Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 29 mart tarixli “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı Naxçıvanda yaşayıb-yaradan musiqiçilərin sevincinə səbəb olmuşdur. 40 illik bir yol keçən kollecin bugünkü inkişaf səviyyəsinə çatmasında həmin təhsil ocağında çalışan müəllimlərin rolu böyükdür. Onlar burada peşəkar musiqiçilərin yetişməsində əllərindən gələni əsirgəməmiş, muxtar respublikada mədəniyyətin inkişafına öz töhfələrini vermişlər. Yubiley ərəfəsində kollecin müəllimlərindən Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Mahirə Məmmədova ilə həmsöhbət olub, təhsil ocağının keçdiyi inkişaf yoluna, qazandığı uğurlara nəzər saldıq. Məlumat üçün bildirim ki, Mahirə müəllimə 1952-ci ildə Ordubad rayonunda anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Milli Konservatoriyasına qəbul olunmuşdur. Naxçıvan Musiqi Kollecinin yaradılması onun təhsil aldığı illərə təsadüf edir. O, təyinatla 1977-ci ildə indiki Naxçıvan Musiqi Kollecində kamança ixtisası üzrə fəaliyyətə başlayır. İndiyə kimi də bu sənət ocağında çalışır. Dərs dediyi tələbələrin əksəriyyəti indi muxtar respublikanın müxtəlif mədəniyyət müəssisələrində səmərəli fəaliyyət göstərirlər. Bu kollecin müəllimi olmağı özü üçün şərəf hesab edən Mahirə Məmmədova 2006-cı ildə Naxçıvan Musiqi Kollecinin 30 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
– Mahirə xanım, 40 yaşlı təhsil ocağının keçdiyi inkişaf yolunun şahidi olmusunuz. İstərdim söhbətimizə elə buradan başlayaq...
– Naxçıvan Musiqi Kolleci musiqisevərlər üçün çox əziz bir sənət ocağıdır. Ona görə ki, kollec ulu öndər Heydər Əliyevin muxtar respublika sakinlərinə bəxş etdiyi hədiyyələrdən və onun yadigarlarından biridir. 1975-ci ildən Naxçıvan Orta İxtisas Musiqi Məktəbi, 1992-ci ildən Naxçıvan Musiqi Texnikumu, 2005-ci ildən isə Naxçıvan Musiqi Kolleci kimi Naxçıvan musiqi mədəniyyətinə dəyərli töhfələr verən bu təhsil ocağı öz fəaliyyətinə 4 ixtisas üzrə başlamışdır. Bu məktəbə fortepiano, xalq çalğı alətləri, xalq mahnıları və muğam, simli alətlər ixtisasları üzrə ilk dəfə 31 nəfər tələbə qəbul edilmiş, onların təhsili ilə 21 nəfər musiqiçi-pedaqoq məşğul olmuşdur. 1977-ci ildə – kollecdə fəaliyyətə başladığım zaman burada böyük sevinc yaşanırdı. Bakıda ifaçıların I respublika müsabiqəsində 6 tələbəmiz uğurla iştirak etdi. İlk uğurlar bu sənət ocağının tanınmasına səbəb oldu. Təkcə Naxçıvan şəhərindən deyil, muxtar respublikanın digər bölgələrindən, ucqar dağ kəndlərindən belə, istedadlı şagirdlər kollecə müraciət etməyə başladılar. Qazanılan uğurlar kollecin bazasının daha da genişlənməsinə şərait yaratdı. Ötən əsrin 70-80-ci illərində regionumuzda keçirilən festival və müsabiqələrdə, dövlət tədbirlərində təhsil ocağının xalq çalğı alətləri orkestri, birləşmiş xoru, xalq çalğı alətləri üçlüyü, vokal qrupu Azərbaycan, eləcə də dünya bəstəkarlarının əsərlərini, xalq musiqi nümunələrini geniş konsert salonlarında sənətsevərlər qarşısında ifa etmişlər. Hələ o zaman “Nəqşi-cahan” və “Əcəmi naxışları” ansamblları Azərbaycan miqyasında tanınırdı.
– Bəs kollecin son illərdəki fəaliyyəti barədə nə deyə bilərsiniz?
– Diyarımızda fəaliyyət göstərən bütün təhsil müəssisələri kimi, Musiqi Kolleci də sürətli inkişaf yoluna 1995-ci ildən sonra qədəm qoymuşdur; uğurları, nailiyyətləri indi daha çoxdur. 1999-cu ildə keçirilən muxtar respublikanın 75 illik yubiley tədbirlərində bu kollektivin üzvləri də uğurla çıxış etdilər. Yubiley şənliklərində iştirak edən ümummilli liderimiz bu çıxışlarına görə kollecin xor qrupunun adını xüsusilə çəkərək xoş sözlər söylədi. Elə sonrakı illərdə də uğur uğuru, nailiyyət nailiyyəti gətirdi. Kollec 2000 və 2004-cü illərdə keçirilən VIII və IX respublika müsabiqələrində Naxçıvanı yüksək səviyyədə təmsil etdi.
Musiqi Kolleci Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin daim diqqət və qayğısı əhatəsindədir. Ali Məclis Sədrinin “Naxçıvan Musiqi Texnikumunun 30 illik yubileyinin keçirilməsi haqqında” 2005-ci il 3 yanvar tarixli Sərəncamına uyğun olaraq, yubileylə bağlı muxtar respublikamızda geniş tədbirlər həyata keçirilmiş, kollecin binası təmir edilərək 2006-cı ilin yanvar ayında istifadəyə verilmişdir. Bu illər ərzində kollecdə bir neçə musiqi kollektivi yaradılmışdır. O kollektivlər ki gənclərin peşəkar musiqiçi kimi yetişməsində böyük rol oynayır. Həmin kollektivlər muxtar respublikanın mədəni həyatında fəal iştirak edir, konsert və bayram tədbirlərində rəngarəng repertuarlarla tədbir iştirakçılarında xoş ovqat yaradırlar. Kollecdə xalq çalğı alətləri, simfonik, nəfəs alətləri, estrada orkestrləri, qədim alətlər, “Dilrüba” muğam, “Gənclik” instrumental, sazçalanlar ansamblları, xor kollektivi, “Naxçıvanqala” ritm qrupu və yallı qrupu fəaliyyət göstərir. Ali Məclis Sədrinin qayğısı ilə yaradılan həmin kollektivlər zəruri musiqi alətləri və avadanlıqlarla təmin olunmuşlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin növbəti sərəncamı ilə kollecin 40 illik yubileyinin geniş şəkildə qeyd olunması, təhsil ocağının binasının yenidən qurulması kollecin müəllim və tələbə kollektivinin, musiqi ictimaiyyətinin böyük sevincinə səbəb olmuşdur.
– Kollecin məzunları müxtəlif mədəniyyət müəssisələrində fəaliyyət göstərirlər. Onların fəaliyyəti sizi qane edirmi?
– Naxçıvan Musiqi Kolleci öz tarixinin ən gözəl günlərini yaşayır. Onun keçdiyi şərəfli yola nəzər salarkən belə qənaətə gəlmək olar ki, Naxçıvan musiqi mədəniyyətini bu təhsil ocağından ayrı təsəvvür etmək qeyri-mümkündür. Məhz bu təhsil ocağının hesabına muxtar respublikada onlarla uşaq musiqi məktəbinin açılması reallaşmışdır. Kollec olmasaydı, Naxçıvan Dövlət Universitetinin Konservatoriyasını yaratmaq da çətin olardı. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncamda qeyd olunduğu kimi: “Ali musiqi məktəbləri üçün fundamental baza rolunu oynayan Naxçıvan Musiqi Kollecinin muxtar respublikada mədəniyyətin inkişafında və orta ixtisaslı musiqiçi kadrların hazırlanmasında rolu böyükdür. Bu təhsil ocağının yalnız musiqiçi kadrlar deyil, həm də hərtərəfli inkişaf etmiş gənc nəslin yetişdirilməsində də xidmətləri vardır”. Bəli, bu gün, demək olar ki, musiqi məktəblərinin pedaqoji kadrlara olan tələbatı Naxçıvan Musiqi Kollecinin istedadlı musiqiçi kadrları hesabına təmin olunmuşdur.
Kollecdə təhsil alan tələbələr yaradılan şəraitdən səmərəli istifadə edir, musiqiçi kimi yetişmək üçün var qüvvələri ilə çalışırlar. Bu günlərdə Bakıdan gələn tanınmış musiqi ifaçılarının iştirakı ilə keçilən ustad dərslərində kollecin tələbələri də iştirak edirdi. Onlar tələbələrimiz haqqında xoş sözlər söylədilər. Bu, bizim üçün yaxşı haldır. Məzunlara gəldikdə isə bu gün biz müəllimlər onlarla qürur duyuruq. Sözün əsl mənasında, onlar Naxçıvanda mədəniyyətin inkişafına öz töhfələrini verirlər. Onların fəxri adlara layiq görülmələri bizi ürəkdən sevindirir. Qarşıdakı illərdə uğurlarımız daha çox olacaq. Bu uğurların təməlində təhsil ocağının fəaliyyəti üçün yaradılan şərait dayanır. Burada oxuyan tələbələr və dərs deyən müəllimlər unutmurlar ki, onlar qədim musiqi sənətimizin gələcəyə daşıyıcılarıdır. Bu vəzifəni layiqincə yerinə yetirməyə çalışan və ulu öndərin yadigarı olan bu kollec artıq özünü təsdiq etdirmiş sənət ocağıdır. Kollecin kollektivi musiqi sahəsindəki çoxillik təcrübəni doğma sənət ocağının bundan sonrakı fəaliyyətinin əsas istiqaməti kimi davam etdirməyi başlıca vəzifələrindən biri sayır. Bundan sonra da istedadlı gənc nəslin yetişdirilməsi sahəsində əzmlə çalışacaq, göstərilən etimadı doğruldacağıq.
Müsahibəni apardı: S.ƏZİMOVA