Muxtar respublikanın ümumtəhsil məktəblərində çalışan müəllimlərin attestasiyası dünən başa çatıb. Son attestasiya imtahanında “musiqi”, “təsviri incəsənət”, “əmək hazırlığı” və “texnologiya” fənlərini tədris edən müəllimlər biliklərini sınayıblar.
Attestasiyanın yekunu ilə bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən qəzetimizə verilən məlumatda bildirilir ki, mart ayının 1-dən başlayan imtahanlarda martın 18-nə qədər Azərbaycan dili və ədəbiyyat, tarix, fizika, biologiya, kimya, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, xarici dil, coğrafiya, riyaziyyat, informatika, ibtidai sinif müəllimləri iştirak ediblər. İmtahanlar Naxçıvan şəhər 14, Şərur şəhər 2, Culfa şəhər 3, Şahbuz şəhər 1 nömrəli məktəblərin binalarında keçirilib. Müəllimlərin biliklərinin sınandığı ünvanlar sırasında Babək qəsəbə tam orta məktəbi, Ordubad şəhər internat məktəbi, Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbi, Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbi də olub.
Ümumiyyətlə, iki saat müddətində yazılı test formasında keçirilən attestasiya imtahanlarında müəllimlərə 80 sual təqdim olunub. Sözügedən attestasiya müəllimlərin dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə malik olması, təhsil proqramlarına uyğun ixtisas və elmi-pedaqoji səviyyələrinin yüksəldilməsi, onların peşəkarlıq səviyyəsinin artırılması, əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi, müəllimlik fəaliyyətinin stimullaşdırılması və onların əməyinin qiymətləndirilməsinin təmin edilməsi məqsədilə aparılıb.
Xəbərlər şöbəsi