Naxçıvan Dövlət Universitetində (NDU) Avropa İttifaqının TEMPUS proqramı çərçivəsində “Davamlı turizmin idarə olunması sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması” adlı üçgünlük təlim keçirilir.
Təlimin birinci günü universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov sözügedən layihənin rəhbərləri ilə görüşüb, təlimin işinə uğurlar arzulayıb.
Rektor universitetin keçdiyi inkişaf yolu, həmçinin beynəlxalq əlaqələri haqqında qonaqlara ətraflı məlumat verib, Avropa təhsil prosesini özündə əks etdirən TEMPUS proqramının mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Bildirilib ki, Naxçıvan Dövlət Universitetinin TEMPUS proqramı ilə qarşılıqlı əməkdaşlıq şəraitində 7 layihənin iştirakçısı olması, Türkiyə universitetləri ilə qarşılıqlı müəllim və tələbə mübadiləsini nəzərdə tutan “Mövlana” Mübadilə Proqramı çərçivəsində həyata keçirilən tədbirlər, ERASMUS MUNDUS, ERASMUS-HUMERİA proqramları təhsilin və tədrisin müasir tələblər səviyyəsində qurulmasına xidmət edir. Ali təhsil ocağının bütün binaları arasında fiber-optik kabellə şəbəkə qurulduğunu, 108 hektarlıq kampusda simsiz internet şəbəkəsi yaradıldığını da nəzərə çatdıran rektor virtual əməkdaşlığın genişləndirilməsi, beynəlxalq videokonfransların təşkili üçün universitetdə lazımi şəraitin olduğunu bildirib.
Qonaqlara universitetin İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzində quraşdırılan server avadanlıqları, elektron mühafizə və müşahidə sistemləri, imtahanların elektron qaydada keçirilməsi haqqında da məlumat verilib.
Layihənin Naxçıvan Dövlət Universiteti üzrə koordinatoru, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədov, layihənin meneceri, Almaniyanın Yade Tətbiqi Elmlər Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Gila Altmann və layihənin rəhbər komitəsinin üzvü, birinci işçi qrupun rəhbəri, Almaniyanın Vorms Tətbiqi Elmlər Universitetinin vitse-prezidenti, professor Knut Şerbaq çıxışlarında sözügedən layihə bitdikdən sonra universitetlərarası əməkdaşlığın davam etdirilməsi ilə bağlı fikirlər səsləndiriblər. Onlar layihə çərçivəsində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər. Qeyd olunub ki, layihənin müddəti daha bir il uzadılıb.
Görüşdən sonra təlim öz işinə başlayıb.
Təlimdə layihənin Azərbaycan üzrə tərəfdaş təşkilatları sırasında olan Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Naxçıvan Dövlət Universitetinin nümayəndələri, müəllim və magistrlər iştirak edirlər.
Qeyd edək ki, təlimdə “destinasiya menecmenti”, “davamlı turizm”, “ekoturizm” və digər modullar üzrə seminar-məşğələlər keçirilir, müzakirələr aparılır.
Mina Qasımova