Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin təşkilatçılığı ilə elmi-nəzəri seminar keçirilib. Ali təhsil ocağında keçirilən seminarda universitetin Memarlıq və mühəndislik fakültəsinin Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisasının müəllim və tələbələri, eyni zamanda komitə əməkdaşları iştirak ediblər.
Seminarı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş sözü ilə açaraq bildirib ki, son illər muxtar respublikada fəaliyyət göstərən nazirlik və təşkilatlarla ali təhsil müəssisələri arasında əməkdaşlığın möhkəmləndirilməsi öz bəhrələrini verməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası bu əməkdaşlığı inkişaf etdirmək, peşəkar kadr hazırlığının vəziyyətini yaxşılaşdırmaq və tələbələrin təcrübi biliklərinin artırılmasına kömək etmək, onları gələcəkdə işlə təmin etmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov tədbirdə çıxış edərək komitənin muxtar respublikada meliorasiya və irriqasiya sistemlərinin yaradılması, inkişafı və qarşıya çıxan problemlərin həlli istiqamətində gördüyü işlər barədə məlumat verib.
Qeyd olunub ki, komitənin balansında 382 kəhriz, 30-a qədər su anbarı, 108 nasos stansiyası və 856 subartezian quyusu var. Muxtar respublikada içməli və suvarma suyuna olan tələbatın ödənilməsi məqsədilə komitə tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq genişmiqyaslı işlər görülür. Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında bağlanan kredit müqaviləsinə əsasən, Naxçıvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə supaylayıcı şəbəkə tikilib istifadəyə verilib, Azərbaycan Respublikası ilə İslam İnkişaf Bankının birgə maliyyələşdirdiyi və 2012-ci ildən həyata keçirilən “Naxçıvan Muxtar Respublikasında selə qarşı tədbirlər, suvarılan ərazilərin modernləşdirilməsi və genişləndirilməsi” və digər layihələr uğurla həyata keçirilməkdədir.
Komitə sədri çıxışının sonunda bildirib ki, muxtar respublikanın su ilə təminatı və əhalinin suya olan tələbatının ödənilməsi istiqamətində fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi yüksəkixtisaslı kadrların hazırlanması, onların iş yerləri ilə təmin olunması üçün lazımi tədbirlərin görülməsini bundan sonra da davam etdirəcəkdir.
Sonra komitə sədri tələbələrin suallarını cavablandırıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin baş məsləhətçisi Sabir Rzayev komitənin strukturuna tabe olan idarələrin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, komitə muxtar respublikanın su təchizatı, kanalizasiya sistemlərinin çəkilişi, suvarılan ərazilərin genişləndirilməsi və modernləşdirilməsi vəzifələrini həyata keçirir.
Universitetin Meliorasiya və ekologiya kafedrasının müəllimi, Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin şöbə müdiri Səttar Nəsirov məruzəsində Naxçıvan Muxtar Respublikasında mütərəqqi suvarma üsullarının tətbiqindən, müxtəlif suvarma növlərinin fərqli və üstün cəhətlərindən danışıb.
Mehriban SULTAN