23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Təhsil və İqtisadiyyat nazirliklərinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda ənənəvi məktəbli yarmarkası keçirilir.
Məktəbli yarmarkasında dərs ləvazimatları, məktəbli və idman formaları, məktəbli çantaları və başqa ləvazimatlar satışa çıxarılıb. Adıçəkilən məhsullar alıcılara digər satış yerlərindən 10-15 faiz aşağı qiymətə təklif olunur. Yarmarkada ayrı-ayrı fənlər üzrə əyani vəsaitlərin satışına da geniş yer ayrılıb. Burada satılan lüğət və digər nəşrlərə, dünya uşaq ədəbiyyatı nümunələrinə, bədii və elmi ədəbiyyata böyük alıcı marağı vardır. Qeyd edək ki, satılan bütün məhsulların keyfiyyətinə və qiymətinə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən mütəmadi nəzarət olunur.
Satış yerlərinin hər birində məhsulların çeşid zənginliyi, keyfiyyəti, satış qiymətlərinin əlverişli olması, xidmətin təşkili alıcılar tərəfindən razılıqla qarşılanır. Həmsöhbət olduğumuz valideynlər Suqra Yusifova və Kazım Yusifov dedilər ki, dükan və bazarlardakı qiymətlərlə yarmarkadakı qiymətləri müqayisə ediblər və bu qiymətlər arasında fərq olduğunu görüblər. Bu da imkan verir ki, daha az vəsaitlə ləvazimatların hamısını və ən keyfiyyətlilərini alsınlar. Bir başqa valideyn Aytən Əliyeva isə dedi:
– Yarmarkada qiymətlər ucuzdur. Bu həm də vaxt baxımından səmərəlidir. Yarmarkaya gəlirik, lazım olan hər şeyi qısa zamanda alırıq ki, bu da dükanları gəzərək sərf etdiyimiz əlavə vaxt itkisini də aradan qaldırır. Aldıqlarımızdan hər baxımdan razıyıq.
Valideynlər belə yarmarkaların təşkil olunmasına görə dövlətimizə minnətdarlıqlarını bildirdilər.
Məlumat üçün deyək ki, 3-ü istehsalçı olmaqla, 25 sahibkarlıq subyektinin iştirak etdiyi məktəbli yarmarkası sentyabrın 15-i də daxil olmaqla, saat 900-dan 1400-a kimi davam edəcək.

 Fatma Babayeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR