23 Dekabr 2024, Bazar ertəsi

Müasir Azərbaycanın ən yeni tarixinin bütün parlaq səhifələri xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin dövlət müstəqilliyi möhkəmləndikcə ulu öndərdən Azərbaycanın gələcəyinə miras qalmış əsərlərin dəyəri daha aydın görünür. Ümummilli liderimizin xalqımıza ən dəyərli mirası olan Azərbaycançılıq məktəbinin etibarlı davamçılarının hazırlanması isə müasir təhsilimiz qarşısında duran əsas vəzifələrdəndir. Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəb də öz ölkəsinə, xalqına faydalı olmağı, fədakar xidmətlər göstərməyi qarşısına məqsəd qoymuş gənclər yetişdirərək ulu öndərimizin adına layiq fəaliyyət göstərir.

Heydər Əliyev adına tam orta məktəb öz uğurları ilə ölkəmizdə yaxşı tanınan təhsil ocaqlarındandır. 2004-cü ildə ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə açılışından keçən müddət ərzində məktəb öz uğurlu nəticələri ilə həmişə ön sıralarda olmaqla bu etimada layiq olduğunu sübut etmişdir. Ulu öndərin adını daşıyan məktəb gözəl ənənələrə sahibdir. Bu təhsil ocağına qədəm qoyduqda, ilk olaraq, məktəbin həyətindəki gül-çiçəkli geniş ərazidə ucalan ümummilli liderimiz Heydər Əliyevin abidəsi diqqəti cəlb edir. Bu müqəddəs məkan hər il birinci siniflərin məktəbə gəldiyi ilk gün və məzunların məktəblə vidalaşıb Heydər Əliyev yoluna sədaqətlə xidmət edəcəklərinə and içərək müstəqil həyata qədəm qoyduqları son gün kimi yadda qalır. Ulu öndərin həyat və fəaliyyəti haqqında məktəbin foyesində, bütün mərtəbələrində nəfis şəkildə yaradılmış fotostend və guşələr çox diqqətçəkicidir.

Heydər Əliyev adına tam orta məktəb qabaqcıl təhsil mərkəzidir. Məktəbin yaradılmasının 10 illiyi münasibətilə keçirilən yubiley tədbirində çıxış edən Ali Məclis Sədrinin dediyi kimi: “Ümummilli liderimizin adını daşıyan məktəbdə təhsil almaq böyük şərəf, şagirdlərə elmin sirlərini öyrətmək isə bununla yanaşı, həm də böyük məsuliyyətdir”. Pedaqoji kollektiv və şagirdlər bilirlər ki, ulu öndər Heydər Əliyevin adını daşıyan məktəbdə təhsil almaq, burada işləmək nə qədər məsuliyyətli olsa da, bir o qədər də qürurvericidir. Həyatını öz xalqına həsr edərək milyonların qəlbində əbədi yer tutmuş ümummilli liderin davamçılarını yetişdirmək həm ciddi, həm də şərəfli vəzifədir.
Heydər Əliyev adına tam orta məktəbdə tədrisin təşkili ilə bağlı qarşıya qoyulmuş vəzifələr pedaqoji kollektiv tərəfindən uğurla icra olunur. Məktəbdə tədrisə, təlim və tərbiyəyə kompleks yanaşma, pedaqoji kollektivin ixtisasının artırılmasına yönəlmiş tədbirlər, yüksək nizam-intizam məktəb kollektivinə uğur qazandıran əsas amillərdəndir.
Heydər Əliyev adına tam orta məktəbin maddi-texniki bazası ilbəil genişləndirilir. Hazırda bu təhsil ocağında 5-i elektron lövhəli olmaqla, 61 sinif otağı, 3 kompüter otağı, kimya, biologiya və fizika laboratoriyaları, kitabxana, hərbi kabinə, 2 şahmat sinfi və müəllimlər otağı, emalatxana və idman zalı var. Şagirdlərin təlim-tərbiyəsi ilə 105 müəllim məşğul olur. Məktəbin kompüter otaqlarında 57 kompüter dəsti quraşdırılmış, internetə çıxış təmin olunmuşdur. Həmçinin elektron lövhəli siniflərdə və laboratoriyalarda da müasir tədris imkanları yaradılmışdır. Məktəbin kitabxana fondunda 16 mindən çox dərslik və bədii ədəbiyyat vardır.
Təhsil ocağının uğurlarına gəldikdə, hazırda o, ölkəmiz üzrə ən yaxşı şəhər məktəbləri sırasındadır. Məktəb hələ 2007-2008-ci tədris ilində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Yaradıldığı 2004-cü ildən bəri məktəbi bitirən məzunlardan 364 nəfəri ali məktəblərə, 63 nəfəri ali hərbi, xüsusi təyinatlı ali məktəblərə və Heydər Əliyev adına Hərbi Liseyə, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuşdur. Məktəbin məzunu olan Tayfur Əliyev boks üzrə Avropa çempionu, birinci Avropa Oyunlarının bürünc mükafatçısıdır. Bu ənənələr indi də davam etdirilir. Ötən tədris ilində məktəbin şagirdlərindən Aqil Musayev boks üzrə Azərbaycan çempionu adını qazanmışdır. XI sinif şagirdi Abbas Abbasov Azərbaycan Respublikası üzrə keçirilən fənn olimpiadasında coğrafiya fənni üzrə birinci yeri tutmuşdur.
2014-2015-ci tədris ilində məktəbi bitirən məzunlardan 64 nəfər ali məktəblərə qəbul olunmuş, onlardan 15-i imtahanlarda daha yüksək nəticə göstərərək 500-700 intervalında bal toplamışdır. Bir nəfər məzun isə qızıl medala layiq görülmüşdür. Builki məzunlar da ümidvericidirlər. İnanırıq ki, bu il də onlar öz yüksək nəticələri ilə bizi sevindirəcəklər.
Məktəbin kollektivi ictimai işlərdə də öz fəallığı ilə seçilir. Təhsil ocağının müəllimləri Yeni Azərbaycan Partiyasının fəal üzvləri, ümummilli liderin ideyalarının təbliğatçısıdırlar. Çox fəxrli haldır ki, Heydər Əliyev adına tam orta məktəbin pedaqoji kollektivində 8 nəfər “Əməkdar müəllim” fəxri adına, 4 nəfər isə “Tərəqqi” medalına layiq görülən müəllim vardır. 2009-cu ildə isə bir nəfər “İlin ən yaxşı müəllimi” adına layiq görülmüşdür.
Ulu öndərimiz Heydər Əliyev həmişə öz xalqına xidmət etmişdir. O, bütün azərbaycanlıların yaddaşında yüksək intellektli, vətənpərvər, millətini hər şeydən uca tutmağı bacaran dahi kimi qalmışdır. Onun müəyyənləşdirdiyi yol bu gün də davam etdirilir. Həyatını xalqının taleyinə bağlayan hər bir insan ulu öndər yolunun davamçısıdır. Bu gün Heydər Əliyev adına tam orta məktəbdə çalışan hər bir pedaqoq, təhsil alan hər bir şagird də çalışır ki, dahi şəxsiyyətin adına layiq olsun. Çünki bu, Vətənə, xalqa xidmət yoludur.

Şəlalə CABBAROVA
Heydər Əliyev adına tam orta məktəbin müəllimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR