24 Dekabr 2024, Çərşənbə axşamı

Bitkilərin müalicəvi xüsusiyyətləri insanlara hələ qədim zamanlardan məlum olmuşdur və min illərdir ki, bitkilərdən qida, sığınacaq, mühafizə, müalicə və sair məqsədlər üçün istifadə edilir. Hələ eramızdan 6000-8000 il əvvəl şumerlərin, vavilonların, assuriyalıların işlətdikləri dərman bitkiləri haqqındakı məlumatlar misirlilər, yunanlar, romalılar, çinlilər və tibetlilər tərəfindən mənimsənilmişdir. Şərq ölkə­lərində də dərman bitkilərindən geniş istifadə olunmuşdur. Qədim Roma, Çin, yunan, Misir və Şərq həkimləri dərman bitkilərinin öyrənilməsinə, müxtəlif üsullarla xəstəliklərin müalicəsində istifadəsinə aid dəyərli əsərlər yazmışlar. 

Xüsusilə qədim Roma həkimləri Klavdiya Qalen, Korneliya Cels, Böyük Pliniy, Dioskorid, Çin alimlərindən Li-Di, Li-Şi-Çjen, Şərqin böyük loğmanı Əbu Əli İbn Sina bu sahədə dünya şöhrəti qazanmışlar. Məsələn, farmakoloq Li-Şi-Çjen 27 il ərzində yazdığı 52 cildlik “Farmakologiyanın əsasları” adlı əsərində 1500-dən çox, Böyük Pliniy “Tibb tarixi” kitabında 1000, Əbu Əli İbn Sina isə “Tibb elminin qanunları” kitabında 600-ə qədər dərman bitkisi haqqında məlumat vermişlər. Xalq təbabətinin bir qolu olan türkəçarələr həmin müalicə üsullarına aid olmaqla, zamanın sınağından uğurla çıxmış və bu gün də öz əhəmiyyətini itirməmişdir.

Müasir təbabətdə dərman bitkilərindən istifadəyə xüsusi diqqət və əhəmiyyət verilir. Yer kürəsində istehsal olunan dərman preparatlarının, demək olar ki, 50 faizdən çoxu bitki mənşəlidir. Çünki dərman bitkilərinin tərkibindəki orqanizm üçün xas olan bir sıra təbii birləşmələr fizioloji proseslərə təsir edərək müdafiə xarakterli reaksiya olan immuniteti gücləndirir.
Qədim zamanlardan etibarən istifadə istiqamətindən asılı olaraq, bitkilər müəyyən qruplara bölünməklə adlandırılmışdır; məsələn, yeməli bitkilər, yem bitkiləri, bəzək bitkiləri, balverən bitkilər, dərman bitkiləri, zəhərli bitkilər. Bitkilərdə həyat fəaliyyəti dövründə əmələ gələn və özündə toplanan maddələrdən bir çoxu canlılar tərəfindən istehlak edilir. Bu ən çox zülallı, şəkərli, vitaminli və digər bioaktiv maddələrin toplandığı dərman bitkiləridir. Lakin bəzi bitkilər də vardır ki, onların vegetativ və ya generativ orqanlarında toplanan maddələr zəhərlidir. Məhz buna görə də insanlar bu qisim bitkiləri qruplara ayırırlar.
“Zəhərlilik” məfhumu haqqında danışarkən XV əsrin məşhur həkimi Paraselsin “Maddənin yalnız dozası onun zəhər və ya dərman olacağını müəyyənləşdirir” fikri bu anlayışı daha düzgün izah edir. Əksər zəhərli bitkilərdən, məsələn, üskükotu və inciçiçəyindən ürək qlikozidləri, batbatdan atropin və skopolamin kimi qiymətli dərman preparatları alınır. Hesablamalara görə, Yer kürəsində, təqribən, 10 mindən çox zəhərli bitkinin olduğu güman edilir ki, onların da böyük əksəriyyəti tropik və subtropik zonalarda yayılmışdır. Lakin soyuq iqlim qurşaqlarında da zəhərli bitkilərə rast gəlinir. Bu bitkilər içərisində efir yağlı, boyaq, aşı maddəli, balverən, insektisidli, vitaminli, bəzək və digər xalq təsərrüfatı və dərman əhəmiyyətli bitkilər də vardır. Odur ki, zəhərli bitkilərlə mübarizə apararkən bitkilərin bu cür xüsusiyyətləri nəzərə alınmalıdır.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, biologiya üzrə elmlər doktoru, professor Əliyar İbrahimov, biologiya üzrə fəlsəfə doktorları, dosent Ənvər İbrahimov, dosent Ramiz Ələkbərov, dosent Abbas İsmayılov, kimya üzrə fəlsəfə doktoru, dosent Vahid Quliyev və Naxçıvan Dövlət Universitetinin baş müəllimi Əli Qurbanov tərəfindən hazırlanmış və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə dəyərli töhfə olan “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” adlı fundamental kitab ötən il işıq üzü görmüşdür. Çoxillik tədqiqatların nəticələri əsasında yazılmış 462 səhifəlik bu kitab Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən nəfis şəkildə nəşr olunmuşdur. Kitabın elmi redaktoru biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, rəyçiləri isə biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Saleh Məhərrəmov və biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovdur.
