Qanunsuz yolla ali təhsil haqqında əldə edilmiş sənədin həqiqi adı – itirilmiş illər və vəsaitlər
Bir neçə ildir ki, əksəriyyətimiz “imtahansız və yalnız attestatla xaricdə təhsil almaq” kimi fikirləri tez-tez eşidirik. Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi internet səhifəsində bildirilir ki, nazirlik xaricdə təhsil sahəsində, xüsusən də dövlət proqramı ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır. Buna görə də bu yolla xaricə təhsil almağa gedən gənclər aldıqları diplomla ölkəmizdə iş yeri tapa bilmir. Xüsusilə də dövlət orqanlarında işə qəbul olunmaq üçün həmin diplom yararsız hesab olunur. Buna baxmayaraq, gənclərimiz, valideynlər imtahansız və yalnız attestatla xaricdə təhsil almaq kimi vədlərə uyaraq aldadılır. Təəssüf ki, bu hallara muxtar respublikamızda da rast gəlinir. Məhz bu yolla təhsil almaq kimə və nəyə xidmət edir? Bunun üçün qısa araşdırma apardıq.
Əvvəlcə bu məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə müraciət etdik. Nazirliyin aparat rəhbəri Rəşad Xudiyev bildirdi ki, bəzi şəxslər və təşkilatlar valideynlər və abituriyentlərin məlumat azlığından istifadə edərək reytinqi və təhsilinin keyfiyyəti qat-qat aşağı olan universitetlərə “sadələşdirilmiş yollarla tələbə qəbulunu” təşkil edirlər.
Azərbaycan Respublikasında test imtahanında keçid balını toplaya bilməyən bir abituriyentin xaricdə necə təhsil alacağı ciddi suallar doğurur. Deməli, imtahansız qəbul aparan universitetlərin məqsədi təhsil vermək deyil, pul qazanmaqdır. Həmin universitetləri isə sonradan keyfiyyətsiz təhsilə görə heç kəs cəzalandıra bilmir və diplomların tanınması zamanı heç kəs məsuliyyəti öz üzərinə götürmək istəmir. Hazırda xaricdə təhsilin əhəmiyyəti bir daha qiymətləndirilərək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarında müəyyən olunmuş bal həddini keçən və xaricdə təhsilini davam etdirmək istəyən məzunlara daha geniş imkanlar yaradılıb, müəyyən şərtlər daxilində seçilən məzunların nüfuzlu ali məktəblərdə təhsil almaları üçün lazımi köməklik göstərilir. Valideyn və abituriyentlərdən xahişimiz bundan ibarətdir ki, əldə olunacaq diplomların yiyələnməli olduqları təhsildən daha önəmli olduğunu düşünməsinlər. Əks halda, xarici dövlətlərin ali təhsil müəssisələrini başa vurduqdan sonra əldə etdikləri bu diplomlar rəsmən tanınmayacaq. Bir daha abituriyentlərin və onların valideynlərinin diqqətinə çatdırmaq istərdik ki, Azərbaycan Respublikasında ali təhsil almağın bir yolu var – yüksək səviyyədə ümumi orta təhsil aldıqdan sonra yalnız və yalnız Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə imtahan verdikdən, lazımi bal həddini keçdikdən sonra Azərbaycan Respublikasında və ya xaricdə təhsil almaq.
Nazirliyin məsul şəxsinin dediyindən də aydın olur ki, ölkəmizdə və xaricdə ali və orta ixtisas təhsili məktəblərinə qəbul yalnız Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə aparılır. Dövlətimiz xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyaları ixtisaslarına yiyələnmiş və beynəlxalq təcrübəni yaxşı mənimsəmiş yüksək hazırlıqlı mütəxəssislərin olmasında maraqlıdır. Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almasını və ölkənin inkişafında yaxından iştirak etməsini təmin etmək məqsədilə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikasının Prezidenti 2006-cı il 19 oktyabr tarixli Sərəncam imzalayıb. Bu sərəncama uyğun olaraq hazırlanmış “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması məqsədinə xidmət edir. Adıçəkilən proqramdan kənar və Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə ali və orta ixtisas təhsili məktəblərinə qəbul olunmayan gənclərin saxta yolla xarici ölkələrdə aldıqları diplom qeyri-qanunidir.
Ancaq son zamanlar çox aşağı nəticə göstərən abituriyentlərin imtahan vermədən xarici ölkə universitetlərində təhsil almaq halları çoxalıb. Qeyd edək ki, qəbul imtahanında 0-100 arası bal toplayan abituriyentlərin valideynləri belə qəbul forması ilə çox maraqlanırlar. Bəzi işbazlar da valideynlərin və abituriyentlərin məlumatsızlığından istifadə edərək onları aldadır, külli miqdarda vəsaitini mənimsəyir, təhsil keyfiyyəti çox-çox aşağı olan universitetlərdə oxumaqlarına “kömək edirlər”. Təəssüf ki, bu hallar muxtar respublikaya da yol açıb. Düzdür, son vaxtlar bu hallara qarşı ciddi şəkildə mübarizə aparılır. Ancaq biz jurnalistlərin də üzərinə mühüm vəzifələr düşür. Heç şübhə yoxdur ki, həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikada belə işbazlara rast gəlinməyəcək. Ancaq valideynlərimiz və gənclərimiz muxtar respublikadan kənarda bəzi insanların, şirkətlərin bu yalançı vədlərinə inanır, övladlarının bu yolla təhsil almasını istəyirlər. Elə onlardan biri Naxçıvan şəhər sakini Aybəniz Abbasquliyevadır. Aybəniz xanımın oğlu ötən ilin qəbul imtahanlarında 0-100 arası bal toplayıb. Övladının tələbə olmaq arzusuyla yaşayan ailə xaricdə imtahansız təhsil almaq kimi vədlərə uyaraq həmin işbazlarla əlaqə yaradıb, külli miqdarda pul ödəyərək oğlununun xaricdə təhsil almasına müvəffəq olub. Ancaq son günlərdə bu yolla əldə olunan diplomun qeyri-qanuni olduğunu başa düşən Aybəniz xanım təşvişə düşüb. O, oğlunun təhsilini dayandırmaq fikrindədir.
