28 avqust 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmiş və digər təşkilatlarla yanaşı, təhsil müəssisələrinin də payız-qış mövsümündə fasiləsiz fəaliyyətinin təmin olunması ilə bağlı konkret tapşırıqlar verilmişdir. Verilən tapşırıqlara uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən ardıcıl işlər həyata keçirilir.
Görülmüş işlərin davamı olaraq, payız-qış mövsümündə müəssisələrin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə muxtar respublikamızda neftlə qızdırılan təhsil müəssisələrinə soba, soba borusu, dirsək, şifer, şüşə və polietilen örtük verilmişdir. Verilən mal-material birbaşa mərkəzləşdirilmiş qaydada rayonlar üzrə bölünmüş və təhsil müəssisələrinə çatdırılmışdır.
Muxtar respublika rəhbəri tərəfindən yaradılan bu şərait təhsil işçilərinə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi olmaqla təhsilin səviyyəsinin yüksəldilməsi üçün stimul yaradır.
Təhsil Nazirliyi mal-materialdan səmərəli və təyinatı üzrə, düzgün idarə edilməsi, məktəblərdə təhlükəsizlik qaydalarına əməl olunmasını nəzarətə götürməklə payız-qış mövsümündə təhsil müəssisələrinin fasiləsiz fəaliyyətinin təmin olunmasına çalışacaqdır.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat
xidməti