23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsində “Gülüstan türbəsi” və “Əlincəqala” tədqiqat qruplarının yığıncağı keçirilmişdir. Yığıncağı AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açmışdır.
Bildirilmişdir ki, muxtar respublikamızın ərazisində qədim və orta əsrlər dövründə yaradılmış çoxlu maddi-mədəniyyət nümunələrinin, o cümlədən memarlıq abidələrinin bir hissəsi yarandığı vaxtdan keçən müddət ərzində baş verən təbii fəlakətlər, müharibələr zamanı dağılmış, bir qismi isə zəmanəmizədək aşınmış, yarıuçuq vəziyyətdə gəlib çatmışdır.
Son illərdə bu abidələrdən bir qismi bərpa olunmuş, bəzilərində isə hazırda abadlıq-bərpa işləri aparılmaqdadır. Bu abidələr sırasında Gülüstan türbəsi və Əlincəqala da vardır. Ötən müddət ərzində bu abidələrdə xeyli iş görüldüyünü diqqətə çatdıran İsmayıl Hacıyev qarşıda duran vəzifələrdən də danışmış və diqqətə çatdırmışdır ki, aparılan tədqiqatların nəticələrindən ibarət kitablar hazırlanması nəzərdə tutulmuşdur.

“Gülüstan türbəsi” tədqiqat qrupunun rəhbəri, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli bildirmişdir ki, Culfa şəhərinin yaxınlığında qırmızı tuf daşından inşa edilən Gülüstan türbəsi orta əsr Azərbaycan memarlıq abidələri içərisində özünəməxsus yer tutur. Orta əsr mənbələrində bəzən “Kəsik günbəz” kimi xatırlanan, memarlıq-konstruktiv quruluşuna görə Naxçıvanın, bütövlükdə Azərbaycanın türbətipli digər memarlıq abidələrindən fərqlənən bu türbə Sovet hakimiyyəti illərində Araz çayı boyunca çəkilən sərhəd xəttinin arxasında qaldığı üçün baxımsız vəziyyətə düşmüş, bərpa edilməmiş, əhalinin onun yanına getməsinə icazə verilməmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 oktyabr 2015-ci ildə imzaladığı “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” Sərəncamına əsasən, türbənin bərpası və tədqiqi isti­qamətində işlər sürətlə davam etdirilir.
“Əlincəqala” tədqiqat qrupunun rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev çıxışında bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında xalqımızın qədim mədəniyyətinin, qəhrəmanlıq və mübarizə tarixinin izlərini özündə yaşadan qala və istehkamların bərpasına xüsusi diqqət yetirilir. Əlincəqala tarixi abidəsində Azərbaycan tarixinin şanlı səhifələri yazılmışdır. Bu qala Naxçıvanın əyilməzlik simvoludur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən, “Əlincəqala” tarixi abidəsində bərpa işlərinin aparılması muxtar respublikada tarixi abidələrə göstərilən diqqətin nəticəsidir.
Əlincəqalada aparılan tədqiqatlar barədə ətraflı məlumat verən Vəli Baxşəliyev bildirmişdir ki, bərpa işləri zamanı Əlincəqalanın zirvəsinə yol çəkilmiş, gediş-gəliş xeyli asanlaşdırılmışdır. Əlincəqaladakı qədim yaşayış evləri, təsərrüfat binaları, qala divarları, mühafizə yerləri, səngər və bürclər, su hovuzları bütün incəlikləri ilə tədqiq olunmuş, onların forması müəyyənləşdirilmiş və tarixi görkəmi saxlanılaraq bərpa edilmişdir. İnşaat texnikası və planlaşma-məkan quruluşuna görə Naxçıvan memarlıq məktəbinin izlərini özündə əks etdirən qalanın şərq və qərb darvazaları da bərpa edilərək əvvəlki görkəminə qaytarılmışdır.
Tədqiqat qruplarının üzvlərindən AMEA-nın müxbir üzvü Qadir Qədirzadə və Qadir Əliyev bu abidələrdə aparılacaq tədqiqat işlərindən danışmışlar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR