“Naxçıvan” Universitetində Pedaqoji və Xarici dillər fakültələrinin əyani şöbə üzrə IV kurs tələbələrinin 2015-2016-cı tədris ilinin birinci yarısında keçdikləri pedaqoji təcrübəyə həsr edilmiş yekun konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə ali təhsil ocağının tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açaraq bildirmişdir ki, ali təhsil müddətində qazanılan nəzəri bilikləri təcrübədə möhkəmləndirmək, peşə vərdişlərinə yiyələnmək baxımından pedaqoji təcrübənin əhəmiyyəti böyükdür. 2015-2016-cı tədris ilinin birinci yarısında universitetin 102 tələbəsi Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə, 8 nömrəli və 15 nömrəli tam orta məktəblərdə pedaqoji təcrübə keçmişlər. Pedaqoji təcrübə müddətində tələbələrin muxtar respublikanın tam orta məktəblərində pedaqoji prosesi əyani şəkildə öyrənmələri, bilik və peşə vərdişlərinə yiyələnmələri üçün hər cür şərait yaradılmışdı.
İbrahim Kazımbəyli həmçinin pedaqoji təcrübə zamanı dərslərin informasiya-kommunikasiya texnologiyaları vasitəsilə keçilməsinin, tələbələrin hazırladığı tərbiyəvi tədbirlərin təşkilinin əhəmiyyətindən də bəhs etmişdir.
Pedaqoji təcrübənin qrup rəhbərləri Arifə Zeynalova, Vaqif Hüseynov, Elnarə Seyidova, Rəcəb Cəfərli, Riyaziyyat-informatika kafedrasının müdiri Məftun Əliyev və metodist Elbrus Vəliyev çıxışlarında bildirmişlər ki, tələbələr təcrübə müddətində yeni metodlardan istifadə etmiş, dərslərinin əksəriyyətini informasiya-kommunikasiya texnologiyaları vasitəsilə keçmiş və VII-VIII siniflərdə keçilən dərslərdə kurikulum üsulunu müvəffəqiyyətlə tətbiq etmişlər.
Təcrübəçi tələbələr çıxış edərək təcrübə zamanı onlar üçün yaradılmış şəraitdən, göstərilən qayğıdan danışmışlar.
Sonda təcrübədə fərqlənən tələbələrə fəxri fərmanlar təqdim olunmuşdur.
Nuray ƏSGƏROVA