“Naxçıvanda Dədə Qorqud” beynəlxalq elmi simpoziumun iştirakçılarının ortaq qənaəti belədir
Oktyabrın 26-27-də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə keçirilən “Naxçıvanda Dədə Qorqud” beynəlxalq elmi simpoziumu mühüm elmi nəticələrin əldə edilməsi ilə yadda qaldı. Qonşu ölkələrdən gələn elm xadimləri bu cür beynəlxalq tədbirlərin əhəmiyyətini vurğulayaraq Naxçıvan Muxtar Respublikasının regionda həm də beynəlxalq səviyyəli elmi müzakirələrin aparıldığı bir məkan kimi diqqəti cəlb etdiyini bildirdilər.
Türkiyənin İqdır Universitetinin professoru Turqut Öcal “Naxçıvanda Dədə Qorqud” beynəlxalq elmi simpoziumunun əhəmiyyətindən danışaraq dedi:
– Məlum olduğu kimi, “Kitabi-Dədə Qorqud” dastanları tariximizin, qədim dövrlərdən bəri mövcud olan adət-ənənələrimizin, folklorumuzun, ədəbiyyatımızın və digər mühüm sahələrin öyrənilməsi baxımından bənzəri olmayan möhtəşəm abidədir. Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, həmin dastanlarda qeyd olunan hadisələrin məhz bizim coğrafiyamızda, xüsusən də Naxçıvan Muxtar Respublikası ərazisində cərəyan etməsi bu gün artıq tarixi bir reallıq kimi qəbul olunur. Bu mənada, “Naxçıvanda Dədə Qorqud” beynəlxalq elmi simpoziumun yüksək səviyyədə keçirilməsi bir sıra elmi faktların aşkara çıxarılmasında, mühüm nəticələr əldə edilməsində önəmli rol oynadı.
Bundan başqa, belə hesab edirəm ki, simpoziumda bizim kimi xaricdən dəvət olunan elm xadimləri ilə yanaşı, Azərbaycanın nüfuzlu alim və tədqiqatçılarının birgə müzakirələr aparması beynəlxalq tədbirin səmərəli keçməsinə imkan yaratdı. Mən çox sevinirəm ki, “Kitabi-Dədə Qorqud” irsinin araşdırılması, qədim türk yurdu olan Naxçıvanla bağlılığı və yaşadılması istiqamətində muxtar respublikada çox mühüm işlər görülüb. “Naxçıvanda Dədə Qorqud” beynəlxalq elmi simpoziumun keçirilməsi bu istiqamətdə aparılan düzgün elmi siyasətin davamıdır.
Tədbir barədə son olaraq bunu deyə bilərəm ki, simpozium çox uğurlu keçdi və belə möhtəşəm tədbirlər Naxçıvanın şöhrətini daha da artırır. Simpozium çərçivəsində Naxçıvanda olmaq isə mənim üçün ikiqat əlamətdardır. Çünki bu qədim diyarı sevən bir insan kimi buradakı möhtəşəm quruculuq-abadlıq işlərini, sürətli inkişafı bir daha görmək imkanım oldu.
Naxçıvan Muxtar Respublikasının zəngin təbiəti, təmiz havası, saf suyu, gözəl insanları var. Mən bir daha insan amilinə diqqət çəkərək demək istəyirəm ki, Naxçıvanın mehriban, alicənab və yüksək intellektual potensiala malik insanları bu yurdun ən böyük sərvətidir. Məhz belə də olmalıdır. Çünki bu yurd Türk dünyasının böyük oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin vətənidir.
İbad Məmizadə Ağdaşlı – İran İslam Respublikasının Təbriz Universitetinin müəllimi:
– Naxçıvan dahilər yurdu olub, çox böyük şəxsiyyətlər yetişdirib. Təbii ki, həmin dahilərin, elm, siyasət xadimlərinin fövqündə görkəmli dövlət xadimi Heydər Əliyev dayanır. Böyük şəxsiyyət Azərbaycan-İran əlaqələrinin inkişafına əvəzsiz töhfələr verib. Heydər Əliyev Muzeyi ilə tanış olarkən orada saxlanılan tarixi sənədlərə baxanda bunu bir daha xatırladıq və görkəmli dövlət xadimi Heydər Əliyevi hörmətlə, ehtiramla yad etdik.
Bu gün Naxçıvan Muxtar Respublikasında dahi şəxsiyyət Heydər Əliyevin uğurlu siyasi xətti böyük nailiyyətlə davam etdirilir. Elmə, təhsilə göstərilən diqqət də bunu göstərir. “Naxçıvanda Dədə Qorqud” beynəlxalq elmi simpoziumun keçirilməsi, “Kitabi-Dədə Qorqud” dastanları barədə elmi müzakirələrin aparılması həm də Heydər Əliyev yolunun elmi şəkildə davam etdirilməsidir. Çünki mən də bir tədqiqatçı kimi yaxşı bilirəm ki, hələ keçmiş sovet dönəmində dahi şəxsiyyət “Kitabi-Dədə Qorqud” dastanlarının araşdırılması, ortaya çıxarılması üçün böyük işlər görüb. “Naxçıvanda Dədə Qorqud” beynəlxalq elmi simpoziumun keçirilməsi muxtar respublikada mənəvi dəyərlərin qorunması, gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlərin davamlı xarakter aldığını göstərir.
Simpoziumda elmi şəkildə əsaslandırılmış çıxışlarda da qeyd olunduğu kimi, “Kitabi-Dədə Qorqud” dastanlarında nəql olunan hadisələr məhz Naxçıvanda cərəyan edib. Bildiyiniz kimi, dastanda bir sıra boylarda adıçəkilən Qaraçuq, Əlincə qalası, Dərəşam, Şərur kimi coğrafi adlar Naxçıvan ərazisindədir.
Naxçıvan elm və mədəniyyət baxımından çox böyük inkişaf yolu keçib. Biz səfər müddətində bir daha bunun şahidi olduq. Tədbir çərçivəsində Naxçıvanın tarixi yerlərini gəzdik. Çox möhtəşəm idi. Dinamik sürətlə inkişaf edən muxtar respublikada abadlıq və quruculuq işləri bütün sahələri əhatə edib. Bunu hər addımda görmək mümkündür.
Rauf Əliyev