Naxçıvan şəhərindəki Gənclər Mərkəzində yeniyetmələr arasında “Nuh yurdu” intellektual oyununun Naxçıvan Muxtar Respublika birinciliyinə yekun vurulub.
Birincilik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, muxtar respublikanın Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Naxçıvan Muxtar Respublikası “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Nicat Babayev çıxış edərək intellektual oyunun keçirilmə qaydaları haqqında iştirakçılara məlumat verib.
Bildirilib ki, intellektual oyunun keçirilməsində məqsəd Azərbaycanın, o cümlədən Naxçıvanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əməkdaşı Qabil Vəliyev, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Mahir Babayev çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.
Oyunda muxtar respublikanın rayon və şəhərlərində keçirilən birinciliklərdə qalib gəlmiş komandalar iştirak ediblər. 8 komandanın iştirak etdiyi oyun 2 mərhələ və finaldan ibarət olub.
Final mərhələsinə “Möminə xatın”, “Arpaçay”, “Nuh yurdu” və “Zirvə” komandaları vəsiqə qazanıblar. Oyunun nəticələrinə görə I yerə Naxçıvan şəhərinin “Nuh yurdu” komandası, II yerə Kəngərli rayonunun “Möminə xatın” komandası, III yerə isə Şərur rayonunun “Arpaçay” komandası layiq görülüb.
Qaliblər təşkilatçılar tərəfindən diplom, fəxri fərman və kuboklarla mükafatlandırılıblar.
Ceyhun Məmmədov