Elmin inkişafını daim diqqət mərkəzində saxlayan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi yaradılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təşkili və formalaşdırılması ilə əlaqədar ulu öndərin sədrliyi ilə 2002-ci il avqustun 12-də Naxçıvan Muxtar Respublikasında müşavirə keçirilmişdir. Müşavirədə bölmənin yaradılması zəruriliyindən bəhs edən ümummilli lider Heydər Əliyev demişdir: “Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də, təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də, düz olardı deyim ki, heç öyrənilməyibdir. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var...”
Naxçıvanda keçən əsrin 70-ci illərindən fəaliyyət göstərən elmi qurumların – Naxçıvan Regional Elmi Mərkəzin, Naxçıvan Elmi-Tədqiqat Bazası və Şamaxı Astrofizika Rəsədxanasının Batabat və Ağdərə stansiyalarının bazasında Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi təşkil olundu. Bölmənin tərkibində altı elmi-tədqiqat müəssisəsi – Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Əlyazmalar Fondu və Batabat Astrofizika Rəsədxanası yaradıldı.
Ötən dövrdə muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində Naxçıvan Bölməsi formalaşmış, maddi-texniki bazası gücləndirilmiş, alim və tədqiqatçılar üçün geniş fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. 2003-cü ildə əsas bina, 2004-cü ildə Təbii Ehtiyatlar İnstitutunun və bölmənin digər strukturlarının yerləşdiyi bina və 2005-ci ildə Bioresurslar İnstitutunun binası elmi işçilərin istifadəsinə verilmişdir. Nəbatat bağının ərazisi genişləndirilmiş, ikimərtəbəli inzibati bina tikilmişdir. Genefond təcrübə sahəsində də abadlıq və quruculuq işləri qısa müddətdə həyata keçirilmişdir. Bitkilərdən dərman preparatları hazırlamaq üçün avadanlıq alınmış, Batabat Astrofizika Rəsədxanası üçün yeni ikimərtəbəli inzibati bina tikilmişdir. Təbii Ehtiyatlar və Bioresurslar institutlarındakı laboratoriyalar lazımi cihaz və avadanlıqlarla təmin edilmiş, bölmənin “Tusi” nəşriyyatı, Elektron Kitabxanası yaradılmışdır. Naxçıvan Bölməsinin 2005-ci ildən “Xəbərlər” jurnalı iki seriyadan ibarət nəşr olunmağa başlayıb. 2011-ci ildən “Axtarışlar” jurnalı nəşrə başlamışdır. Hazırda bölmənin tərkibində Doktorantura şöbəsi, Arxeologiya və Etnoqrafiya Muzeyi, 5 ixtisas üzrə fəlsəfə və elmlər doktoru dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya şuraları, Distant Təhsil Mərkəzi, 4 seysmoloji stansiya fəaliyyət göstərir.
139 əməkdaşla, o cümlədən 51 elmi işçi ilə fəaliyyətə başlayan AMEA Naxçıvan Bölməsinin ötən dövrdə kadr potensialının artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Bölmə üzrə seçkilər keçirilmiş, AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarına, təhsil müəssisələrinin doktoranturalarına gənc elmi kadrlar göndərilmiş, magistr təhsilli gənclər işə dəvət edilmişdir. Bu diqqət və qayğı sonrakı illərdə də davam etdirildi. Hazırda Naxçıvan Bölməsində işçilərin sayı 247 nəfərə, elmi işçilər 78 nəfərə çatmışdır. Bölmə əməkdaşlarının 2-si AMEA-nın həqiqi üzvü, 5-i müxbir üzvü, 4-ü elmlər doktoru, 50-si fəlsəfə doktoru olaraq fəaliyyət göstərir ki, bu da elmi dərəcəli elmi işçilərin 78 faizini təşkil edir. Əməkdaşlardan 5-i professor, 37-si dosent elmi adını almışdır.
