24 Dekabr 2024, Çərşənbə axşamı

Mayın 7-də Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar və Təhsil nazirliklərinin təşkilatçılığı ilə muxtar respublikanın 200-dən çox məktəbi ilə Naxçıvan şəhərindəki Xatirə Muzeyi arasında canlı dərs aparılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq olunan “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin qeyd olunması üzrə Tədbirlər Planı”na uyğun olaraq keçirilən açıq dərsdə muzeyin direktoru Aytən Mikayılova əvvəlcə şagirdlərə muzey haqqında ətraflı məlumat verib. Bildirilib ki, 400-ə yaxın eksponatın saxlanıldığı muzeydə təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətlərin izləri öz əksini tapıb. Burada Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar nümayiş etdirilir. Bununla yanaşı, muzeyin iki guşəsi 1941-1945-ci illər müharibəsinin qəhrəmanlarına həsr olunub. Qeyd edilib ki, həmin müharibədə muxtar respublikamızdan 30 minə yaxın həmyerlimiz iştirak edib, onlardan yarısı geri qayıtmayıb. Alman faşizmi üzərində qələbənin qazanılmasında həmyerlilərimiz qəhrəmanlıqlar göstərərək müxtəlif orden və medallarla təltif olunublar.
Açıq dərsdə faşizm üzərində qələbənin qazanılmasında şücaət göstərmiş həmyerlilərimizin döyüş yolu haqqında şagirdlərə ətraflı məlumat verilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı muxtar respublikada fəaliyyət göstərən təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına və elektron təhsilin tətbiqinin genişləndirilməsinə imkan yaradıb. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqənin təşkili məqsədilə mərkəzi server qurulub, ümumtəhsil məktəbləri və muzeylər bu sistemə qoşulub. Artıq mütəmadi olaraq həmin sistemdən videokonfransların, seminar və mühazirələrin, eyni zamanda müxtəlif mövzularda açıq dərslərin keçilməsində istifadə olunur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR