24 Dekabr 2024, Çərşənbə axşamı

Bu günlərdə Fransanın paytaxtı Paris şəhərində “Kampus Frans” Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan günü” tədbirləri keçirilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndələri, 10-a yaxın aparıcı universitet rəhbərləri ilə birgə Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov da tədbirlərdə iştirak edib. Tədbirin əsas məqsədi Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, tələbə və müəllim mübadiləsi, birgə pro­qramların həyata keçirilməsi imkanlarını dəyərləndirmək olub.

Səfər çərçivəsində Fransanın ali məktəblərində də olan nümayəndə heyəti əməkdaşlıq imkanlarını geniş müzakirə edib. Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəm­ov bizimlə söhbətində bildirdi ki, Naxçıvan Dövlət Universiteti, burada tələbələrin təhsili, mütəxəssis hazırlığı, mövcud ixtisaslar, tədris prosesindəki son yeniliklər, müxtəlif beynəlxalq layihələrdə təmsil olunmağımızla bağlı faktlar Fransadakı ali təhsil müəssisələri rəhbərlərinin maraq dairəsində idi. Tələbə mobilliyi və ikitərəfli əməkdaşlığın inkişafı məqsədilə keçirilən universitetlərarası fərdi görüşlərdə İSAE SUPAERO (özündə bir sıra universitet, məktəb və treyninq kurslarını cəmləşdirən qurum), Loren, Strasburq, EPİTA, Roun universitetləri də daxil olmaqla, Fransanın 10 ali məktəbi tələbə mobilliyi ilə bağlı Naxçıvan Dövlət Universitetinə müraciət etdilər. “Fransanın ali məktəbləri ilə davamlı əməkdaşlığa, naxçıvanlı tələbələrin tələbə mobilliyi əsasında təhsillərini orada davam etdirmələrinə biz də maraqlıyıq”, – deyən rektor əlavə etdi ki, tədbir çərçivəsində Pyer və Mari Küri Universitetində də olduq. Görüş zamanı nümayəndə heyətimizə universitetin professor-müəllim heyəti, tələbə kontingenti, 100-ə qədər istiqamət üzrə elmi tədqiqatların aparılması barədə məlumat verildi. Universitetin nəzdindəki İntellektual Sistemlər və Robot Texnikası İnstitutunda aparılan elmi araşdırmalar, robot texnikası ilə tanışlıq zamanı bildirdilər ki, burada yaradılan robot texnikası nümunələrinə sənaye, tibb və farmokologiya kimi sahələrdə böyük tələbat var. Yalnız Fransanın deyil, Avropa miqyasında müxtəlif şirkətlər universitetlə əməkdaşlıq edirlər. Rektorun sözlərinə görə, Fransada keçirilən “Azərbaycan günü” tədbirləri universitetlərarası tərəfdaşlığın inkişafında, Azərbaycan ali təhsil müəssisələrinin Avropaya inteqrasiyasında əhəmiyyətli rol oynayacaq.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR