Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamına uyğun olaraq, Naxçıvan Dövlət Universitetinin Mühasibat uçotu və audit ixtisası Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin hamiliyinə verilib. Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı nazirlik tədbirlər planı hazırlayıb. Tədbirlər planına uyğun olaraq, Naxçıvan Dövlət Universitetində Mühasibat uçotu və audit ixtisasında təhsil alan tələbələrlə görüş keçirilib.
İqtisad fakültəsinin dekanı, iqtisad elmləri doktoru, professor Asif Şirəliyev Naxçıvanda təhsilin inkişafı istiqamətində görülən işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Hikmət Cəfərov adıçəkilən sərəncamın muxtar respublikadakı ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslarda təhsil alan tələbələrin yüksək səviyyədə hazırlığı, mühasibat uçotu və audit sahəsində kadr potensialının formalaşması baxımından əhəmiyyətindən bəhs edib, nazirliyin iş prinsipi haqqında ətraflı məlumat verib.
Maliyyə Nazirliyinin Dövlət aparatının və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin müdiri Bulqeyis Novruzovanın “Dövlət büdcəsinin mahiyyəti və planlaşdırılması” mövzusunda çıxışı olub.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Mina QASIMOVA