23 Dekabr 2024, Bazar ertəsi

Ümummilli liderimiz Heydər Əliyev doğma Naxçıvan haqqında daim düşünür və deyirdi: “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”. Bu gün hər bir naxçıvanlı böyük fəxr hissi ilə deyə bilər ki, dahi rəhbərin arzu və istəkləri bu qədim diyarda sonsuz məhəbbətlə həyata keçirilib və keçirilməkdədir. Odur ki hər bir naxçıvanlı belə məmləkətdə yaşamaqdan, yaratmaqdan qürur hissi duyur. Belə hissləri fəxrlə ulu öndərin adını daşıdığı məktəbin kollektivi də yaşayır. Bir qədər geriyə qayıdaq.

2004-cü il sentyabrın 2-si. Muxtar respublika sakinlərinin yaddaşında uzun müddət yaşayacaq unudulmaz bir tarix. Həmin gün Naxçıvan şəhərində müstəqil Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin adını daşıyan təhsil ocağının möhtəşəm binası istifadəyə verildi. Bu, sadəcə, bir məktəb binasının istifadəyə verilməsi deyildi, ümummilli liderimizin təşəbbüsü ilə tikilən və onun adına ucaldılan bir abidənin açılışı idi. Açılış mərasimində iştirak edən dövlət başçısının dediyi: “Bu məktəb çox yüksək səviyyədə tikilmiş və ən müasir dünya standartlarına cavab verir. Bu həm memarlıq baxımından gözəl binadır, eyni zamanda burada yüksək səviyyədə təhsil almaq üçün hər cür şərait vardır. Bu məktəbin tikintisi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanıb. Heydər Əliyev bu məktəbin tikintisinə çox böyük diqqətlə yanaşırdı, istəyirdi ki, bu təhsil ocağı Azərbaycanda bir nömrəli məktəb olsun” tövsiyəsi pedaqoji kollektivin məsuliyyətini daha da artırıb.

Bəli, 12 ildir ki, məktəbin kollektivi təhsil ocağında ölkə Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyələrinə əməl edərək milli təhsilimizin tərəqqisi naminə çalışır, müstəqil dövlətimizin gələcəyi üçün bilikli, vətənpərvər, müstəqilliyimizin keşiyində durmağı vətəndaşlıq borcuna çevirən gənclər yetişdirilməsi üçün bütün imkanlarını səfərbər edir. Məktəbin müəllimləri unutmurlar ki, burada görülən hər bir iş ulu öndərin adına, Onun ideyalarına layiq olmalıdır. 12 il ərzində məktəbi yüksək qiymətlərlə bitirənlərdən fərqlənmə attestatı, qızıl və gümüş medal alan məzunlar etimadı yüksək səviyyədə doğruldublar. Məktəbin 1 nəfər şagirdinin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na salınıb.
Məktəbdə hazırda 1130 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 104 müəllim məşğul olur. Burada 61 sinif komplekti, 5 elektron lövhəli sinif, 57 kompüter dəsti ilə təmin olunmuş 3 kompüter otağı vardır. Keçilən dərslərdə dövlət rəmzlərinə, müstəqilliyimizə, Azərbaycan xalqının tarixinə, dilinə, adət və ənənələrinə, milli dəyərlərinə hörmət və qayğı aşılanır, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi diqqət mərkəzində saxlanılır. Kollektiv çalışır ki, məktəbdə fiziki cəhətdən hazırlıqlı, bilikli, eyni zamanda Azərbaycan dövləti və xalqı qarşısında öz məsuliyyətini dərk edən, Azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən gənclər yetişdirilsin. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sözləri pedaqoji kollektivin devizinə çevrilib: “Bizim təhsilimizin məqsədi təkcə savadlı, intellektli gənclər yetişdirmək deyil, həm də yüksək mənəviyyatlı, Azərbaycan xalqının milli dəyərlərinə sadiq, vətənpərvər gənclər yetişdirməkdir. Bununla yanaşı, təhsilimizin məqsədi Azərbaycan vətəndaşını, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü yetişdirməkdir”.
Məktəbin qazandığı uğurlar belə deməyə əsas verir ki, pedaqoji kollektiv məsuliyyətini dərindən dərk edir, işini dahi rəhbərin adına layiq səviyyədə qurmağa səy göstərir. Elə bu səbəbdəndir ki, Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının statistik məlumatlarında Heydər Əliyev adına tam orta məktəb ölkəmizin ən yaxşı məktəbləri sırasında layiqli yerini qorumaqdadır.
Təhsil müəssisəsində şagirdlərin ideya-siyasi tərbiyəsinə, müasir düşüncə tərzinin formalaşdırılmasına, onların milli və ümumbəşəri dəyərləri mənimsəmələrinə, vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. Hər il əlamətdar günlərlə bağlı yaddaqalan tədbirlər keçirilir. Məqsəd isə ondan ibarətdir ki, şagirdlər intellektual səviyyədə biliklərə yiyələnməklə yanaşı, Heydər Əliyev ideyalarına, Heydər Əliyev yoluna, dövlətimizə, müstəqilliyimizə sadiq vətəndaşlar kimi yetişsinlər. Ümummilli liderimiz Heydər Əliyevlə bağlı keçirilən müsabiqələrdə məktəbin şagirdlərinin fəal iştirakını da xüsusi qeyd etməliyik. Hər il keçirilən müsabiqələrdə məktəb yeni uğurlara imza atır.
Məktəbdə hazırlanan elektron tədris vəsaitləri kompakt disklər şəklində muxtar respublikanın digər ümumtəhsil məktəblərinə də göndərilir. Kollektivin üzvləri ictimai-siyasi proseslərdə də öz fəallıqları ilə seçilirlər.
Təhsil ocağında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin, siyasi irsinin şagirdlərə öyrədilməsində müxtəlif metodlardan istifadə olunur. Heydər Əliyev lektoriyalarında ulu öndərin Azərbaycan xalqı üçün həyata keçirdiyi cahanşümul tədbirlər, ümummilli liderin hər bir azərbaycanlı üçün örnək olan həyat və siyasi fəaliyyəti şagirdlərə aşılanır. Xüsusən də məktəbdə ulu öndərimizin hər kəsə örnək həyat və fəaliyyətini əks etdirən guşənin yaradılması şagirdlərin dövlətçilik və milli ideologiya ruhunda tərbiyə olunmalarına xidmət edir.
Burada yaradılmış ənənələrdən biri də məktəbin birinci sinfinə qəbul edilən şagirdlərin və XI sinfi bitirib müstəqil həyata qədəm qoyan məzunların ümummilli liderin abidəsi önündə and içmələridir. Məzunlar cari ildə məktəbin tarixinə yeni uğurlar yazıblar. Belə ki, 2015-2016-cı tədris ilində məktəbi bitirən 58 məzun ali məktəb tələbəsi adına layiq görülüb. XI“b” sinfi daha böyük uğura imza atıb. Belə ki, 19 məzunun hamısı tələbə adını qazanıb. Onlardan 2 nəfəri 500-dən, 2 nəfəri 600-dən yuxarı bal toplayıb. Cari ildə, ümumilikdə, 500-700 intervalında bal toplayan məzunların sayı 10 nəfərə çatıb. Qeyd edək ki, bu il məktəbi bir məzun qızıl, bir məzun isə gümüş medalla bitirib. Və onlar da etimadı yüksək nəticə ilə doğruldublar. Məzunlardan 2-si təhsilini Milli Aviasiya, 3-ü Sərhəd Qoşunları, biri Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik akademiyalarında davam etdirmək imkanı qazanıblar.
Yüksək bal toplayan məzunlardan biri – Nail Əliyevlə həmsöhbət olduq. O dedi:
– Məktəbdə oxuduğum illərdən yüksək bal toplayaraq ali məktəbə qəbul olan şagirdlərə həmişə həsəd aparmışam. Belə nəticəni qazanmaq mənə də qismət oldu. 647 bal toplayaraq Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika ixtisasına qəbul olundum. Uşaqlıqdan hərənin bir arzusu olduğu kimi, mənim də ən böyük arzularımdan biri həkim olmaq idi. Ağxalatlı insanlara hər zaman heyranlıqla baxmışam. Ancaq yüksək bal toplayaraq bu arzuma çata bilərdim. Özümə çox güvənirdim. Çünki müəllimlərimin verdiyi tapşırıqlarla yanaşı, özüm də əlavə kitablardan elmin sirlərinə yiyələnirdim. Çalışırdım ki, bilmədiyim nəsə qalmasın. İmtahanda suallarla tanış olanda düşündüm ki, çəkdiyim əziyyət boşa getməyib. Çətinlik çəkmədən sualları cavablandırdım. İmtahandan çıxanda artıq bilirdim ki, arzuma çatmağa çox az qalıb. İndi tələbəyəm. Tələbəlik dövründə də yaxşı oxuyaraq müəllimlərimin etimadını doğrultmağa çalışacağam.
Yeri gəlmişkən onu da qeyd edək ki, qazanılan uğurlarda başlıca sima olan müəllimlərin əməyi layiqincə qiymətləndirilib. Məktəbdə 4 müəllim Azərbaycan Respublikasının, 4 müəllim Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülüb, 4 müəllim “Tərəqqi” medalı ilə təltif edilib, 1 müəllim “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub.
Qazanılan uğurlar belə deməyə tam əminlik yaradır ki, Heydər Əliyev adına tam orta məktəbin kollektivi bundan sonra da ölkəmizin qabaqcıl təhsil ocaqları sırasında tutduğu yeri qoruyacaq, məktəbin məzunları daha böyük uğurlara imza atacaqlar.

 Fatma Babayeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR