Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Vidadi Rzayev Naxçıvan Dövlət Universitetində (NDU) tədris olunan Multikulturalizmə giriş və Azərbaycan multikulturalizmi fənlərinin monitorinqini aparmaq məqsədilə həmin ali təhsil ocağında olub.
Universitetin Sosial idarəetmə və hüquq fakültəsində monitorinq keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanı, zəngin multikultural ənənələrə malik ölkə kimi tanınır” fikirlərini səsləndirən ali təhsil ocağının Sosial idarəetmə və hüquq fakültəsinin dekanı, dosent Qərib Allahverdiyev çıxışında mədəni, etnik, dini müxtəlifliyin tənzimlənməsində düzgün siyasət modellərindən birinin də multikulturalizm olduğunu nəzərə çatdırıb.
Sonra universitetin Fəlsəfə və sosial iş kafedrasının müdiri, dosent Novruzəli Rəhimov Sosial iş ixtisasında təhsil alan I kurs tələbələrə “Multikulturalizm və xarici siyasət” mövzusunda açıq dərs keçib.
Açıq dərslə bağlı fikirlərini bölüşən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Vidadi Rzayev ümummilli lider Heydər Əliyevin multikulturalizm siyasətinin ölkəmizin demokratik inkişafının tərkib hissəsi olduğunu, Azərbaycanın bu gün dünyada məhz multikulturalizm mərkəzi kimi tanındığını bildirib.
Qeyd edilib ki, ölkə rəhbərinin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan indi özünün multikulturalizm modelini dünyaya təqdim edir. O, ölkəmizdə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil və tarixlərinin qorunub saxlanılmasına, öyrənilməsinə, inkişaf etdirilməsinə, təbliğinə geniş şərait yaradıldığını diqqətə çatdırıb. Dövlət başçısının 2014-cü il mayın 15-də imzaladığı Fərman ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığını və onun dünyada yeganə Multikulturalizm Mərkəzi olduğunu bildirib.
Vurğulanıb ki, ildə iki dəfə keçirilən monitorinq sözügedən fənləri daha da təkmilləşdirmək, mövcud nöqsanları aradan qaldırmaq məqsədilə aparılır.
Diskussiya şəraitində keçirilən monitorinqdə tələbələri və müəllimləri maraqlandıran suallara aydınlıq gətirilib, bir sıra təkliflər səsləndirilib.
Qeyd edək ki, multikulturalizm dünyanın 11 ölkəsinin nüfuzlu ali məktəblərində, Azərbaycanın isə 20 ali məktəbində tədris olunur.
Mina QASIMOVA