2006-cı ildən AMEA Naxçıvan Bölməsində “Vətən tarixi”, “Arxeologiya”, “Müəssisələrin təşkili və idarə olunması” ixtisasları üzrə Dissertasiya Şurası fəaliyyət göstərir. Həmçinin 2015-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə bölmənin nəzdində “Botanika” və “Fiziki kimya” ixtisasları üzrə Dissertasiya Şurası təsdiq edilmişdir. Dissertasiya şuralarında həm Naxçıvan Bölməsinin əməkdaşları, həm də müxtəlif elm və təhsil müəssisələrinin əməkdaşları fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları müdafiə etmişlər. Müdafiə edənlər arasında 10 nəfər elmlər doktoru, 74 nəfər isə fəlsəfə doktoru olmuşdur.
2011-ci ildən AMEA Naxçıvan Bölməsində doktorantura və dissertantura yolu ilə kadr hazırlığına başlanılmışdır. Bölmə fəaliyyətə başladığı ilk illərdə başqa elm və təhsil müəssisələri bölmə üçün kadr hazırlayırdısa, artıq son illərdə Naxçıvan Bölməsi Naxçıvan Muxtar Respublikası ilə yanaşı, həm də Azərbaycanın elm və təhsil müəssisələri üçün kadr hazırlayır. Ümumiyyətlə, hər il bu məqsədlə 8-10 nəfərin doktorant və dissertant mövzularının təsdiqinə, elmi istiqamətlərin müəyyən edilməsinə nail olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi... yaranmış şəraitdən məqsədyönlü istifadə etməli, elmi araşdırmalar nəticəli olmalı, onların praktikada tətbiqi işinə diqqət artırılmalı, muxtar respublikanın tarixi, arxeologiyası, təbii sərvətləri və onlardan istifadə imkanları barədə tədqiqatlar davam etdirilməli, fundamental nəşrlər hazırlanmalıdır”.
Müəyyən edilmiş müvafiq profillərə uyğun Naxçıvan Muxtar Respublikasının tarixinin, etnoqrafiyasının, arxeologiyasının, mədəni mühitinin, folklorunun, flora və faunasının, təbii ehtiyatlarının araşdırılmasından əldə olunan mühüm nəticələr nəşr edilmişdir. Belə ki, fəaliyyəti dövründə bölmənin 2 cilddə “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, “Naxçıvan tarixi atlası”, 3 cilddə “Naxçıvan tarixi”, “Naxçıvan teatrının salnaməsi”, 3 cilddə “Naxçıvanın folkloru antologiyası”, “Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri: hazırkı vəziyyət və perspektivlər”, 2 cilddə “Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” kimi fundamental nəşrləri işıq üzü görmüşdür. Ümumiyyətlə, bölmənin fəaliyyəti dövründə əməkdaşların 130 monoqrafiyası, 157 kitabı, 17 metodik vəsaiti, 5866 elmi məqaləsi və konfrans materialı, 183 tezisi, 18 xəritəsi çap olunmuşdur. Bölmə əməkdaşları 4 tövsiyə, 26 buklet hazırlamış, 24 patent almışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “İxtiraçılıq sahəsində nailiyyətlərə görə III Respublika Müsabiqəsi”ndə bölmə əməkdaşlarının təqdim etdiyi ixtira patenti üçüncü yerin qalibi olmuş, diplom və pul mükafatına layiq görülmüşdür.
Bölmə əməkdaşlarının 14 monoqrafiya, 17 kitab, 1245 məqalə, 58 tezisi xarici ölkələrdə çapdan çıxmışdır. Elmi məqalələrdən 61-i impakt faktorlu jurnallarda çap olunmuşdur. AMEA Naxçıvan Bölməsinin elmi əməkdaşları fəaliyyət dövründə “Azərbaycan Ensiklopediyası”nın, “Cümhuriyyət ensiklopediyası”nın və “Türk dünyası ədəbiyyatçıları ensiklopediyası”nın hazırlanmasında fəal iştirak etmişlər. Ötən dövr ərzində iki seriyada nəşr olunan bölmənin “Xəbərlər” jurnalının 44 nömrəsi, “Axtarışlar” jurnalının isə 20 nömrəsi işıq üzü görmüşdür. Naxçıvan Bölməsinin əməkdaşlarının məqalələri əsasında “İrs”, “Naxçıvan”, “Yol”, “Folklor/Ədəbiyyat”, “Qafqaz”, “Elm və həyat” jurnallarının xüsusi nömrələri Naxçıvana həsr edilmişdir. Fəaliyyət dövründə bölmə əməkdaşları 2-si beynəlxalq olmaqla, 16 qrant layihəsinin qalibi olmuşlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2005-ci il dekabrın 6-da “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncamına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisində 1202 tarix və mədəniyyət abidəsi aşkar olunmuş və pasportlaşdırılmışdır. Bu abidələrdən 57-si dünya, 485-i isə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsidir.
Bölmədə müxtəlif elm və tədris müəssisələrinin iştirakı ilə beynəlxalq səviyyəli simpozium və konfranslar keçirilmişdir. Bunlardan “Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri”, “Naxçıvan bu gün: islahatlar, perspektivlər”, “Mustafa Kamal Atatürk – Heydər Əliyev – Naxçıvan: həyat və inkişaf modeli”, “Nuh Peyğəmbər, Dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər və Duzdağ”, “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir”, “Naxçıvanda Dədə Qorqud”, “Naxçıvan qalaları: tarixdə və günümüzdə” beynəlxalq simpoziumlarını qeyd etmək olar. Bölmənin əməkdaşları dünyanın bir çox şəhərində keçirilən 352 beynəlxalq elmi simpozium və konfranslarda iştirak və çıxış etmişlər.
Ötən fəaliyyəti dövründə AMEA Naxçıvan Bölməsinin ABŞ, Fransa, Türkiyə, Qazaxıstan, Rusiya, İran və Gürcüstanın elm və təhsil müəssisələri ilə sıx elmi əlaqələri qurulmuşdur. 2011-ci ildə Özbəkistan Respublikası Elmlər Akademiyasının “Botanika” Elm-İstehsalat Mərkəzi ilə AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu arasında qarşılıqlı anlaşma haqqında memorandum, 2014-cü ildə isə AMEA Naxçıvan Bölməsi ilə Polşa Elmlər Akademiyasının Krakov Bölməsi arasında “2014-2016-cı illər üzrə elm sahəsində əməkdaşlıq haqqında” protokol imzalanmışdır.
Bölmə əməkdaşlarından 3 nəfər “Əməkdar elm xadimi”, 1 nəfər “Əməkdar müəllim”, 1 nəfər “Əməkdar jurnalist” fəxri adına, 7 nəfər “Tərəqqi” medalına, 3 nəfər Prezident mükafatına, 1 nəfər isə Prezidentin fərdi təqaüdünə layiq görülmüşdür. Əməkdaşlardan 3 nəfər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Qızıl medal”ına layiq görülmüş, bir nəfər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə, bir nəfər “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı ilə təltif edilmişdir. Həmçinin ötən dövr ərzində bölmə əməkdaşları dünyada və respublikamızda bir sıra beynəlxalq nüfuzlu elmi-tədqiqat mərkəzləri tərəfindən mükafatlandırılmış, medallara layiq görülmüş, beynəlxalq elmi qurumların üzvü seçilmişlər.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşları qarşıya qoyulan vəzifələrin bundan sonra da yüksək səviyyədə yerinə yetirilməsinə, mövcud elmi potensialdan səmərəli istifadə etməklə elmi-tədqiqat işlərinin müasir tələblər səviyyəsində aparılmasına çalışacaqlar.
Orxan Bağırov
AMEA Naxçıvan Bölməsinin Elmi-təşkilat şöbəsinin rəisi,
aqrar elmlər üzrə fəlsəfə doktoru