəhər 1 nömrəli, Culfa rayonu üzrə Şurud, Əlincə, Milax, Xanəgah, Şahbuz rayonu üzrə Nursu, Qızıl Qışlaq, Kükü, Şahbuz şəhər 1 və 2 nömrəli, Kəngərli rayonu üzrə Qıvraq qəsəbə tam orta məktəbləri yaxşı məktəblər sırasına daxil ediliblər.
2014-cü il məzunlarının ali təhsil müəssisələrinə qəbulolma göstəricilərinə görə, Naxçıvan şəhəri Gəncə, Sumqayıt və Bakı şəhərlərindən önə keçib və göstərici 61,15 faiz olub. Eyni zamanda ali məktəblərə qəbulolma faizinə görə, Ordubad rayonu ən yüksək nəticə göstərərək respublika birincisi olub.
Respublikanın böyük şəhərlərini təmsil edən abituriyentlərin ümumi qəbulolma göstəricilərinə görə, Naxçıvan şəhəri respublika üzrə üçüncü yerdə, həmin abituriyentlərin ali məktəblərin ödənişsiz ixtisaslarına qəbulolma göstəricilərinə görə isə Sumqayıt şəhərindən sonra ikinci yerdə dayanır.
Məzunların əksəriyyəti muxtar respublikada yerləşən
ali təhsil müəssisələrində təhsil almağa üstünlük verib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəşr etdirdiyi elmi-statistik topluda 2014-cü ildə ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin seçimlərinin zonal tərkibi də müəyyənləşdirilib. Muxtar respublikamızda fəaliyyət göstərən ali təhsil müəssisələrində yaradılan şəraitin yüksək olmasının nəticəsidir ki, məzunlarımızın əksəriyyəti muxtar respublikada yerləşən ali təhsil müəssisələrində təhsil almağa üstünlük veriblər. Belə ki, 2014-cü ildə Naxçıvan Dövlət Universitetinə qəbul olunmuş 937 tələbənin 856 nəfəri (91,36 faizi), Naxçıvan Müəllimlər İnstitutuna qəbul olunmuş 262 tələbənin 230 nəfəri (87,79 faizi) və “Naxçıvan” Universitetinə qəbul olunmuş 253 tələbənin 207 nəfəri (81,82 faizi) Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərinin məzunlarıdır.
2013-2014-cü tədris ilində tələbə adını qazanan məzunlarımızdan 40 nəfəri xüsusi təyinatlı ali məktəblərə qəbul olunub. Eyni zamanda Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 218 nəfər ölkənin müxtəlif ali hərbi məktəblərin tələbələri olublar. Beləliklə, 2014-cü ildə ali hərbi məktəblərə və Azərbaycan Respublikasının digər ali məktəblərinə qəbul olunan məzunlarımızın sayı 1943 nəfərdir ki, bu da ali təhsil müəssisələrinə sənəd verən məzunların 58,27 faizini təşkil edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəşr etdirdiyi elmi-statistik təhlildə buraxılış imtahanlarının nəticələrinə nəzər saldıqda Naxçıvan şəhər, Ordubad və Şahbuz rayon ümumtəhsil məktəblərinin məzunlarının göstəricilərinin Azərbaycan Respublikası üzrə göstəricilərdən xeyli yüksək olduğunu görürük. Belə ki, buraxılış imtahanlarının nəticələrinə görə, Ordubad rayon məzunlarının göstəriciləri respublika göstəricisindən 5,77 faiz, Naxçıvan şəhərinin məzunlarının göstəriciləri 19,06 faiz, Şahbuz rayonu məzunlarının göstəriciləri isə 20,56 faiz yüksəkdir. Bu isə Azərbaycan Respublikası üzrə ən yüksək nəticələrdəndir. Eyni zamanda qeyd etmək lazımdır ki, buraxılış imtahanlarında Şahbuz rayonu məzunlarının “Azərbaycan dili” fənnindən 32,38 faizi, “riyaziyyat” fənnindən 30 faizi, Naxçıvan şəhəri məzunlarının “Azərbaycan dili” fənnindən 28,92 faizi, “riyaziyyat” fənnindən 28,68 faizi, Ordubad rayon məzunlarının isə hər iki fənn üzrə 23,21 faizi “5” qiymət alıb.
Görkəmli diplomat və ictimai-siyasi xadim Behbud ağa Şahtaxtinski yazırdı: “Yüksək təhsilə, mədəniyyətə və elmi gücə malik olanlar həmişə qalib gəlirlər”. Sevindiricidir ki, bu gün muxtar respublikada yüksək biliyə malik bir gənclik yetişir. Təbii ki, bütün bunlar muxtar respublikada təhsilə göstərilən qayğının bəhrələridir. Heç şübhə yoxdur ki, gələcəkdə bu uğurların sayı daha çox olacaq.
Sara Əzimova