Naxçıvan Muxtar Respublikasında doktorantlar və dissertantlar informatika fənnindən imtahan veriblər. AMEA Naxçıvan Bölməsində ilk dəfə olaraq onlayn şəkildə həyata keçirilən və saat 1500-da başlayan imtahan saat 1600-a kimi davam edib.
İmtahan AMEA-nın Naxçıvan Bölməsinin informasiya-kommunikasiya texnologiyaları otağında baş tutub. Burada eyni vaxtda 4 doktorantın və 3 dissertantın imtahan verə bilməsi üçün şərait yaradılıb. Onlara 50 sual təqdim olunub. İmtahan qaydalarına əsasən, 25 suala düzgün cavab verənlər məqbul qiymət almış olurlar.
İmtahanda iştirak edənlər öz qiymətlərini, hansı sualı düzgün, hansı sualı isə səhv cavablandırdıqlarını imtahan bitən kimi öyrənə bilirlər.
İmtahandan sonra AMEA Naxçıvan Bölməsinin doktorantı Ruslan Məmmədovla həmsöhbət olduq. O bildirdi ki, biz əvvəl minimum imtahanı vermək üçün Bakıya gedirdik. Bu da müəyyən çətinliklər yaradırdı. İndi isə burada doktorant və dissertantlar üçün belə gözəl şərait yaradılıb. Bizə və elmə göstərilən qayğıya görə doktorant və dissertantlar adından öz minnətdarlığımı bildirirəm.
Qeyd edək ki, AMEA Naxçıvan Bölməsinin informasiya-kommunikasiya texnologiyaları otağı bu il yaradılıb.
Nərgiz İsmayılova