Naxçıvan Muxtar Respublikasında yeni təhsil müəssisələrinin tikilməsi, fənn kurikulumları və təhsil standartlarının tətbiqi, informasiya-kommunikasiya texnologiyalarına təlim prosesində geniş yer ayrılması, milli-mənəvi irsimizin öyrənilməsi üçün interaktiv əlaqələrin təşkili, nümunə dərslərinin tədrisi, distant təhsilin reallaşdırılması təhsil sahəsində uğurların qazanılmasına şərait yaratmışdır.
Tikilən və ya əsaslı şəkildə yenidən qurulan bütün təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, məktəblər ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuşdur. Ümumtəhsil məktəblərində 635 elektron lövhə quraşdırılmış və təhsil müəssisələrinə 3801 dəst kompüter verilmişdir ki, onların da 2966-sı internet şəbəkəsinə qoşulmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 20 iyun 2014-cü il tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının icrası nəticəsində Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində milli-mənəvi dəyərlərimizi özündə əks etdirən muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr yaradılır ki, bu da şagirdlərin biliklərinin və milli-mənəvi irsimizə marağının artırılmasında mühüm rol oynayır. 2015-2016-cı tədris ili ərzində Heydər Əliyev Muzeyi, Naxçıvan Dövlət Tarix Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi və digər muzeylərlə ümumtəhsil məktəbləri arasında canlı bağlantılar yaradılaraq dərslər keçirilmişdir.