Naxçıvan Muxtar Respublikasında təhsil sisteminin dövrün tələblərinə uyğun qurulması, formalaşması, dinamik inkişafı böyük uğurlar əldə etməyimizə şərait yaradır. Təhsilimizin məzmunca təkmilləşdirilməsi, müasir dünya təcrübəsi və milli ənənələr əsasında inkişaf etdirilməsi, ayrı-ayrı sahələr və fənlər üzrə yeni standartların tətbiq olunması ilə bağlı müsbət nəticələr qazanılır.
Son illər muxtar respublikada 200-dən artıq təhsil müəssisəsinin tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması, məktəblərin ən müasir tədris avadanlıqları və informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunması təhsilin keyfiyyətcə daha da yüksəlməsinə səbəb olub. Yəni bu gün şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, biliklərə yiyələnmələri üçün hər cür şərait və imkan vardır. Məhz bu səbəbdən muxtar respublikada təhsil sahəsində uğurlar ildən-ilə daha da artır. 2016-cı ilin məzunlarından ali təhsil müəssisələrinə qəbul olanların sayının artması da bunu sübut edir.
Murad Yadigar və Təbriz Məmmədli də bu il ailələrinə sevinc bəxş edən, müəllimlərini qürurlandıran məzunlardandır. İmtahan cavabları məlum olana qədər onlar yaşıdlarından o qədər də fərqlənmirdilər. Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələrinin açıqlanmasından sonra Muradın və Təbrizin göstərdikləri nəticəyə görə bir çoxu onları tanıdı.
Murad Yadigar II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 682 bal toplayaraq “ADA” Universitetinin Biznesin idarə edilməsi fakültəsinə qəbul olunub. Təbriz Məmmədli isə IV qrup üzrə imtahan verib və 668 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasında oxumaq hüququ qazanıb. Hər ikisi əldə etdikləri uğurlu nəticəni təhsil aldıqları tam orta məktəblərdə yaradılan yüksək şəraitlə və müəllimlərinin zəhməti, diqqəti ilə izah edirlər.
Murad Yadigar Şərur rayonundakı Mahmudkənddə dünyaya göz açsa da Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə təhsil alıb, həmin məktəbdən məzun olub. O deyir:
– Əldə etdiyim nəticəyə görə bizim yaxşı təhsil almağımız üçün şərait yaradanlara borcluyam. Mənim 682 bal toplamağımda valideynlərimin də rolu böyük olub. Onlar həmişə mənə dəstək veriblər. Valideynlərim hər zaman mənə güvəndiklərini deyirdilər. Bu da məni daha da ruhlandırırdı.
Sevinirəm ki, muxtar respublika üzrə ən yüksək nəticə göstərənlər sırasında mən də varam. Bu həm də mənim 11 il ərzində çəkdiyim zəhmətin bəhrəsidir. Çünki ötən illər ərzində tələbə adını qazanmaq arzusu ilə yaşamışam. Dərslərimi həmişə diqqətlə oxumuşam, müəllimlərimin verdiyi tapşırıqları yerinə yetirməyə çalışmışam. Buna görə də, təvazökarlıqdan uzaq olsa da, deyə bilərəm ki, yüksək bal toplayacağıma əmin idim.
Mənə belə gəlir ki, hər kəs uşaqlıqdan qarşısına bir məqsəd qoymalı, ona çatmaq üçün çalışmalıdır. Əks halda, gələcəkdə cəmiyyətdə layiqli vətəndaş və mütəxəssis ola bilməzsən. Mən də həmişə düşünmüşəm ki, yaxşı mütəxəssis olmaq istəyirəmsə, qarşıma məqsəd qoymalıyam. Belə də oldu. Məktəbdən evə gələn kimi dərslərimlə məşğul olmağa, bəzilərini isə təkrarlamağa başlayırdım. Bəzən gecələr də yatmaq istəmirdim. Çalışırdım ki, hər gün daha çox oxuyum. Və nəhayət, zəhmətimin bəhrəsini gördüm. Buna görə çox sevincliyəm.
Gələcəyin tibb işçisi, həkimi olacaq Təbriz Məmmədli isə Naxçıvan şəhər Cəmşid Naxçıvanski adına 11 nömrəli tam orta məktəbin məzunudur. Təbriz orta məktəbi yüksək nəticələrlə bitirib, 11-ci sinfi gümüş medalla başa vurub. O, 2012-ci ildə Ankara şəhərində keçirilən gənclərarası VIII Beynəlxalq Layihə Olimpiadasında iştirak edərək bürünc medalla təltif olunub. 2015-ci ilin sentyabr ayında Bakıda ingilis dili üzrə beynəlxalq “İELTS” imtahanında iştirak edib və 6,5 bal nəticə ilə beynəlxalq sertifikat alıb. Qəbul imtahanında 668 bal toplaması isə Təbrizin növbəti uğurudur. O, uğurlarının səbəbini belə izah edir:
– Bu gün təhsildə uğurların əldə edilməsində və bunun təməlində, sözsüz ki, sağlam müəllim-şagird münasibətləri xüsusi rol oynayır. Müəllimlərin yüksək intellekt və dünyagörüşə sahib olması ilə yanaşı, həm də onların şagirdlərdə fənnə maraq və həvəs yaratması da əsas şərtlərdəndir. Mənim müəllimlərim də məhz belə olublar.
Müəllimlər bizim təkcə təhsilimizə deyil, eyni zamanda təlim-tərbiyəmizə də diqqət yetirirlər. Bizi narahat edən mövzular olanda dinləyib köməklərini əsirgəmirdilər. Onlar bizə deyirdilər ki, uğura gedən yolda çətinliklərin, eniş-yoxuşların olması da təbiidir. Nailiyyət əldə etmək üçün çalışmaq, zəhmət çəkmək, zərərli vərdişlərdən uzaq durmaq lazımdır. Yaşıdlarım mənə harasa getmək barədə təklif edəndə mən dərslərə hazırlaşdığımı deyərək imtina edirdim.
Biz də digər yaşıdlarımız kimiyik. Düzdür, bizə yüksək bal topladığımıza görə çoxları heyranlıq və həsədlə baxırlar. Hətta sizin redaksiyaya gələndə qapıdakı gözətçi bizi görüb yanındakına “yüksək bal toplayan uşaqlardır”, – dedi. Heç nə deməyib gülümsədik. Cəmiyyətdə seçilmək, yaxşı mənada tanınmaq gözəl duyğudur. Bu, insana sevinc bəxş edir. Biz məzunların uğurları isə valideynlərimizi, müəllimlərimizi daha çox sevindirir.
Təbriz Məmmədli deyir ki, mən universitetdə də yüksək nəticələr göstərmək üçün çalışacağam. Çünki insanlara şəfa bəxş edən yaxşı həkim olmaq üçün tibb elminin sirlərinə dərindən yiyələnmək lazımdır. Yəni bundan sonra daha çox çalışmaq, oxumaq lazım gələcək. Ona görə ki, müasir tibb elminin sirlərini öyrənmək o qədər də asan deyil. Ancaq öyrənmək həvəsi, həkim olmaq arzusu mənim daha yaxşı təhsil almağıma imkan verəcək.
Rauf Əliyev