Naxçıvan Muxtar Respublikasının kserofittipli zəngin florası Aralıq dənizi, Ön Asiya və İran floraları ilə sıx genetik əlaqədə inkişaf etməklə, buradakı bitkilər 8 sinif, 104 sıra, 170 fəsil, 874 cins və 2835 növlə təmsil olunmuşdur.
Təqdim edilən kitabda Naxçıvan Muxtar Respublikasının mühüm təbii sərvətlərindən biri olan bitkilər aləmi, onun florasının zənginlikləri elmi-təcrübi istiqamətdə ətraflı tədqiq edilməklə elmi nəticələrin istehsala tətbiqi üzrə dəyərli məlumatlar verilmişdir. Yeni nəşrdə flora biomüxtəlifliyinə daxil olan 1200-dən çox faydalı və 750-800 növə yaxın dərman bitkilərinin olduğu müəyyənləşdirilmişdir. Keçmiş SSRİ-nin Farmakopeya nəşrləri və beynəlxalq farmakopeyalara daxil edilmiş rəsmi dərman bitkilərinin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası florasında 42 sıraya, 49 fəsiləyə, 106 cinsə mənsub olan 132 növ ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər vardır ki, onlar da yüz illərdir, tibb aləmində istifadə edilir. Bu bitkilərdən 44 növü becəriləndir, 88 növü isə təbii halda yayılmışdır. Onlardan da 11 növü nadir bitki kimi Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”na daxil edilmişdir. Aşkar edilən rəsmi dərman bitkilərinin həyat formalarına görə 24 növünün (12 növü becərilir) ağaclar, 22 növünün kollar (8 növü becərilir), 61 növünün (7 növü becərilir) çoxillik otlar, 25 növünün isə birillik və ikiillik otlardan (17 növü becərilir) ibarət olduğu müəyyənləşdirilmişdir. Müəlliflər yabanı rəsmi dərman bitkiləri olan 88 növdən 30 növünün təbii ehtiyatının bol olduğunu dəqiqləşdirmişlər. Təbii ehtiyatı bol olan bu növlərin mövcud yayılma zonaları, təbii ehtiyatı və mümkün istismar imkanları öyrənilməklə müvafiq xəritələrdə göstərilmişdir. Yabanı bitkilərin 11-i nadir növ kimi Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kita­bı”na daxil edilmiş və mühafizə yolları göstərilmişdir.
Kitabda dərman bitkilərinin toplanılması, qurudulması və saxlanılması qaydalarına xüsusi yer verilmiş, eyni zamanda bitkilərin latınca-azərbaycanca adları, istifadə olunan hissəsi və toplanılma vaxtları da müfəssəl şəkildə qeyd olunmuşdur. Burada oxucuları maraqlandıran dərman bitkilərinin təsviri, orijinal şəkli, yayıldığı ərazilər, kimyəvi tərkibi, müalicəvi əhəmiyyəti, onlardan alınan preparatlar, reseptlər və istifadə qaydalarına dair geniş materiallar verilmişdir. Bundan başqa, kitabdakı Naxçıvan Muxtar Respublikası ərazisində bitkiliyin tipoloji vahidləri xəritəsində nadir bitkilərin yayılma əraziləri də verilmişdir. Müəlliflər tərəfindən tədqiq olunan 132 rəsmi dərman bitkisinin 30-u sənaye əhəmiyyətli, bol təbii ehtiyata malik olan növ kimi qiymətləndirilməklə, 10 məntəqə üzrə təbii ehtiyatı hesablanmış və nəticələr cədvəllərdə öz əksini tapmışdır.
Müəlliflər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Naxçıvan Muxtar Respublikasında rəsmi dərman bitkilərindən səmərəli istifadə olunması və mühafizəsinin elmi əsasları” adlı layihəsinin qalibi olmuş və yerinə yetirilmiş bu layihədən əldə olunmuş nəticələrə əsasən kitab yazıl­mışdır. Əhalinin kitabdan dolğun və səmərəli istifadə etməsi üçün istər yabanı, istərsə də mədəni halda becərilən dərman bitkilərinin tanıdılması məqsədilə bitkilərin ekoloji şəraitdə çəkilmiş rəngli fotoşəkilləri də kitabda öz əksini tapmışdır.
Kitabın “Ön söz”ündə akademik Tariyel Talıbovun qeyd etdiyi kimi, “bitkilər aləmi insan həyatı və fəaliyyətində önəmli yer tutur. Doğrudan da, Yer kürəsini yaşıl örtüksüz təsəvvür etmək mümkün deyildir və heç şübhəsiz ki, bitkilər olmasaydı, Yer kürəsi də təkamül edərək müasir formada ola bilməzdi. Təbii sərvətlər içərisində bərpa oluna bilərək tükənməz hesab edilən dərman bitkiləri xüsusilə seçilir. Lakin əsas məsələ heç də bu tükənməz təbii sərvətin bolluğu deyil, ondan necə və nə qədər səmərəli istifadə olunması məsələsidir”. Bu mənada “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” kitabında ilk dəfə olaraq təbii sərvətlərin varlığı deyil, onların ehtiyatı, tətbiq sahələri incələnmiş, ondan səmərəli istifadə yolları da göstərilmişdir.
Təqdim edilən bu kitabda başlıca məqsəd Naxçıvan Muxtar Respublikası florasında yayılmış dərman bitkilərinin təbiətdəki müasir vəziyyətini öyrənməkdən, təbii ehtiyatının rayonlar və təbii zonalar üzrə öyrənilməsindən, yayıldığı zonaların xəritələşdirilməsindən, onlardan səmərəli istifadə ilə bərabər, eyni zamanda nadir növlərin mühafizəsi yollarının müəyyənləşdirilməsindən ibarət olmuşdur. Bu əsər Naxçıvan Muxtar Respublikasında mövcud olan 132 növ rəsmi dərman bitkisinin sistematik vəziyyəti, təbii və istismar ehtiyatı, kimyəvi tərkibi və yayılma zonaları haqqında geniş təsəvvür yaradan ilk kitabdır.
Müəlliflər tərəfindən dərman bitkilərinin ümumi sahələri, onların hər hektarının məhsuldarlığı, bioloji və istismar ehtiyatı hesablanmış və illik tədarük həcmi müəyyənləşdirilmişdir. Təbii ehtiyatı bol olan 30 növ rəsmi dərman bitkisinin biokimyəvi tərkibi qeyd edilmiş, bəzilərinin isə biokimyəvi analizi mövcud cihaz və avadanlıqlarla aparılmışdır. Təbii ehtiyatı bol olan rəsmi dərman bitkilərindən alına biləcək mümkün təsiredici bioloji fəal maddələr müəyyənləşdirilərək, onlardan alına biləcək müxtəlif təyinatlı dərman preparatları, məlhəmlər, ekstraktlar, bio­kremlər, yağlar və digər məhsullar haqqında məlumat müvafiq qurumlara təqdim olunmuşdur.
Beləliklə, “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” kitabı sağlamlığın qorunub-saxlanmasında mühüm rol oynayacaq biologiya, tibb və aqrar elmləri sahələrinin botanika istiqaməti üzrə yazılmış fundamental, tətbiqi xarakterli mükəmməl əsərdir. Kitabdan tələbələr, magistrantlar, tibb işçiləri, eyni zamanda xalq təbabəti ilə məşğul olan insanlar da istifadə edə bilərlər.

Eldar NOVRUZOV
AMEA Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini,
biologiya üzrə elmlər doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR