5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları ulu öndərimizin məktəbin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyublar.
Tədbiri giriş sözü ilə məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Namiq Məmmədov açaraq müəllimləri təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Məmməd Qəribov çıxış edərək muxtar respublikada müəllimlərə göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, muxtar respublikada bu sahəni daim irəli aparan, öz peşəsini dərindən sevən peşəkar müəllim ordusu formalaşdırılıb. Cəmiyyətin maariflənməsi, bilikli, vətənpərvər, çalışqan və sağlam gəncliyin yetişdirilməsi yolunda yorulmadan çalışan muxtar respublika müəllimlərinin əməyi layiqincə qiymətləndirilir, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 22 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncamı bu istiqamətdə atılan növbəti mühüm addımdır. Bu sərəncam muxtar respublika müəllimlərinin böyük sevincinə səbəb olub, onların işə məsuliyyətini daha da artırıb.
Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, dosent Surə Seyid çıxış edərək universitetdə müəllim hazırlığının bugünkü vəziyyətindən, Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda təhsilin inkişafı istiqamətində görülən işlərdən danışıb. O, Heydər Əliyev adına tam orta məktəb ilə Naxçıvan Dövlət Universiteti arasındakı əməkdaşlıqdan da söhbət açaraq deyib ki, universitet tələbələrinin pedaqoji təcrübələrinin planlaşdırılması bu məktəblə də aparılır. “Naxçıvan Dövlət Universiteti ilə olan əlaqələrin nəticəsidir ki, hər il bu məktəbdən universitetimizə qəbul olunan tələbələrin sayı artmaqdadır”, – deyən prorektor əlavə edib ki, universitetin məzunları hazırda bu məktəbdə müəllim kimi fəaliyyətlərini davam etdirirlər.
Heydər Əliyev adına tam orta məktəbin müəllimi Gülşən Fətullayeva müəllimlərə göstərilən qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Naxçıvan Dövlət Universitetinin tələbəsi Xeyrənsə Səfərova çıxış edərək bildirib ki, bir ildən sonra o da müəllim kimi fəaliyyətə başlayacaq. Qeyd edib ki, keçirilən təhsil yarmarkaları gənc müəllimlərin məşğulluğunu təmin edir, yüzlərlə gənc müəllim muxtar respublikanın ümumtəhsil məktəblərində işlə təmin olunur.
Sonda dahi rəhbərin adını daşıyan orta məktəbin bir qrup müəllimi pedaqoji fəaliyyətindəki uğurlara görə Fəxri Fərmanla təltif olunub, təhsil ocağının şagirdləri müəllimə həsr olunmuş şeirləri bədii qiraət ediblər.
* * *
“Naxçıvan” Universitetində Beynəlxalq Müəllimlər Günü konsert proqramı ilə qeyd olunmuşdur.
Tədbirin aparıcıları bildirmişlər ki, müəllimlik yüksək bir zirvədir. Müəllimlər millətin xilas yolunu, intibahını haqlı olaraq elm və təhsildə görür, çoxlarının bəhrələnəcəyi maarifçilik irsi və bütöv bir məktəb yaradırlar. Ona görə də müəllimlər cəmiyyətin ən nüfuzlu, ən mötəbər insanlarıdır. Xalqımızın böyük oğlu Heydər Əliyev həmişə milli təhsilimizin müasir tələblər səviyyəsində qurulmasına diqqətlə yanaşırdı. Dahi rəhbərin təhsil siyasətinin uğurlu bəhrələridir ki, milli təhsilimizin məzmunca təkmilləşdirilməsi, müasir dünya təcrübəsi və milli ənənələr əsasında inkişafı təmin edilmiş, Azərbaycançılıq ideologiyasını özündə əks etdirən tədris proqramları, çoxsaylı dərsliklər hazırlanmış, ayrı-ayrı sahələr və fənlər üzrə yeni standartlar tətbiq edilmişdir. “Mən müəllim adından yüksək ad tanımıram”, – deyən ulu öndər aradan uzun illər keçməsinə baxmayaraq, ona dərs deyən müəllimlərin adlarını, soyadlarını hər zaman xatırlamış, onlar haqqında səmimiyyətlə danışmış, hörmət və ehtiramını bildirmişdir. Ölkə başçısı cənab İlham Əliyevin milli elm və təhsilin inkişafı problemlərinin həlli istiqamətində həyata keçirdiyi siyasət də məhz ulu öndərin formalaşdırdığı mütərəqqi ənənələrin davamıdır.
Aparıcılar onu da vurğulamışlar ki, müəllim əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. 2007-ci ildən bu günədək muxtar respublikada 35 müəllimin “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olması bunun əyani ifadəsidir. Həmçinin müəllimlərdən 65-i “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 83-ü “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adlarına layiq görülmüş, 60 müəllim “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Tədbirin bədii hissəsində universitet haqqında video-çarx nümayiş etdirilmiş, İdarəetmə fakültəsi tələbələrinin ifasında vətənimizə həsr olunmuş mahnı və musiqilər səsləndirilmişdir.
Tədbirə universitetin rektoru, professor İsmayıl Əliyev yekun vurmuşdur.
Xəbərlər şöbəsi