İnsanın sosial varlığa çevrilə bilməsi üçün o, passivlikdən qurtularaq dinamik bir həyat yaşamalıdır. Bu dinamik həyatın ilkin şərtləri hər bir sahədə təşəbbüskarlıqla başlayır. Təhsil sahəsində təşəbbüskarlıq təhsilin inkişaf etdirilməsi, onun standartlarının müasir dövrümüzün tələblərinə uyğun şəkildə qurulması, təhsildə yeni nailiyyətlərin əldə edilməsi üçün yeni fikir və ideyaların irəli sürülməsidir. Müasir dövrdə elm və təhsilin inkişafı həm də yeni, praqmatik və yerli şəraitə uyğun olan təşəbbüskar fəaliyyətlə bağlıdır. Bu təşəbbüskarlıq fəaliyyətləri içərisində layihələr, proqramlar, elmi-pedaqoji seminarlar xüsusi əhəmiyyətə malikdir.
Təhsil millətin gələcəyidir. Məhz bu səbəbdən də bu sahədə faydalı olan yeni fikir və təşəbbüskar ideyalar dövlət tərəfindən dəstəklənir. Tarixi təcrübə göstərir ki, elm və təhsil sahəsinə xüsusi diqqət göstərən ölkələr yüksək inkişaf səviyyəsinə çatıblar. Təhsilin inkişafında dövlətlə birlikdə təhsil alanların – tələbələrin, şagirdlərin, elmi-pedaqoji fəaliyyətlə məşğul olan ziyalıların da rolu böyükdür. Məhz bu prizmadan yanaşdıqda cəmiyyətin dövlətlə birlikdə təhsil sahəsində mütərəqqi fikirlərin ortaya çıxmasında fəallığı özünəməxsus dəyərə malikdir. Təəssüflər olsun ki, bəzən cəmiyyət bu məsələdə lazımi həssaslığı göstərmir, tələbə kontingenti onlar üçün yaradılmış şəraitdən düzgün istifadə etmir, informasiya-kommunikasiya texnologiyalarından səmərəli şəkildə bəhrələnmir.
Psixoloji tədqiqatlarla müəyyənləşdirilib ki, gənclərdə bəzən elm, texnika, idman, ədəbiyyat yenilikləri haqqında məlumatlar heç də yaşlılardan az deyildir, hətta bəzən bu sahədə onların məlumatları daha da geniş olur. Çünki onlar ictimai-faydalı əməyə can atır, onun praktik əhəmiyyətini, eləcə də özünütəsdiq vasitəsi rolunu oynamasını dərk edirlər. Deməli, gənclər istənilən sahədə təşəbbüskarlıq göstərərək cəmiyyətə faydalı fikir sahibləri ola bilərlər. Bəs gəlin görək, hal-hazırda gənclərimiz təhsil sahəsində təşəbbüskar olub, hansı bir fikri irəli sürüblər?
Özüm də tələbə olduğumdan, ilk növbədə, cəmiyyətin bu kateqoriyasından olan gənclərin fəaliyyətləri ilə maraqlanmağa başladım. Universitet daxilində tələbə elmi cəmiyyəti, tələbə-gənclər təşkilatı fəaliyyət göstərir. Tələbələrin bilik və dünyagörüşlərinin artmasında bu təşkilatlar böyük xidmət göstərə bilərlər və göstərməlidirlər.
Doğrusu, təhsil aldığım Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin tələbələrinin universitet daxilində fəaliyyət göstərən bu təşkilatlarda necə iştirakını, hər hansısa yeni bir layihəyə imza atıb-atmadıqlarını öyrənmək istəsəm də, buna müvəffəq ola bilmədim. Çünki fakültədə təşkilatın fakültə üzrə rəhbərləri nəinki müəyyən bir layihədə təşəbbüskarlıq etmirlər, hətta öz öhdələrinə düşən vəzifəni belə, layiqincə yerinə yetirmirlər.
Buna baxmayaraq, yaxın bir ildə musiqi sahəsində Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin tələbəsi Ələsgər Cəlilzadə, Naxçıvan Musiqi Kollecinin tələbəsi Səkinə Quliyeva və sair istedadlı tələbələr təşəbbüskarlıq edərək muxtar respublikada öz solo konsertlərinin keçirilməsinə müvəffəq olublar.
Digər bir ali təhsil ocağında – Naxçıvan Müəllimlər İnstitutunda tələbələrin təşəbbüskarlığı ilə hər həftə təşkil olunan diskussiyalar da təqdirəlayiqdir. Belə ki, diskussiyada müxtəlif mövzular barədə müzakirələr aparılır, nəticədə, bu da onların dünyagörüşlərinin artmasına, yanlış düşüncələrinin yeni, doğru yön almasına gətirib çıxarır. İnstitutun tələbəsi Dilbər Abdullayeva bütün diskussiyalarda iştirak etdiyini, fikirlər irəli sürdüyünü, gələcəkdə istər iş, istərsə də şəxsi həyatlarında bu məsləhətlərin gərəkli olduğunu bildirdi. Bu layihənin aparıcı qüvvəsi olmağı çox istədiyini bildirən Dilbər hələlik, sadəcə, dinləyici rolunda çıxış etdiyini və yeni tədris ilində bu məqsədi yönündə çalışacağını da qeyd etdi.
Bax budur, təşəbbüskar olmağın ilkin şərti: bacardığını etmək yox, bacardığının daha yaxşısını etməyə səy göstərmək. Təkcə gənclər deyil, bütün vətəndaşlar təşəbbüskar olmalıdırlar. İnsanların içindəki təşəbbüskarlıq bir şəkildə üzə çıxacağı günü gözləyir. Həmin günü öz səylərimiz nəticəsində təqvimdə yaxın etmək də bizim əlimizdədir. Təşəbbüskar və güclü təfəkkürə malik gənclər ölkənin və xalqın gələcəyidir. Vaxt dayanmaq vaxtı deyil, çalışmaq vaxtıdır...
Fatma Babayeva