Türkiyə Respublikasının Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçakın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, dünyanın 80-dən çox tanınmış universiteti ilə tərəfdaşlıq edən bu ali məktəb Türkiyə universitetləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Qardaş ölkənin 40-a yaxın ali təhsil ocağı ilə əməkdaşlıq bu gün də uğurla davam etdirilir. Bu əlaqələrin təməli 1992-ci ildə Ərzurum Atatürk Universiteti ilə əməkdaşlıq vasitəsilə qoyulub. Tibb fakültəsinin və “baytarlıq” ixtisasının tələbələri müxtəlif vaxtlarda bu ali təhsil müəssisəsində təcrübədə olublar, müştərək konfranslar keçirilib. Təsadüfi deyil ki, 2012-ci ildə Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə universitetlərarası elmi-mədəni əlaqələrin inkişafı sahəsindəki xidmətlərinə görə Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçak Naxçıvan Dövlət Universitetinin fəxri doktoru seçilib. Rektor vurğulayıb ki, 2011 və 2012-ci illərdə yenilənən universitetlərarası əməkdaşlıq müqaviləsi bundan sonra da elm və təhsilin inkişafına öz töhfəsini verəcək.
Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçak deyib ki, universitetin beynəlxalq əlaqələrində Azərbaycan ali məktəblərinin özünəməxsus yeri vardır. Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığın inkişaf etdirilməsi bundan sonra da diqqət mərkəzində saxlanılacaq.
Ərzurum Atatürk Universitetinin prorektoru Mehmet Takkaç universitet haqqında ətraflı məlumat verərək 20 fakültə, 7 institut və 10-a yaxın yüksək məslək məktəbinin fəaliyyət göstərdiyi ali təhsil ocağında on minlərlə tələbənin ali təhsil aldığını diqqətə çatdırıb.
Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid, tərbiyə işləri üzrə prorektoru, fəlsəfə üzrə elmlər doktoru, professor Məmməd Rzayev, elmi işlər üzrə prorektoru, fizika üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyev universitetin dünya təhsil sisteminə inteqrasiyasından, elmi nailiyyətlərindən danışıblar.
Atatürk Universiteti Tibb fakültəsi araşdırma xəstəxanasının baş həkimi, professor Necip Becit 2000-ə yaxın tibbi personalın xidmət göstərdiyi 1400 çarpayılıq xəstəxanada yaradılan şəraitdən, burada aparılan müasir tibbi-diaqnostik müayinələrdən, sümük iliyi, orqan transplantasiyası mərkəzlərinin fəaliyyətindən danışıb. Görüşdə iştirak edən digər tibb mütəxəssisləri Ərzurum Atatürk Universitetində tibb təhsilinin səviyyəsindən, universitet xəstəxanasındakı səhiyyə xidmətindən bəhs ediblər.
Sonra xatirə hədiyyələri təqdim olunub. Türkiyəli qonaqlar universitet ərazisini gəzib, İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin, rəqəmsal formatda yayımlanan universitet televiziyasının və “Nuhçıxan” radiosunun, Mətbuat şöbəsinin fəaliyyəti ilə tanış olublar. Müxtəlif fakültələrdəki tədris prosesi, fənn kabinələri və laboratoriyaların təşkili ilə tanışlıq da maraq doğurub.
Mehriban Sultan