Naxçıvan Dövlət Universitetində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin komandaları arasında 4 turdan ibarət bilik yarışı keçirilib. Yarışda adıçəkilən fakültənin 7 ixtisası üzrə təhsil alan I və II kurs tələbələrindən ibarət 7 komanda iştirak edib.
Xalqımızın böyük oğlu Heydər Əliyevin həyatı və fəaliyyətindən bəhs edən, Azərbaycan tarixi, coğrafiya, məntiq və digər sahələr üzrə 70 test sualından ibarət bilik yarışı maraqlı və yaddaqalan olub. Gərgin mübarizə nəticəsində İngilis dili müəllimliyi ixtisasının komandası qalib gələrək I yerə çıxıb. Beynəlxalq münasibətlər və tərcüməçilik (ingilis dili) ixtisasının komandaları isə II və III yerləri bölüşüblər.
Qeyd edək ki, bilik yarışı növbəti günlərdə digər fakültələrdə də təşkil olunacaq və sonda qalib gələn komandalar finalda qarşılaşacaqlar. Qalib komandalar, eyni zamanda yarışın fəal iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Mina QASIMOVA