Naxçıvan Dövlət Universitetində keçirilən konfransı giriş sözü ilə ali məktəbin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq bildirib ki, muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə Naxçıvanda informasiya texnologiyalarının geniş tətbiq olunması və daha da inkişaf etdirilməsi, sürətli internet şəbəkəsinin yaradılması istiqamətində mühüm dövlət əhəmiyyətli proqramlar həyata keçirilməkdədir. Naxçıvan Dövlət Universitetində müasir texnologiyaların mənimsənilməsi, təhsilin informasiyalaşdırılması istiqamətində mühüm nəticələr əldə olunub. Universitetdə internet mərkəzləri və müasir texnologiyalarla təchiz olunmuş auditoriyaların mövcud olması, elektron kitabxana yaradılması bu sahədə qazanılan nailiyyətlərdən xəbər verir. Muxtar respublikada təhsilin inkişaf strategiyası ilə bağlı qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi məqsədilə ali təhsil ocağında “Elektron təhsil” və “Elektron universitet” layihələrinin həyata keçirilməsi, semestr və dövlət imtahanlarının elektron test üsulu ilə aparılması milli təhsil tariximizdə əlamətdar hadisələrdəndir.
Tədbirdə “Elektron Naxçıvan” filmi nümayiş etdirilib. Filmdə tamaşaçıların diqqətinə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə Naxçıvan Dövlət Universitetində 2005-ci ildə gerçəkləşdirilmiş “Elektron Naxçıvan” layihəsi “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində atılan ilk əhəmiyyətli addımlardan olub. Bu layihə çərçivəsində 2006-cı ildə “Elektron Naxçıvan-2: elmin və təhsilin inkişafında informasiya və kommunikasiya texnologiyalarının rolu və əhəmiyyəti”, 2007-ci ildə “Elektron Naxçıvan-3: informasiya cəmiyyəti: reallıqlar və perspektivlər”, 2008-ci ildə “Elektron Naxçıvan-4: uzaq regionlar üçün səciyyəvi olan informasiya və kommunikasiya texnologiyaları problemləri”, 2010-cu ildə “Elektron Naxçıvan-5: nəticələr və vəzifələr”, 2011-ci ildə “Elektron Naxçıvan-6: Naxçıvan Dövlət Universitetində və əlaqədar olduğu lokal şəbəkədə İKT-nin vəziyyəti”, 2012-ci ildə “Elektron Naxçıvan-7: lokal şəbəkədə informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanları” mövzularında beynəlxalq konfranslar keçirilib. 2013-cü ildə keçirilən, Naxçıvanda informasiya-kommunikasiya texnologiyalarının inkişaf göstəricilərindən bəhs edən “Elektron Naxçıvan-8” mövzusunda elmi konfrans Naxçıvan Dövlət Universitetinin Elektron Kitabxanasının açılışı ilə yadda qalıb. 2014-cü ildə “Elektron Naxçıvan-9: informasiya-kommunikasiya texnologiyaları və tədris” mövzusunda beynəlxalq simpozium keçirilib. Bu beynəlxalq tədbirlərdə dünyanın məşhur mütəxəssislərinin iştirakı ilə informasiya-kommunikasiya texnologiyalarının inkişafının prioritet istiqamətləri müəyyənləşdirilib, müxtəlif ölkələrin elm və təhsil müəssisələri ilə videobağlantılar qurulub. Ənənəvi “Elektron Naxçıvan” layihəsinin onillik yubileyi 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə “Elektron Naxçıvan-10: təhsil prosesinin təkmilləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının rolu” mövzusunda Naxçıvan Dövlət Universitetində keçirilən beynəlxalq konfransla qeyd edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov konfransda çıxış edərək deyib: “Artıq 10 ildir ki, keçirilən “Elektron Naxçıvan” konfransları nəinki Naxçıvan Dövlət Universitetində, ümumilikdə muxtar respublikada informasiya cəmiyyətinə keçid və elektron təhsilin inkişafı sahəsində mühüm mərhələyə çevrilib. Bu da öz bəhrəsini vermiş, son illər Naxçıvan Dövlət Universitetində İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi, distant tədris şəbəkəsi və multimedia infrastrukturu qurulmuş, elektron təhsil sistemi yaradılmışdır. Elektron təhsil sisteminin formalaşdırılması mürəkkəb və çoxşaxəli prosesdir. Ona görə ki, informasiya texnologiyaları daim inkişafdadır. Bu inkişafla ayaqlaşmaq və dünya təcrübəsindən yararlanmaq isə qarşıda duran əsas vəzifələrdəndir”.
Filmdə o da qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası bu gün regionda əsas tranzit informasiya mübadiləsi məkanına çevrilib. Beşminillik tarixə malik qədim Nuh yurdunda gerçəkləşdirilən “Elektron Naxçıvan” layihəsi dünyaya açılan virtual pəncərədir. Bu möhtəşəm pəncərədən qloballaşan dünyanın, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının bu günü və sabahkı inkişafı bütün aydınlığı ilə görünür.
Konfransda AMEA Nizami adına Ədəbiyyat İnstitutu və Fransanın Montopelye Universiteti ilə videobağlantı yaradılıb.
Tədbirdə universitetin Xarici tələbələrlə iş üzrə fakültəsinin dekan müavini Hüseyn Qasımovun “Naxçıvan Dövlət Universitetində elektron təhsil sisteminin dünəni və bu günü”, bu ali təhsil ocağının elektron kitabxanasının müdiri Fariz Əhmədovun “Elektron kitabxananın müasir təhsil sistemində rolu” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə qeyd edilib ki, 2015-ci ildə universitetdə “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu” layihəsi tamamlanıb. 2013-cü ildə təməli qoyulmuş bu layihə Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə uğurla həyata keçirilib. Layihə çərçivəsində müasirtipli İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi istifadəyə verilib. Mərkəzdə müasir texnologiyalar, 30 terabayt həcmində xüsusi serverlər və internet paylaşdırıcılar, universitetdə təhlükəsizliyi təmin etməyə, elektron imtahanların gedişini müşahidə etməyə xidmət edən kamera-nəzarət sistemi fəaliyyət göstərir. Layihənin digər tərkib hissəsi – rəqəmsal multimedia infrastrukturu videodərslərin hazırlanması və distant tədrisin tətbiqini reallaşdırmağa geniş imkanlar açır. Universitet televiziyasındakı müasir texnologiyalar, yeni quraşdırılmış virtual studiya videodərslərin yazılması və internet portalında yerləşdirilməsi ilə yanaşı, adıçəkilən televiziyanın və “Nuhçıxan” radiosunun Naxçıvan şəhərində HD formatda yüksəkkeyfiyyətli yayımına da şərait yaradıb. Layihə çərçivəsində universitet şəhərciyində 3900 metr optik kabel xətti çəkilib, tədris korpuslarının internet xətləri yenilənərək 14 server otağı qurulub. Bu müasir texnologiyalar virtual əlaqələrin inkişafına, beynəlxalq videokonfransların təşkilinə, tədris, imtahan və qiymətləndirmə proseslərinin daha şəffaf və çevik formada aparılmasına imkan verir.
Səbuhi Hüseynov