Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq keçirilən “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans başa çatıb.
İyulun 10-da beynəlxalq tədbirin 4 bölmə üzrə iclasları keçirilib. “Naxçıvan qalalarının tarixi” mövzusunu əhatə edən birinci bölmədə tarix üzrə elmlər doktoru, professor Abbas Seyidovun “Naxçıvanqalanın qədim yeraltı yolları”, Amerika Birləşmiş Ştatlarının Corciya Universitetinin mütəxəssisi Robert Brayntın “Naxçıvanın müdafiə tikintilərinin inkişaf xüsusiyyətləri”, professor Vidadi Muradovun “Naxçıvan diyarında dulusçuluq sənətinin inkişafı tarixindən (XVIII-XX əsrin əvvəlləri)”, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Qəhrəman Ağayevin “Şahtaxtı qalası” və Təvəkkül Əliyevin “Naxçıvan diyarının qədim əhalisinin təhlükəsizliyində qalaların rolu”, AMEA Naxçıvan Bölməsinin əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Asəf Orucovun “Naxçıvan qala-şəhərləri və əhalinin məşğuliyyəti” və Musa Quliyevin “Abbasabad qalası” mövzularında məruzələri olub.
Bundan başqa, “Naxçıvan” Universitetinin dosenti İbrahim Kazımbəyli “Naxçıvan və İrəvan qalalarının çar Rusiyasına qarşı müqavimət hərəkatı”, Naxçıvan Dövlət Universitetinin dosenti Rəsul Bağırov “Sum qalası”, AMEA Naxçıvan Bölməsinin əməkdaşlarından iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımov “Naxçıvan Muxtar Respublikasında turizmin inkişafında qalaların əhəmiyyəti”, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Naxçıvan qalaları rus mənbələrində”, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı Leyla Həsənzadə “Alman səyyahları Naxçıvan qalaları haqqında”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Aytən Mehdiyeva “Naxçıvan “Qız qalaları”nın xarakterik xüsusiyyətləri” mövzularında məruzələr ediblər.
“Naxçıvan qalalarının arxeoloji tədqiqi” üzrə keçirilən ikinci bölmə iclasında AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Orta Tunc dövrünün qalatipli yaşayış yerləri” mövzusunda məruzə edib. İclasda AMEA Naxçıvan Bölməsinin əməkdaşlarından dosent Toğrul Xəlilovun “Naxçıvanın Antik və Orta əsrlər dövrü qalalarının yayılma arealı”, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyevanın “Naxçıvanın qədim müdafiə tikililəri qala tikmə mədəniyyətinin əsası kimi”, Amerika Birləşmiş Ştatlarının Con Hopkins Universitetinin dissertantı Cenefer Severidanın “Oğlanqalanın tarixi-arxeoloji funksiyası”, Ohio Universitetinin dissertantı Selin Nugentin “Qızqala kurqanları və onların dəfn adəti” mövzularında məruzələri də maraqlı faktlarla diqqəti cəlb edib.
Üçüncü bölmənin iclası AMEA- nın müxbir üzvü Fəxrəddin Səfərlinin sədrliyi ilə “Kitabi-Dədə Qorqud” dastanlarında, tarixdə və günümüzdə Əlincəqala” mövzusunda məruzəsi ilə başlayıb. Bölmə iclasını AMEA Naxçıvan Bölməsinin dosentləri Firudin Rzayev “Əlincə, Qazançı, Süzüt qala adlarının etimologiyası və tarixinə bir baxış”, Ramiz Qasımov “Əlincəqala ədəbi-bədii nümunələrdə”, tarix üzrə fəlsəfə doktoru İlhami Əliyev “Əlincəqala Səfəvilər dövründə”, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov “Əlincə qalası tarixi-bədii nəsrdə” mövzularında məruzələr ilə davam etdiriblər.
Dördüncü bölmə iclasında AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Qız qalası toponimi və onun öyrənilməsi tarixi”, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşlarından professor Tahirə Məmmədin “Oğlanqala və Qız qalası qavramlarının arxetip başlanğıcı”, filologiya üzrə fəlsəfə doktoru, dosent Mərziyyə Nəcəfovanın “Azərbaycan ədəbiyyatında Naxçıvan qalaları”, AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadənin “Naxçıvan mifoloji mətnlərində qalalar”, Naxçıvan Dövlət Universitetinin dosenti Nəzakət İsmayılovanın “Naxçıvan Muxtar Respublikasında milli-mənəvi irsin qorunması və qalaların sirri” mövzularında məruzələri olub, məruzələr ətrafında müzakirələr aparılıb.
Həmin gün AMEA Naxçıvan Bölməsində konfransın yekun iclası keçirilib, bölmə rəhbərlərinin hesabatları dinlənilib, konfransda əldə edilən nəticələr müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Səbuhi Hüseynov