Aprelin 4-də “Naxçıvan” Universitetində “Naxçıvan” Universiteti, AMEA Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universiteti əməkdaşlarının iştirakı ilə “Azərbaycanın tarixi coğrafiyasının aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfransın plenar iclasını giriş sözü ilə “Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev açaraq bildirib ki, müasir dövrdə ölkəmizin sürətli sosial-iqtisadi inkişafı elmin müxtəlif sahələrində, o cümlədən tarixi-coğrafi problemlərin həllində yeni yanaşmalar tələb edir. Naxçıvan Muxtar Respublikasında elm və təhsilə göstərilən dövlət qayğısı elmi kadrların formalaşdırılması istiqamətində qarşımıza yeni vəzifələr qoyur. Keçirilən elmi konfransın əsas qayəsi də muxtar respublikanın elmi müəssisələrinin mövcud potensialından istifadə etməklə təqdim olunan mövzular üzrə elmi fikirlərin bölüşdürülməsidir.
Plenar iclasda çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Naxçıvanda elm və təhsilə olan maraq, tarixi coğrafiya problemlərinə müraciət olunması həmişə tarixi zərurət daşıyıb, xüsusən ötən əsrin son illərində baş verən hadisələr fonunda bu zərurət öz aktuallığını göstərib. Hazırda bu sahəyə olan marağın artırılması ölkəmizin və muxtar respublikamızın yerləşdiyi ərazinin tarixi hüdudlarının müəyyən olunması, regionda baş vermiş müxtəlif hadisələrin tarixi gerçəklikləri fonunda çox əhəmiyyətlidir. Bütün bunlar ölkəmizin məruz qaldığı haqsızlıqların unudulmaması, tarixi torpaqlarımızın yaxşı tanınması baxımından müasir Azərbaycan tarixi tədqiqinin əsas problemlərindəndir.
Konfransda çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov da Naxçıvanda tarixi coğrafiyanın öyrənilməsinin əhəmiyyətini bir daha vurğulayıb, təşkil olunmuş konfransın bu məsələlərin həlli istiqamətində çox uğurlu addım olacağına əminliyini bildirib.
Plenar iclasda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin, Naxçıvan Dövlət Universitetinin Coğrafiya kafedrasının müdiri, dosent Nazim Bababəylinin, “Naxçıvan” Universitetinin tədris işləri üzrə prorektoru, dosent İbrahim Kazımbəylinin elmi məruzələri maraqla qarşılanıb.
Sonra konfrans “Tarix”, “Coğrafiya”, “İqtisadiyyat” və “Folklor və mədəniyyət” adlı bölmələrdə öz işini davam etdirib.
Əli Cabbarov