Azәrbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant müsabiqəsinin nəticələri açıqlanıb. Müsabiqənin nəticələrinə görə, Qarabağ tədqiqatları üzrə 3-cü “Şuşa qrantı” müsabiqәsində AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, dosent Elman Cəfərli, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanov və dosent Emin Şıxəliyevin təqdim etdiyi “Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında Naxçıvanın yeri və ermənilər tərəfindən törədilən soyqırımların pərdəarxası” mövzusunda layihə qalib olmuşdur.
Bölmənin əməkdaşları Azәrbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun gәnc alim vә mütәxәssislәrin 3-cü qrant müsabiqәsində də fərdi layihələrlə iştirak ediblər. 72 layihənin iştirak etdiyi müsabiqədə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, dosent Nigar Sadıqzadə “Naxçıvan ədəbi mühiti: problemlər və perspektivlər”, Bioresurslar İnstitutunun əməkdaşı Günel Seyidzadə “Naxçıvan Muxtar Respublikası florasında yayılan Triticum L. cinsinə daxil olan yabanı taxıl növlərinin toplanması, çoxaldılması və təbii zonalarına reintroduksiyası” layihələri ilə qalib olublar.
Qeyd edək ki, AMEA Naxçıvan Bölməsi indiyədək 12 qrant layihə ilə müsabiqələrdə iştirak edib. 27 nəfər bu layihələrdə qalib olub. Belə ki, bölmənin əməkdaşları “Naxçıvan folklorunun toplanması, elmi tədqiqi və nəşri”, “I Kültəpə və onun ətrafında araşdırmalar”, “Naxçıvanın toponimlərinin elmi-linqvistik təhlili”, “Naxçıvan Muxtar Respublikasının yeraltı sərvətlərindən molibden (VI) oksidin, sürmə (III) sulfidin və farmaseptik təmiz natrium-xloridin yeni alınma metodlarının işlənməsi”, “AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanası üçün spektrometrik cihazların düzəldilməsi, quraşdırılması, “Seyss-600” teleskopunda sınaq müşahidələrinin aparılması, ixtisaslı elmi-texniki kadrların hazırlanması və spektroskopik tədqiqatların həyata keçirilməsi”, “Naxçıvan Muxtar Respublikasında rəsmi dərman bitkilərinin genofondunun müəyyənləşdirilməsi, təbii ehtiyatı bol olan rəsmi dərman bitkilərindən səmərəli istifadə olunması və mühafizəsinin elmi əsasları”, “Naxçıvan Muxtar Respublikasının yeraltı sərvətlərindən yüksək temperatura davamlı istilikizolyasiya materialların və seolitlərin alınma metodlarının işlənməsi” layihələri ilə qrant müsabiqələrinin qalibi adını qazanıblar.
Nərgiz İSMAYILOVA