24 Dekabr 2024, Çərşənbə axşamı

2015-ci il martın 27-də ölkəmizin ali elmi qurumu olan Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 70 ili tamam olur. Ölkə Prezidenti cənab İlham Əliyev 2014-cü il martın 14-də “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Ölkədə elmi-intellektual potensialın milli sərvət kimi formalaşdırılmasında, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsi və onun ən müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanmasında Milli Elmlər Akademiyasının müstəsna rolu vardır. Yarandığı vaxtdan etibarən ötən fəaliyyət müddəti ərzində o, mühüm nailiyyətlər qazanmış, elmi məktəblərin qurulmasına müvəffəq olmuş, beynəlxalq elm strukturlarına uğurla inteqrasiya etmişdir. Akademiya müstəqil dövlətçiliyin əsaslarının möhkəmləndirilməsində öz üzərinə düşən vəzifələrin öhdəsindən bu gün də layiqincə gəlir və cəmiyyətin sosial-iqtisadi tərəqqisinə, mədəni-mənəvi təşəkkülünə töhfələrini əsirgəmir”.

 SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli və Azərbaycan Xalq Komissarları Sovetinin həmin ilin 27 mart tarixli xüsusi qərarı ilə ittifaq akademiyasının Azərbaycan filialı Azərbaycan Elmlər Akademiyasına çevrilmişdir. O vaxt akademiya özündə dörd bölməni, on altı elmi-tədqiqat institutunu, iki elmi-tədqiqat şöbəsini və üç muzeyi birləşdirirdi. Akademiyanın ilk heyəti 15 nəfərdən ibarət olmuşdur. Bu tərkib sanballı tədqiqatları ilə elmimizə böyük töhfələr vermiş M.Mirqasım­ov, S.Vurğun, Ü.Hacıbəyov, M.Topçubaşov, Y.Məmmədəliyev, M.İbrahimov, M.Qaşqay, A.Qrossqeym, S.Dadaşov, İ.Yesman, Ş.Əzizbəyov, Ə.Əlizadə, M.Hüseynov və İ.Şirokoqorov kimi görkəmli alimlərdən ibarət olmuşdur. 1945-ci il martın 31-də akademiyanın keçirdiyi ilk ümumi iclasda akademik M.Mirqasımov Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti seçilmişdir. Ondan sonra müxtəlif illərdə Elmlər Akademiyasına tanınmış elm xadimləri Yusif Məmmədəliyev, Musa Əliyev, Zahid Xəlilov, Rüstəm İsmayılov, Həsən Abdullayev, Eldar Salayev, Fərəməz Maqsudov, Mahmud Kərim­ov rəhbərlik etmişlər. 2013-cü ilin aprel ayından bu elm ocağına görkəmli alim, akademik Akif Əlizadə rəhbərlik edir.


Azərbaycan elminin əsl inkişafı ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövrünə təsadüf edir. Hələ ötən əsrin 70-80-ci illərində Azərbaycan Elmlər Akademiyasında və başqa elm sahələrində yeni institutlar, laboratoriyalar, konstruktor büroları yaradılmış, elmi işçilərin sayı xeyli artmışdır. 1972-ci ildən “Kaspi” Elm Mərkəzi, 1978-ci ildən Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi fəaliyyətə başlamışdır. Azərbaycan alimlərinin gərgin zəhməti nəticəsində neft, qaz və başqa faydalı qazıntı, tikinti materialları yataqları, mineral su qaynaqları aşkarlanaraq istismara verilmişdir. Bu dövrdə Azərbaycan alimlərinin neftlə bağlı tədqiqatları, neft-kimya, geologiya sahəsindəki işləri respublika hüdudlarını aşaraq keçmiş SSRİ miqyasında böyük nüfuz qazanmışdır.
XX əsrin 90-cı illərinin əvvəllərində ölkə həyatının bütün sahələrində olduğu kimi, Azərbaycan elmi də tənəzzül dövrünü yaşamışdır. Lakin ümummilli lider Heydər Əliyevin ölkəmizdə ikinci dəfə ali hakimiyyətə qayıdışı ilə elmin inkişafında da yeni mərhələnin əsası qoyulmuşdur. Ulu öndərin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu, 2003-cü il 4 yanvar tarixli Fərmanına əsasən isə müstəqil dövlətimizin elmi və elmi-texniki siyasətini həyata keçirən ali dövlət orqanı statusu verilmişdir. Beləliklə, Azərbaycan Milli Elmlər Akademiyasının hərtərəfli inkişafı üçün hüquqi zəmin yaranmış, akademiyanın fəaliyyət dairəsi genişlənmiş, səlahiyyətləri artmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də elm və təhsil sahəsində ulu öndərin müəyyənləşdirdiyi yolu uğurla davam etdirir. Dövlət başçısı dünya reallıqlarını, ölkənin qarşısında duran vəzifələri düzgün qiymətləndirir, elmin, təhsilin inkişafına diqqət və qayğı göstərir. Azərbaycan dövlətinin iqtisadi imkanları artdıqca elmə ayrılan vəsait də ilbəil artırılır. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə elm xərclərinə 16,6 milyon manat vəsait ayrıldığı halda, 2015-ci ildə bu rəqəm 150,5 milyon manat təşkil etmişdir. Son illər Azərbaycan Milli Elmlər Akademiyasında aparılan struktur islahatlarında məqsəd bu elm məbədinin fəaliyyətini mövcud qanunvericiliyin tələblərinə uyğun təmin etmək, hüquqi təminat bazasını möhkəmləndirmək və idarəetmə strukturunu təkmilləşdirməkdən ibarətdir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə, idarə və təşkilatlarında çalışan əməkdaşların sayı 10 min 125 nəfərdir ki, bunun 4938 nəfəri elmi işçilərdir. Elmi işçilərdən 560 nəfəri elmlər doktoru, 2046 nəfəri isə fəlsəfə doktorudur. 2014-cü ilin iyununda Azərbaycan Milli Elmlər Akademiyasına 26 akademik, 50 müxbir üzv seçilmiş, beləliklə də, akademiklərin sayı 74-ə, müxbir üzvlərin sayı isə 120-yə çatdırılmışdır.
Ulu öndər Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi yaradılmışdır. Qısa müddət ərzində Naxçıvan Bölməsi əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılmış, maddi-texniki baza möhkəmləndirilmiş, kadr potensialı təkmilləşdirilmişdir. Hazırda bölmənin tərkibinə Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Bioresurslar İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Əlyazmalar Fondu və Batabat Astrofizika Rəsədxanası daxildir. Naxçıvan Bölməsinin yaradılması zəruriliyindən bəhs edən ümummilli liderimiz demişdir: “Mən bununla Naxçıvan Muxtar Respublikamızın indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də, təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də, düz olardı deyim ki, heç öyrənilməyibdir. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var”.
AMEA-nın Naxçıvan Bölməsi fəaliyyətə başladığı ilk günlərdən elmi işçilərin fəaliyyətləri ciddi elmi-tədqiqat işlərinə yönəldilmiş, Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası, folkloru, onomastikası, ədəbi mühiti, mədəniyyəti, biomüxtəlifliyi, təbii ehtiyatları, nadir əlyazmaları tədqiqat istiqaməti üçün seçilmişdir. Bir elmlər doktoru və 13 fəlsəfə doktoru ilə fəaliyyətə başlayan bölmədə hazırda 2 akademik, 6 müxbir üzv, 4 elmlər doktoru, 48 fəlsəfə doktoru çalışır. Elmi işçilərin 72 faizinin elmi dərəcəsi, 43 faizinin isə elmi adı vardır.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin elmi əməkdaşları Naxçıvanın tarixi, təbii ehtiyatları, mədəni mühiti, biomüxtəlifliyi və başqa sahələrlə bağlı ciddi tədqiqat işləri aparır və əhəmiyyətli elmi nəticələr əldə edirlər. Hər il bölmə əməkdaşlarının 10-12 elmi nəticəsi Azərbaycan Milli Elmlər Akademiyasının elmi nəticələrinə daxil edilir. Ötən dövrdə Naxçıvan Bölməsinin əməkdaşları bir sıra fundamental və ümumiləşdirici əsərlərə də müəlliflik etmişlər. Onların yaxından iştirakı ilə ikicildlik “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklo­pediyası”, “Naxçıvan tarixi”, “Naxçıvan: tarixi və abidələri”, “Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabı”, “Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri”, “Azərbaycan folkloru antologiyası. Naxçıvan folkloru”, “Naxçıvan teatrının salnaməsi”, “Naxçıvan tarixi atlası”, “Naxçıvan Muxtar Respublikasının ampelo­qrafiyası”, “Naxçıvan Muxtar Respublikasının təbii ehtiyatları” və başqa kitablar hazırlanaraq nəşr edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi müxtəlif tədbirlərlə, elmi konfranslarla qeyd edilir. Azərbaycan ziyalıları, elm adamları fəaliyyətləri ilə bundan sonra da ölkəmizin hərtərəfli inkişafına öz layiqli töhfələrini verəcəklər.

İsmayıl Hacıyev
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR