“Təhsil millətin gələcəyidir”. Bu, sübuta ehtiyacı olmayan həqiqətdir. Bir xalqın gələcəyini onun bugünkü gəncliyi müəyyənləşdirir. Təbii ki, təhsilli gənclik istəyiriksə, ilk olaraq bu sahənin inkişafı diqqət mərkəzində saxlanılmalıdır. Və qürur hissi duyuruq ki, bu gün muxtar respublikada bu sahəyə qayğı çox yüksək səviyyədədir. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən orta təhsil müəssisələrinin hamısında şagirdlərin hazırlanıb tələbə adı qazanmaları üçün böyük səy göstərilir ki, bunlardan biri də Naxçıvan Qızlar Liseyidir. Burada peşəkar kollektiv fəaliyyət göstərir. Onların zəhməti bu il də əvəzsiz qalmayıb. Liseyin məzunları yüksək ballarla ali məktəblərə qəbul olunublar. Onların bir neçəsi ilə həmsöhbət olduq:
Qızxanım Cəfərova: – Naxçıvan Qızlar Liseyinin pedaqoji kollektivi burada təhsil alan şagirdlərin hamısının yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmaları üçün yaradılmış imkanlardan səmərəli istifadə edir. Bundan başqa, burada qızlar həm də bir xanım kimi yetişdirilir, təhsillə yanaşı, əl işləri və sair kimi əlavə məşğələlərlə onlar gələcək həyata tam hazır şəkildə məzun olurlar. Onu deməyi vacib sayıram ki, Naxçıvan Qızlar Liseyində oxuyub uğur qazanmamaq qeyri-mümkündür. Mən sınaq imtahanlarında yaxşı nəticələr əldə edirdim. Nəhayət, həyəcanla gözlədiyim ali məktəblərə qəbul imtahanında 624 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisasına qəbul olundum. Bundan sonra da üzərimdə əməyi olan insanların zəhmətinin qarşılığını vermək üçün səy göstərəcəyəm.
Yasəmən Bayramova: – Naxçıvan Qızlar Liseyində 2005-ci ildən təhsil almışam. Bu məktəbin mənim taleyimdə böyük rolu olub. Buraya gəldiyim ilk gündən özümə söz vermişdim ki, dərslərin yüksək səviyyədə keçirildiyi belə bir təhsil ocağında yaxşı oxuyacaq, müəllimlərimin etimadını doğruldacağam. Sınaq imtahanlarında nəticələrim ürəkaçan idi, lakin mən çalışırdım ki, hər dəfə topladığım balı daha da yüksəldim. Ali məktəblərə qəbul imtahanında 628 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasına qəbul olundum. Artıq tələbəyəm. Atdığım addımların möhkəm olması üçün var gücümlə çalışacaq, uğurlarımla üzərimdə əziyyəti olan müəllimlərimin zəhmətinin haqqını verəcəyəm. Fikrimcə, bir müəllim üçün şagirdinin uğurundan böyük sevinc ola bilməz.
Tünzalə Əliyeva: – 2005-ci ildə Naxçıvan Qızlar Liseyinə qəbul olunmuşam. Uşaqlıqdan ən böyük arzum həkim olmaq idi və arzuma çatmaq üçün elə təhsilin ilk pillələrindən çox çalışmağa başladım. Təhsil aldığım Naxçıvan Qızlar Liseyində arzuma çatmaq üçün hər cür şərait vardı. Burada keçdiyimiz bütün fənləri yaxşı oxusam da, ixtisas qrupu seçimindən sonra seçdiyim qrupa daxil olan fənlərə daha həssaslıqla yanaşır, onların öyrənilməsinə daha çox vaxt sərf edirdim. Ali məktəblərə qəbul imtahanında 620 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasının tələbəsi adını qazandım.
Bu gün yaşadığımız Naxçıvan Muxtar Respublikasında təhsilə göstərilən diqqət və qayğı göz qabağındadır. Ən ucqar kəndlərində belə, yeni-yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi, mövcud məktəb binalarının yenidən qurularaq müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması bu sahədə görülən işlərin, sadəcə, bir qismidir. Bundan başqa, uşaqlarda təhsilə güclü maraq yaradılması üçün bir sıra layihələrin hazırlanması və həyata keçirilməsi, təhsildə fərqlənən gənclərin mükafatlandırılması belə deməyə əsas verir ki, muxtar respublikanın gəncliyi hərtərəfli qayğı ilə əhatələnib. Buna görədir ki, gənclərin bu sahədə uğurlarının sayı ildən-ilə artmaqdadır.
Fatma Babayeva