YUNESKO-nun qərarına əsasən 1966-cı ildən etibarən hər il oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur.
Təhsilin inkişafı hər bir dövlətin ali məqsədlərindəndir. Bu məqsədin həyata keçirilməsi ölkədə yüksək savadlı və peşəkar müəllimlər ordusunun mövcudluğundan asılıdır. Müdriklərin fikrinə görə, hər bir millətin mədəni tərəqqisi təhsillə, təhsilin tərəqqisi isə müəllimlərlə bağlıdır. Tutduğu vəzifədən asılı olmayaraq, hər bir insan cəmiyyətdəki mövqeyinə, şəxsiyyət kimi formalaşmasına və qazandığı biliklərə görə özünü, ilk növbədə, məhz müəllimlərinə borclu sayır.
Azərbaycan xalqının milli təfəkküründə müəllim adı həmişə uca tutulmuş və bu peşə sahiblərinə böyük ehtiram göstərilmişdir. Azərbaycan müəllimləri də hər zaman ölkəmizin inkişafı və intibahı naminə fəaliyyət göstərmiş, şərəfli müəllim peşəsinə sadiq qalaraq xalqımızın maariflənməsi və tərəqqisi yolunda yorulmadan çalışmışlar.
Ümummilli liderimiz Heydər Əliyev elmin, təhsilin inkişafını, geniş dünyagörüşə malik, savadlı və intellektual gənc nəslin yetişdirilməsini dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirmişdir. Bu yolda təhsilin aparıcı qüvvəsi olan müəllimlərin fəaliyyətinə daim yüksək qiymət verən ulu öndər istər keçmiş Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində savadlı və vətənpərvər müəllimlər ordusunun yaradılması qayğısına qalmış, müəllimlərin əməkhaqları artırılmış, sosial-məişət şəraitləri yaxşılaşdırılmış, onlar ölkəmizin ziyalı təbəqəsinin aparıcı qüvvəsinə çevrilmişdir.
Ümummilli liderimizin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də təhsilin inkişafını dövlətin qarşısında duran ümdə vəzifə kimi qəbul edərək müəllimlərə qayğıkeş münasibət göstərir. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə ixtisaslı müəllim kadrlarının hazırlanması, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.
Naxçıvan Muxtar Respublikasında öz peşəsini dərindən sevən peşəkar müəllim ordusu formalaşdırılmışdır. Cəmiyyətin maariflənməsi, bilikli, vətənpərvər, çalışqan və sağlam gəncliyin yetişdirilməsi yolunda yorulmadan çalışan muxtar respublika müəllimlərinin əməyi layiqincə qiymətləndirilir, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 22 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncamı bu istiqamətdə atılan növbəti mühüm addımdır. Bu sərəncam muxtar respublika müəllimlərinin böyük sevincinə səbəb olmuş, onların işə məsuliyyətini daha da artırmışdır.
Müasir tədris şəraiti olan təhsil ocaqlarında dərs keçmək bu gün hər bir müəllimin arzusu, eyni zamanda onun əməyinə verilən qiymətin parlaq ifadəsidir. Naxçıvan Muxtar Respublikasında təhsilə, təhsil işçilərinə göstərilən yüksək diqqət və qayğı sayəsində son illər 200-dən artıq təhsil müəssisəsi tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuş, məktəblərdə müasir tədris şəraiti yaradılmışdır.
Muxtar respublikada istifadəyə verilən məktəb binalarının müasir maddi-texniki baza ilə təmin olunması da təhsil sahəsinə göstərilən dövlət qayğısının mühüm tərkib hissəsidir. Bu günədək ümumtəhsil məktəblərində 623 elektron lövhə və 3725 dəst kompüter quraşdırılmışdır. Müəllim və şagirdlərin istifadəsinə verilən kompüterlər internet şəbəkəsinə qoşulmuşdur. Yaradılan müasir şərait pedaqoji kollektivlərin işini xeyli asanlaşdırmaqla yanaşı, yeni təlim metodlarından istifadəyə də geniş imkanlar açmışdır.
Muxtar respublikada təhsilin inkişafına hesablanmış tədbirlər sırasında təhsil yarmarkalarının təşkilinin mühüm rolu vardır. 2005-ci ildən etibarən muxtar respublikada hər il ənənəvi olaraq keçirilən təhsil yarmarkaları gənc müəllimlərin məşğulluğunun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu tədbirlərin nəticəsidir ki, ötən dövrdə təhsil yarmarkalarında iştirak edən yüzlərlə gənc müəllim muxtar respublikanın ümumtəhsil məktəblərində işlə təmin olunmuşdur. Bu il sentyabrın 6-da keçirilən növbəti təhsil yarmarkasında 341 nəfər gənc müəllim təyinatı üzrə məktəblərə göndəriş almış və peşə fəaliyyətlərinə başlamışlar.
Hər bir müəllim üçün ən gözəl hədiyyə onun yetişdirdiyi gəncin etimadı doğrultması, başını uca edərək layiqli vətəndaş kimi böyüməsidir. Bu gün mütərəqqi təhsil metodlarının tətbiqi müəllim zəhmətinin bəhrələrini daha da artırır, ali və orta ixtisas məktəblərinə tələbə qəbulunda uğurlu nəticələr qazanılır.
Muxtar respublikamızda müəllim əməyi daim yüksək qiymətləndirilmiş, ötən dövrdə 67 müəllim “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 90 müəllim “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adlarına layiq görülmüş, 56 müəllim “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Cəmiyyət üçün faydalı fərdlər hazırlamağı özünün həyat amalı kimi qəbul edən muxtar respublika müəllimləri bundan sonra da təhsilin inkişafında yorulmadan çalışacaq, vətənpərvər və bilikli gənc nəsil yetişdirəcəklər.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti