Dünən Naxçıvan Müəllimlər İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların təlim-tərbiyə prosesində tətbiqi” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfransın plenar iclasında institutun rektoru, professor Oruc Həsənli çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə elm və təhsil sahəsinin müasir standartlar səviyyəsində fəaliyyətini diqqət mərkəzində saxlayıb, istər orta, orta ixtisas, istərsə də ali təhsil sistemində bir sıra islahatların həyata keçirilməsini təmin etmək məqsədilə mühüm sərəncamlar imzalayıb.
Sonra ali təhsil ocağının müəllimlərindən tarix üzrə fəlsəfə doktoru Ələkbər Cabbarlının, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Allahverdiyevanın, filologiya üzrə fəlsəfə doktoru Fəxriyyə Cəfərovanın, Şərur rayon Zeyvə kənd tam orta məktəbinin müəllimi Fərmayıl Əsgərovun məruzələri dinlənilib.
Məruzələrdə qeyd edilib ki, ümummilli liderimizin diqqət və qayğısı ilə ölkəmizdə təhsil sahəsində başladılan islahatlar nəticəsində böyük uğurlar əldə edilib. Təhsil sistemində aparılan genişmiqyaslı islahatlar məktəblərdə təlim şəraitinin yaxşılaşmasına, tədrisin keyfiyyətinin yüksəlməsinə və müəllimlərin pedaqoji ustalığının artmasına səbəb olub. Hər bir cəmiyyətdə təhsil aparıcı sahə hesab olunur və cəmiyyətin ümumi səviyyəsinin inkişafında mühüm amil kimi çıxış edir. Bu amil bəşər övladının formalaşdırılması mexanizminə çevrilməklə, onun düşüncə qabiliyyətinin yüksək səviyyəyə çatdırılmasına imkan yaradır. Müasir təhsil sosial praktikanın mürəkkəb bir forması olub, indiki tarixi mərhələdə cəmiyyətin yeniləşdirilməsi və inkişafında mühüm rol oynayır. Bu gün yüksəktəhsilli mütəxəssis hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu prosesin fəlsəfəsi dövlət başçısının “Biz iqtisadi potensialımızı insan kapitalına çevirməliyik” çağırışında öz əksini tapıb.
Bildirilib ki, ulu öndərimiz Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Sərəncamı təhsil sahəsində gedən proseslərdə istiqamətverici rol oynayıb. Bu sahədə yeniliklərin tətbiqi üçün, ilk növbədə, yeni pedaqoji təfəkkürün, yəni pedaqoji yanaşma tərzinin formalaşdırılması vacib hesab edilib. Azərbaycan Respublikasında təhsil sahəsində aparılan islahatların əsas konseptual ideyasını ümummilli liderimizin söylədiyi “Təhsil sistemində hər bir yeniləşmə inqilabi yolla deyil, təkamül yolu ilə həyata keçirilməlidir”, “Biz heç bir ölkənin təhsil sistemini olduğu kimi Azərbaycanda qurmağa çalışmamalıyıq”, “Dünyanın inkişaf etmiş ölkələrinin təhsil sistemi ilə, hazırda həmin ölkələrdə təhsil sahəsində aparılmaqda olan islahatlarla yaxından tanış olmalıyıq”, “Xalqımızın milli-mənəvi xüsusiyyətlərindən, adət-ənənələrindən, milli mentalitetindən, xüsusən təhsil sahəsində XX əsrdə Azərbaycanda formalaşmış mütərəqqi ənənələrdən səmərəli istifadə etməliyik”, “Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrənməli, prioritet sahələri müəyyən etməliyik”, “Müstəqil Azərbaycanın təhsil sistemi milli zəminə söykənərək ümumbəşəri dəyərlərdən bəhrələnməlidir” müddəalar təşkil edir. Müəllim hazırlığında innovasiyalar – interaktiv və ya fəal təlim üsulları məhz çağdaş dünyamızın təhsil sahəsində önəm verdiyi metodikalardandır.
Sonra konfrans öz işini “Heydər Əliyev və müasir təhsil”, “Yeni pedaqoji texnologiyalarda pedaqogika və psixologiyanın rolu”, “Təhsilin müasir tələbləri və tərbiyə məsələləri”, “Fənlərin tədrisi texnologiyaları” adlı bölmə iclaslarında davam etdirib. Bölmə iclaslarında ölkənin və muxtar respublikanın ali, orta ixtisas və ümumtəhsil müəssisələrində çalışan qabaqcıl pedaqoqların məruzələri dinlənilib.
Xəbərlər şöbəsi