Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 29-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirib.
Naxçıvan şəhərində imtahan 14 nömrəli tam orta məktəbdə baş tutub. İmtahan saat 1100-dan 1300-dək davam edib. İmtahanın şəffaf keçirilməsi məqsədilə 5 imtahan rəhbəri, 62 nəzarətçi-müəllim cəlb olunub. İmtahanda iştirak etmək üçün 671 nəfər qeydiyyatdan keçib. İmtahan iştirakçılarına hər birində 20 sual olmaqla, 4 fənn – Azərbaycan dili, riyaziyyat, fizika və kimya üzrə, ümumilikdə, 80 test tapşırığı təqdim edilib.
Məlumat üçün bildirək ki, həmin gün 2016-2017-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsi də keçirilib. İmtahanda namizədlərə 100 sual təqdim olunub və hər bir düzgün cavab 1 balla qiymətləndirilib. Səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı isə 90-dan az olmamalıdır. Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi avqustun 1-dən 7-dək aparılacaq. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.
Fatma Babayeva