Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq, müvafiq nazirlik, komitə və digər təşkilatların əməkdaşları Naxçıvan Dövlət Universitetində olur, tələbələrlə görüşürlər. Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq, adıçəkilən nazirliyin əməkdaşları Naxçıvan Dövlət Universitetində olub, ali məktəbin Sosial idarəetmə və hüquq fakültəsinin Hüquqşünaslıq, Dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə təhsil alan tələbələri ilə görüşüblər.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Emin Səfərov çıxışında deyib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi hüquq və bələdiyyə sahəsində də bilikli, həmçinin öz ixtisasına dərindən yiyələnən gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaq.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan filialının rəis müavini, ədliyyə müşaviri Elman Abbasov bildirib ki, “Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur”, – deyən ümummilli lider Heydər Əliyev digər sahələrdə olduğu kimi, hüquq sahəsində də islahatların əsasını qoyub, ölkəmizdə ədliyyə sisteminə hərtərəfli diqqət və qayğı göstərib. Ümummilli liderimizin dövlət quruculuğu xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üçün mühüm qərarlar qəbul olunub. Ölkə başçısının insan hüquqlarının etibarlı qorunması, hüquqi xidmətin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə tapşırıqlarının icrası üzrə görülmüş tədbirlər nəticəsində Naxçıvanda ədliyyə sistemi öz inkişafının yeni, müasir mərhələsinə qədəm qoyub.
Nazirliyin Bələdiyyələrlə İş Mərkəzinin baş məsləhətçisi, ədliyyə müşaviri Səttar Zamanov “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət” mövzusunda danışaraq deyib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ictimai həyatın bütün sahələrində köklü islahatlar həyata keçirilib. Azərbaycanda yerli özünüidarəetmə sistemi formalaşdırılıb, bələdiyyələr üçün lazımi şərait yaradılıb. Bu təsisatın yarandığı ötən dövr ərzində ölkənin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bələdiyyələr hərtərəfli qayğı ilə əhatə olunub. Eyni zamanda vurğulanıb ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi qanunvericiliklə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə həvalə olunub.
Görüş zamanı tələbələrə hüquq ədəbiyyatı və bələdiyyələrin fəaliyyəti ilə bağlı 5 adda 40 ədəd kitab hədiyyə edilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.
Mina QASIMOVA