Bu yolla xaricə təhsil almağa gedib və hazırda təhsilini dayandırıb muxtar respublikaya qayıdan gənclərimiz də az deyil. Onlardan biri də Sərxan Qafarovdur. O da ötən il xaricdəki universitetlərin birində təhsil almağa gedib. Bu il isə təhsilini dayandırıb. Bir çox çətinliklərlə qarşılaşan Sərxan çox peşmandır. İndi muxtar respublikada işlə də təmin olunub. Evlərin təmiri ilə məşğuldur. Dediyinə görə, aylıq gəliri də pis deyil.
Babək rayonunun Vayxır kənd sakini Rəhman Məmmədov oğlu Seymurun xaricdəki təhsilini dayandırıb. Maddi çətinliklərlə yanaşı, həm də çıxan söz-söhbətlər Rəhman müəllimi də şübhəyə salıb. Qeyd etməliyəm ki, Seymur artıq yenidən qəbul imtahanlarına hazırlaşır. Ən böyük arzusu Naxçıvan Dövlət Universitetinin tələbəsi olmaqdır. Rəhman Məmmədov inanır ki, oğlu bu arzusuna çatacaq.
Onu da deyim ki, belə valideynlərin, gənclərin sayını artırmaq olar. Amma bir neçəsini oxucularımızla tanış elədik ki, buna qarşı hamılıqla mübarizə aparaq, nə valideynlərimiz, nə gənclərimiz belə oyunların qurbanı olmasınlar.
Bu il sentyabr ayının 15-də “Naxçıvan” Universiteti üçün inşa olunan yeni universitet şəhərciyinin istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu məsələyə toxunaraq deyib: “Biz bu gün ali və orta ixtisas təhsili müəssisələrində oxuyan gənclərimizə baxarkən qürur duyuruq. Ona görə ki, onlar sabahımızın etibarlı təminatçılarıdır. Bu gün fürsətdən istifadə edərək bizi narahat edən bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Son vaxtlar ali məktəblərə qəbulla əlaqədar “müəyyən şəxslər” insanlar üçün bu həssas məsələdən sui-istifadə edərək qəbul imtahanlarında 0-100 arası bal toplayan və ya orta ümumtəhsil sənədi olan gəncləri qeyri-qanuni yolla bəzi xarici ölkələrdəki ali məktəblərə təşviq edərək asan qazanc götürmək istəyirlər. Təəssüf ki, bəzi gənclər və valideynlər də belə “şəxslərə” inanırlar. Onların nəzərinə çatdırmaq istəyirik ki, ölkəmizdə və xaricdə ali və orta ixtisas təhsili məktəblərinə qəbul yalnız bir yolla – Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə aparılır. Bundan kənarda ölkəmizdə və xaricdə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qeyri-qanunidir. Bu cür “şəxslərin” yalan vədlərinin təsiri altına düşən gənclər və onların valideynləri bilməlidirlər ki, Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə ali və orta ixtisas təhsili məktəblərinə qəbul olunmayan gənclərin saxta yolla xarici ölkələrdə aldıqları diplomun ölkəmizdə hüquqi qüvvəsi yoxdur. Bu diplomların sahibləri heç bir dövlət orqanında və təşkilatda işlə təmin oluna bilməyəcəklər. Qanunsuz yolla ali təhsil haqqında əldə edilmiş belə sənədin həqiqi adı isə – itirilmiş illər və vəsaitlərdir”.
P.S. Bəli, hörmətli valideynlər, gənclərimiz!Yalan vədlərə uymayaq. Xaricdəki ali təhsil ocağı bilik səviyyəsi çox-çox aşağı olan bir gənci tələbə kimi qəbul edirsə, nə məqsəd daşıyır? Bu işdə maraqlı olan universitetlərin nələrə və kimlərə xidmət etdiyi hamını ciddi düşündürməlidir. Heç bir valideyn istəməz ki, övladının gələcəyi məhv olsun. Bəli, hamı istəyir ki, övladı tələbə adını qazansın, ali təhsil alsın. Bunun üçünsə zəhmət çəkib oxumaq lazımdır. Muxtar respublikada təhsilə göstərilən qayğı göz qabağındadır. Təbii ki, hər oxuyan da Molla Pənah olmaz. Bilik səviyyəsi aşağı olan gənclərimiz müxtəlif peşələrə yiyələnə bilərlər. Bu gün muxtar respublikamızda müasir peşə məktəbləri fəaliyyət göstərir. Xaricdə bu yolla təhsil almaqdansa, niyə peşə təhsilini seçməyək? Regionumuzda müxtəlif peşə sahiblərinə ehtiyac var. Özü də peşələrə yiyələnənlər heç də az qazanmır. Ya da o qədər vəsaiti boş yerə sərf etməkdənsə, övladınız üçün kiçik sahibkarlıq sahəsi yarada bilərsiniz. Onda həm övladınız qazanacaq, həm də dövlətimiz. Gəlin bir daha düşünək.
Sara Əzimova