Dünən Şərur rayonunda yeniyetmələr arasında “Nuh yurdu” intellektual oyununun Şərur rayon birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən oyunun məqsədi Azərbaycanın, o cümlədən Naxçıvanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, yeniyetmələrin intellektual səviyyələrinin, dünyagörüşlərinin, zehni inkişafının stimullaşdırılması, onlar arasında bilik və elmin nüfuzunun artırılması, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsulların tətbiqindən ibarət olub. İntellektual oyunda 8 komanda iştirak edib. Birinci yerə Şərur şəhər 2 nömrəli tam orta məktəbin “Arpaçay” komandası layiq görülüb. Digər iki pillədə isə Sərxanlı, Kürkənd və Dərəkənd tam orta məktəblərinin birgə komandası olan “Şahin” və Aralıq kənd tam orta məktəbinin “Zəngəzur” komandaları qərarlaşıblar.
Qaliblərə təşkilatçılar tərəfindən diplom, fəxri fərman, kubok və hədiyyələr təqdim olunub.
Ceyhun MƏMMƏDOV