Bakı şəhərində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 may – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası keçirilib. Naxçıvan Dövlət Universitetinin (NDU) komandası da həmin olimpiadaya qatılıb.
Qafqaz Universitetində olimpiadanın 1-ci mərhələsi keçirilib. Hər təhsil müəssisəsindən maksimum 5 komandanın iştirak edə biləcəyi olimpiadada NDU-nu 1 komanda təmsil edib. İlkin mərhələdə respublikanın 17 ali təhsil müəssisəsindən 66 komandanın iştirakı ilə keçirilən olimpiadanın birinci mərhələsində uğurla çıxış edən Naxçıvan Dövlət Universitetinin komandası final mərhələsinə vəsiqə qazanıb. “NDU” komandası müasir informasiya-kommunikasiya texnologiyalarının mənimsənilməsi və tətbiqi, informatika sahəsində nəzəri bilik səviyyəsi üzrə fərqlənərək finala çıxıb.
Qeyd edək ki, final mərhələsi AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcəkdir.
Mina QASIMOVA